07.05.2021

"Balıq skeleti" diaqramı

“Balıq skeleti” diaqramı (diaqramın quruluşu balıq skeletini xatırlatdığı üçün bu cür adlandırılır) Tokio Universitetinin professoru Kaoru İşikava tərəfindən hazırlanmışdır. Diaqramdan aşağıdakı məqsədlər üçün istifadə olunur:

- mövcud problemlərin yaranma səbəblərini müəyyən etmək;

- problem və ona təsir edən müxtəlif amillər arasındakı məntiqi əlaqələri təhlil etmək;

- hər hansı bir fəaliyyətin nəticəsinə təsir göstərən bütün vacib amillərə aydınlıq gətirmək;  

- problemin həlli üçün doğru və səmərəli yollar tapmaq.

Diaqramın qurulması:

1. Problemin təsvir edilməsi: Bu diaqramla işləməzdən əvvəl dərsin və ya görüşün mövzusu ilə əlaqədar problemi müəyyənləşdirmək lazımdır. Müəyyən edilən problem balığın baş hissəsində qeyd olunur. Məsələn: heyvanların sayının ildən-ilə azalması, içməli su ehtiyatlarının tükənməsi, Birinci dünya müharibəsinin başlanması və s.

2. Əsas amillərin müəyyənləşdirilməsi. Üfüqi xəttin yuxarısında və aşağısında nəticəyə təsir edən əsas amillər kateqoriyası göstərilir. Buraya adətən "insanlar", "üsullar", "mexanizmlər", "materiallar", "nəzarət" və "mühit" aid edilə bilər:

1. "İnsanlar" – yəni insan amilinin təsirindən yaranan səbəblər. Məsələn, təcrübə səviyyəsi, fiziki vəziyyət, qabiliyyət, motivasiya, sağlamlıq, ehtiyaclar və s.

2. "Metodlar" – işin aparıldığı üsulun yaratdığı səbəblər, proseslə bağlı əməliyyatların dəqiqliyi və ya yerinə yetirilməsi ilə bağlı hər şeyi ehtiva edir.

3. "Mexanizmlər" – bu prosesdə istifadə edilən avadanlıq, avadanlıqlarla əlaqəli səbəblər qrupu. Məsələn, işləmə və ölçü alətinin mövcudluğu və vəziyyəti, bəzi əlavə cihazların istifadəsi və s.

4. "Materiallar" – prosesdə iştirak edən materialın ölçülə bilən parametrlərini və keyfiyyətlərini müəyyən edən amilləri ehtiva edir. Məsələn, istiliyi, tərkibi, elastikliyi, rütubəti və s.

5. "Nəzarət" – düzgün nəzarətin olmaması nəticəsində problemlərin vaxtında aşkarlanmaması kimi halları ehtiva edir.

6. "Ətraf mühit" – təbiət qanunları nəticəsində yaranan amillər qrupudur. Məsələn, təzyiq, havanın istiliyi, su, işıqlandırma dərəcəsi.

Bu kateqoriyalar mövzuya uyğun olaraq dəyişdirilə, həmçinin artırıla və ya azaldıla bilər.

3. Əsas amillərin daha ətraflı təsvir edilməsi. Tədqiq olunan problemin səbəbləri müvafiq kateqoriyaların (əsas amillərin) altından qeyd olunur. Əsas səbəblər müəyyən edilənə qədər fikirlərin diaqramda qeyd olunması davam etdirilir. Bütün amillər müəyyən edilməli və diaqramda qeyd olunmalıdır, hətta bəziləri əhəmiyyətsiz görünsə belə.

4. “Niyə?” sualının verilməsi. Göstərilən hər bir səbəb üçün “niyə?” sualı soruşulur (məsələn, artıq çəki problemi ilə bağlı səbəb kimi çox və ya az yemək deyilirsə, bu zaman “niyə?” sualı verilir). “Niyə?” sualı səbəbin kökünü müəyyən etməyə imkan yaradır. Hər dəfə analizin bu və ya digər mərhələsində “niyə?” sualını vermək lazımdır. Məsələn: Niyə bu səbəb konkret bu problemin yaranmasına gətirib çıxarır? Hər bir amili incələyərək bu sualı bir neçə dəfə vermək olar, o vaxta qədər ki, bu səbəblərin daxili əlaqəsi ortaya çıxsın.

5. Bu problemin həll olunmasında hər kəsin məsuliyyətinin müəyyənləşdirilməsi. Problemin həllində edə biləcəyimiz işlər müəyyənləşdirilir və şagirdlərin məsuliyyətində olan işləri icra etmələrinə şərait yaradılır. Səbəblərin analizinin keçirildiyi formaya analoji olaraq, planlaşdırılmış vəziyyətə çatmaqla bağlı qoyulmuş suallara verilən cavabları da təhlil etmək olar. Bu zaman “necə?” sualı bir neçə dəfə verilir,  o vaxta qədər ki, ağlabatan, məqsədəuyğun və məntiqi cavab əldə edilir. Ola bilsin ki, məhz bu cavab müəyyən istiqamət və hərəkət üçün konkret tövsiyə olsun.

“Balıq skeleti” (Fishbone) diaqramının üstünlükləri:

  • nəticə və onun səbəbləri arasındakı əlaqəni aydın şəkildə göstərməyə kömək edir;
  • problemə təsir edən amillər zəncirini təhlil etməyə imkan verir;
  • yaradıcı təfəkkürü stimullaşdırır;
  • tənqidi təfəkkürü inkişaf etdirir;
  • problemin həllində öz məsuliyyətini dərk etməyə və gələcək fəaliyyəti planlaşdırmağa kömək edir.

Sinifdə istifadə etmək üçün sadə sxem:

Öyrənilən məsələ şərti olaraq horizontal düz xətt - ox kimi verilir. Birbaşa məsələyə təsir edən amillər meyilli oxlarla işarə edilir.

Nümunə:

6-cı sinif Həyat bilgisi

Mövzu: Yoluxucu xəstəliklərdən qorunmaq

Mənbə: https://asq.org/quality-resources/fishbone    

  https://www.mindtools.com/pages/article/newTMC_03.htm

Hazırladı: TİPİM-in əməkdaşı Aynur Rəhimova