10.08.2021

Tədris prosesi və onun əsas anlayışları

Məktəbin uğurunun təmin edilməsi tədris prosesinin düzgün qurulması ilə sıx əlaqəlidir. Tədris prosesi və onun anlayışları ilə bağlı nə qədər çox məlumatlı olsaq, təlimi bir o qədər uğurlu təşkil edə bilərik. Bunun üçün bizə tədrisin əsas anlayışlarından olan strategiya, metod, texnika, tədris modeli, tədris taktikasının nələrdən ibarət olduğunu, necə tətbiq olunduğunu bilmək olduqca zəruridir. Qeyd olunan anlayışlara nəzər salaq.

Strategiya: Məqsədlərə çatmaq üçün istifadə ediləcək üsul, texnika, alət və avadanlıqların müəyyənləşdirilməsinə istiqamət verən ən ümumi yoldur. Tədris strategiyalarının məqsədi tədris prosesini daha səmərəli etməkdir. Bir dərs üçün nəzərdə tutulan tədris strategiyası təlim-tədris prosesindəki bütün elementləri (üsul, texnika, resurs, zaman, məkan) özündə ehtiva edir. Dərsin, mövzunun tədrisində istifadə ediləcək metod, texnika, resurslar strategiyaya görə müəyyənləşdirilir.

Strategiya anlayışını iki cəhətdən nəzərdən keçirmək olar. Birincisi, strategiya tək bir yol deyildir. Bir məqsədə çatmaq üçün bir çox yol strategiya ola bilər. İkincisi, strategiya anlayışı uzunmüddətli məqsədlərimizin necə reallaşdığını açıqlamaq üçün istifadə edilir. Bu mənada strategiya seçdiyimiz yolun əsas istiqamətini və sərhədlərini müəyyənləşdirir. Strategiyalardan bəziləri müəllim mərkəzli, bəziləri isə şagird mərkəzlidir. Məqsədlər seçiləcək strategiyanın növünü müəyyənləşdirməkdə bir mənbə rolunu oynayır.

Təlim strategiyası müəllimin dərsin və ya hər hansı bir mövzunun öyrədilməsində hədəfə çatmaq üçün seçəcəyi təlim metodu, müxtəlif texnikalar və hətta qiymətləndirmə formasının bir-biri ilə uyğunluq içində olmasıdır.

Tədris üsulu (Metod): Metod tədris strategiyasına əsaslanaraq şagirdi məqsədlərə çatdırmaq üçün izlənilən ən qısa və nizamlı yoldur. Tədris metodları və texnikaları tədris strategiyalarının təməl daşlarıdır. Bəzi mütəxəssislər tədris metodunun "tədris texnikası" olduğunu iddia edir, bəziləri isə texnikanı daha böyük metod daxilində bəzi kiçik işləri görmək üsulu kimi başa düşürlər. Yəni bir metod daxilində müxtəlif texnikalardan istifadə edilə bilər. Bütün dərslərdə vahid metod və ya texnikadan istifadə edən müəllimin ümumi planı, strategiyası olsa da, çox uğurlu ola bilməz. Əgər işlər planlaşdırıldığı kimi getmirsə, dərhal planı nəzərdən keçirməli və hədəfə çatmaq üçün lazımi düzəlişlərini - metod və ya texnika dəyişiklikləri edə bilməlidir [1].

Tədris texnikası:  Bir metodun dərsdə tətbiqi formasına və ya sinif içində edilən fəaliyyətlərin cəminə tədris texnikası deyilir. Başqa sözlə desək, tədris fəaliyyətinin qurulmasında izlənilən ən xüsusi yola  təlim texnikası deyilir. Bir neçə texnika bir araya gələrək tədris metodunu yaradır. Məsələn, aşağıdakı texnikalar “Beyin həmləsi” metodunun tərkib hissələridir:

- BİBÖ

- Auksion

- Klaster

- Suallar

- Anlayışın çıxarılması

- Söz assosiasiyaları

- Sinektika [2].

Texnikanın strategiya və metoddan fərqi praktikliyi və uzun zaman almamasıdır.

Tədris modeli: Tədris modeli tədris strategiyaları, metodları və texnikalarının seçilməsi və tətbiq edilməsində əhəmiyyətli olan fəlsəfi bir baxış mövqeyi olaraq qəbul edilir.

Tədris taktikası: Müəllimin dərs keçərkən özünəməxsus şəkildə yaratdığı və tətbiq etdiyi bütün texnikaların cəmidir. Məsələn, müəllimin tarix dərsini mahnı söyləyərək izah etməsi.

Aşağıda təqdim olunan cədvəl tədris prosesinin əsas anlayışlarının bir-biri ilə vəhdətini ifadə edir.

Metod seçimi: Metod seçimi dərsin səmərəli təşkili üçün müəllimin ən uyğun metodu seçə bilməsidir. Metod seçiminə təsir göstərən amillərə diqqət yetirək:

  1. Dərsin məqsədi. Dərsin məqsədi metod seçiminə təsir göstərən ən vacib amildir. Tədris prosesində əvvəla şagirdə qazandırılması istənilən idraki, emosional və psixomotor məqsədlər müəyyənləşdirilməli, sonra isə bu məqsədlərə çatmağı təmin edəcək uyğun metod və texnikalar seçilməlidir.
  2. Mövzunun quruluşu. Dərsin məzmununun şifahi, rəqəmsal, psixomotor olmasından asılı olaraq metod seçimi də dəyişir. Məsələn, tarix dərsində şifahi şərh metodu, psixomotor hədəflərdə rollu oyun və s.
  3. Şagird xüsusiyyətlərinə uyğunluq. Şagirdlərin maraqları, ehtiyacları, hazırlıq səviyyəsi müəllimin seçəcəyi metodun müəyyənləşdirilməsində vacib amildir. Məsələn, ibtidai sinif şagirdləri üçün müzakirə uyğun bir texnika deyildir.
  4. Fiziki vasitələr. Sinifin böyüklüyü, şagird sayı, məktəbin maddi-texniki bazası metod seçiminə təsir göstərir.
  5. Müəllimin metoda meylliliyi. Müəllimin ixtisas biliyinin yetərli olması, mövzuya hakimliyi ona ən uyğun metodu seçməyə imkan verəcəkdir. Müəllim öyrəşmədiyi bir metod və ya texnikanı istifadə etməkdə çətinlik çəkir. Məsələn, sakit təbiətli, çox danışmağı sevməyən bir müəllim debat, diskussiya, akvarium kimi üsulları istifadə etməyə meylli olmur [3]

Haqqında danışılan anlayışların mahiyyətinə uyğun olaraq tətbiq edilməsi şagird nailliyyətlərinin yüksəldilməsi və öyrənmə mühitinin təşkili istiqamətində müəllimin işini xeyli asanlaşdırır. Əgər qeyd olunan istiqamətlərdə problem varsa, məqalədə danışılan amillərə istinad edərək, dərsin planlaşmasını yenidən nəzərdən keçirmək faydalı olacaqdır.

Aynur Həşimova

Metodik Dəstək Mərkəzi

Azərbaycan Respublikasının Təhsil İnstitutu

Ədəbiyyat:

  1. Prof.Dr. Mustafa Ergün, Öğr.Gör. Ali Özdaş, Öğretim ilke ve metodları, İstanbul, 1997
  2. Veysova Z A, Fəal (interaktiv təlim). Müəllimlər üçün vəsait, UNİCEF, 2007
  3. Dr. Ismail Al-Rawi, Arab Open University, “Teaching Methodology and its Effects on Quality Learning”, Journal of Education and Practice www.iiste.org ISSN 2222-1735 (Paper) ISSN 2222-288X (Online) Vol.4, No.6, 2013