Məktəbdə qısnama (bullying) ilə mübarizə aparmağın yolları
Qısnama (bullying) məktəb yaşlı uşaqlarda geniş yayılan davranış pozuntusudur. Ölkəmizdə bu mövzu yetərincə araşdırılmadığından müəllim, valideyn və şagirdlərin əksəriyyəti prosesin içində olsalar da, bunun fərqində olmurlar. Çünki çox vaxt valideyn və müəllimlər uşaqlar arasındakı bu cür münasibətləri adi konflikt olaraq görür, zamanla özlərinin həll edəcəklərini düşünürlər. Təəssüf ki, bəzən adi konflikt kimi görünən münaqişələr zamanla qısnamaya çevrilir. Qısnama adi konfliktlərin davamlı təkrarlanması və alışqanlığa çevrilməsi ilə müşahidə olunur.
ABŞ-da 12-18 yaşlı gənclər (yeniyetmələr) arasında aparılmış sorğuya əsasən, onların 30%-i qısnama ilə üzləşmişdir. 20%-i isə yüngül və ya ağır olmaqla qısnama törətdiyini etiraf etmişdir. Maraqlı cəhət burasındadır ki, qısnamanı törədən şagirdlər bunu etiraf etməyə olduqca istəkli görünmüşlər. UNESCO Statistika İnstitutuna görə dünya gəncliyinin 1/3-i qısnamaya məruz qalır. Dünya ölkələrinin sıralamasında ən az Tacikistanda (7%), ən çox isə Samoada (74%) müşahidə olunur. İnkişaf etmiş ölkələrdə sosial-iqtisadi status qısnamanın əsas səbəbidir. Bu ölkələrdə yerli əhali ilə müqayisədə qaçqın ailələrindəki uşaqlar qısnamaya daha çox məruz qalırlar.
Qeyd edək ki, qısnama ilə təkcə məktəbdə deyil, universitet, ailə, iş və sosial həyatda da rastlaşa bilərik. Bizim mövzumuz məktəblərdə üzləşdiyimiz qısnama, onun yaranmasının səbəbləri və mübarizə yolları haqqındadır.
Tədqiqatlara görə 10-19 yaşlı məktəblilər arasında daha çox qızlar qısnamaya məruz qalırlar. Oğlanlar isə daha çox qısnama törədən tərəf kimi çıxış edirlər. Qısnamaya məruz qalanlar daha çox maddi cəhətdən zəif, valideynlərindən birini və ya hər ikisini itirmiş, fiziki və ya əqli sağlamlığında qüsur olan uşaqlardır. Xüsusilə, kəkələmə kimi fiziki qüsurları olanlar daha çox hədəf alınır. Məktəb illərində kəkələyən uşaqların çoxu yaşıdları ilə yanaşı bəzən vəziyyəti başa düşməyən müəllimləri tərəfindən də lağ obyektinə çevrilir.
Məktəbyaşlı uşaqlarda qısnamanın fiziki, sosial və sözlü (verbal) formaları daha çox müşahidə olunur.
- Fiziki qısnama dedikdə kiminsə bədən və ya əşyalarına zərər vermək nəzərdə tutulur.
- Sosial qısnama isə bir fərdi insanlararası münasibətlərdən kənarda buraxmaq, digərlərinə onunla yaxın olmamağı söyləmək, cəmiyyət içində utandırmaq kimi halları əhatə edir.
- Verbal qısnamada kiməsə xoşagəlməz sözlər demək, yazmaq, alçaldıcı adlarla çağırmaq, ləqəb qoymaq, zərər verməklə təhdid etmək hallarına rast gəlinir.
Məktəbdə qısnama ilə mübarizə aparmaq təkcə psixoloqun işi deyil. Bu mövzuda bütün müəllimlər, məktəb rəhbərliyi, həmçinin, valideynlər birlikdə işləməlidirlər. Azərbaycanda son illərə qədər bu mövzu demək olar ki, araşdırılmamışdır. Lakin son dövrlərdə bəzi qısnama hadisələrinin ictimailəşdirilməsi nəticəsində mövzu aktuallıq qazanmış, onunla mübarizə yolları axtarılmağa, xarici ölkələrin təcrübəsindən istifadə olunmağa başlanılmışdır. Məktəblərimizdə psixoloji xidmətin ürəkaçan səviyyədə olmamasının səbəblərindən biri illərlə məktəb psixoloqu vəzifəsini digər fənn müəllimlərinin yerinə yetirməsi olmuşdur. Lakin ölkənin bir çox ali məktəblərində “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının açılması və məktəbləri ali təhsilli psixoloqlarla təmin etməyə başlaması sevindirici haldır.
Məlum məsələdir ki, qısnama ilə mübarizə ilk növbədə müşahidə ilə başlayır. Qısnama qurbanları adətən fiziki cəhətdən daha zəif, daha həssas, kefsiz, narahat və özlərinə qapanıq olurlar. Ümumiyyətlə onlar passiv və itaətkar fərdlər kimi xarakterizə olunurlar.
Uşağın qısnamaya məruz qaldığına işarə ola bilən əlamətlər bunlardır: açıqlaya bilmədiyi fiziki zədələr, narahatlıq və travma sonrası stress əlamətləri, geyimlərin itirilməsi və ya məhv edilməsi, yemək vərdişlərindəki dəyişikliklər, zəif qiymətlər, məktəbdə davamlı olaraq dərsdən yayınma, özünə zərər, intihar düşüncələri və həddindən artıq üzrxahlıq.
Uşağın başqalarına qısnama etdiyini göstərən əlamətlərə aid edilə bilər: fiziki və ya şifahi davaya girmək, direktorun otağına tez -tez göndərilmək, başqalarına təcavüz edən dostlarının olması və normal fəaliyyətlərdə getdikcə aqressivləşmək.
Uşağın zorakılığa şahid olduğunu göstərən əlamətlərə isə aşağıdakılar daxildir: dərslərindəki geriləmə, emosional sıxıntı, depressiya, travma sonrası stress, narkotik və alkoqol istismarı və intihar düşüncəsi.
Məktəblərdə risk qrupuna daxil olan uşaqlar daim nəzarətdə saxlanılmalıdır. Çünki daha çox risk qrupuna daxil olan məktəblilər qısnamaya məruz qalırlar. Risk qrupuna maddi çətinliyi olan, valideyn himayəsindən məhrum olan uşaqlar, fiziki və ya əqli cəhətdən sağlamlıq imkanları məhdud uşaqlar daxildir.
Qısnama ilə mübarizə aparmağın 2 əsas üsulu vardır; prosesin qarşısını almaq (hadisə baş vermədən müdaxilə etmək) və proses gedərkən hadisəyə müdaxilə etmək. Ən effektli mübarizə isə həmişəki kimi, təhsil və düzgün maarifləndirmə işlərinin aparılmasıdır. Şagird, müəllim, valideyn, o cümlədən digər məktəb işçilərinə qısnamanın baş verməsinə səbəb olacaq nüanslara diqqət etmək, xoşagəlməz hadisə ilə qarşılaşdıqları zaman nə vaxt və necə müdaxilə edilməsinin lazım olduğunu mənimsətməkdir.
Qısnama baş verdiyi zaman uşaqlar bunun adi konflikt deyil, məhz qısnama olduğunu, eləcə də, necə davranacaqlarını bilsələr, məsələ daha tez həll olunar. Buna görə də ibtidai sinifdən başlayaraq şagirdləri bu mövzuda maarifləndirmək müəllim və valideynlərin önəmli vəzifələrindən biri olmalıdır. Bunun üçün fərdi və ya qrup şəklində söhbətlər təşkil oluna, qısnamanın neqativ nəticələrini və onunla mübarizə yollarını əks etdirən məlumatlandırıcı lövhələr hazırlanıb sinif otaqlarına, məktəb koridorlarına asıla bilər. Digər bir üsul şagirdlərlə rollu oyunlar oynayaraq onlara empatiya hissini aşılamaqdır. Çünki çox vaxt şagirdlər qısnamanın şahidi olsalar da, bunu görməzdən gəlirlər. Lakin empatiya hissi sayəsində şagird özünü qısnama qurbanının yerinə qoya, onun hiss etdiklərini anlaya, ən önəmlisi, kömək edə bilər. Mobil telefonların kiber təcavüzün artmasına əsaslı təsir etdiyi hər birimizə məlumdur. Ona görə də məktəblərdə dərs saatları ərzində mobil telefonlardan istifadəyə olan qadağa daha məqsədəuyğun görünür. Məktəbdə və ailədə elə mühit yaradılmalıdır ki, qısnama qurbanı və ya şahidi olmuş şagirdlər bu xoşagəlməz hadisəni müəllim və ya ailə üzvlərinə deyə bilsinlər. Qısnama şahidi olan şagirdlər özlərini kənar izləyici kimi görsələr də, hadisə onlara neqativ təsir göstərir. Bu, onlarda əvvəllər yaşanmış oxşar hadisənin yenidən xatırlanmasına, depressiya, panik atak və digər sağlamlıq problemlərinə gətirib çıxara bilir.
Bir valideyn üçün övladının qısnamaya məruz qaldığını öyrənmək, qəbul etmək çətindir. Bu zaman problemi gizlətmək və ya qaçmaq, ən yaxşı halda məktəbi dəyişdirmək əvəzinə bu mövzuda edilə biləcək bir çox şeyin olduğunu bilmək vacibdir. Birincisi, mümkün qədər ətraflı məlumat əldə etmək üçün zorakılıq nümunəsini sənədləşdirdiyinizə əmin olun. Qısnamanın uşağın təhsilinə necə təsir etdiyini anlamaqda məktəbə kömək etmək üçün sənədləşdirmə aparmalısınız. Qısnamanın hər hansı bir qanunu pozub - pozmadığını yoxlayın və nəhayət, uşağınızın məktəbinə zorakılıqla bağlı şikayət göndərin.
Müəllif: Yahyalı Cəlalə
Aparıcı mütəxəssis
Metodik Dəstək Mərkəzi
Azərbaycan Respublikasının Təhsil İnstitutu
İstifadə olunmuş ədəbiyyat siyahısı:
- Brown, C. (2015). Bullying hurts everyone, Even Bystanders. https://www.psychologytoday.com/us/blog/beyond-pink-and-blue/201504/bullying-hurts-everyone-even-bystanders
- Facts About Bullying (2019).
- Definition of bullying