25.08.2021

Hovard Qardner "Çoxnövlü intellekt" nəzəriyyəsi

Son zamanlar pedaqoji ədəbiyyatlarda geniş istifadə olunan intellekt anlayışı özündə insanın əqli qabiliyyətlərini, yəni yeni bilikləri öyrənmək, bacarıqlara yiyələnmək, ətraf mühitə uyğunlaşmaq, ətraf mühit şərtlərindəki dəyişiklikləri öyrənmək, onlara münasibət bildirmək, və s. qabiliyyətlərini ehtiva edir. Əslində intellekt anlayışınıın mahiyyəti yalnız bununla məhdudlaşmır.

İntellekt anlayışına müxtəlif prizmalardan yanaşmalar mövcuddur. Onların hamısı intellektin Çoxnövlü və çox geniş bir anlayış olduğunu vurğulayır. Bütün elm adamları bir məsələdə həmfikirdirlər ki, intellektin funksiyaları çoxdur və bunları yalnız yeni bilikləri mənimsəmə qabiliyyəti ilə məhdudlaşdırmaq yolverilməzdir.

İntellekt yalnız öyrənmə qabiliyyəti deyil, həm də insanlarla ünsiyyətqurma bacarığıdır. Bunların hər ikisi intellektin inkişafı üçün mütləqdir.

İlk intellekt (İQ) testləri fərqli qabiliyyətli uşaqları fərqli siniflərə və məktəblərə (adi və ya xüsusi təhsil müəssisələrinə) təyin etmək məqsədilə 1904-cü ildə hazırlanmışdı. Zaman keçdikcə testlərin məzmunu əhəmiyyətli dərəcədə dəyişsə də, əsas məqsədi dəyişməz qaldı. Bu testlərin məqsədi intellektin səviyyəsinin ölçülməsi idi.

İntellekt testləri uşağın biliyini müəyyənləşdirməklə yanaşı, müəyyən qabiliyyətlərin formalaşmasına da imkan verir (yaxşı danışmaq və sözlərlə işləmək bacarığı, oxşarlıq və fərqlilikləri tapmaq və s.). Bununla yanaşı əldə olunan nəticənin keyfiyyəti deyil, yalnız kəmiyyəti göstərdiyini də unutmamalıyıq. Bu nəticələr uşağın gələcək inkişafı haqqında danışmağımıza imkan vermir və onun konkret nəticələr əldə etməsinin səbəblərini izah etmir.

Aydındır ki, intellekt yalnız məktəbdə və ya universitetdə təhsilalma qabiliyyəti deyil. İntellekt hər bir insan üçün fərdi xüsusiyyət daşıyır. Uşağın intellektinin inkişafı onun bütün cəhətlərini yaxşılaşdırmağa yönəldilir. Buna görə də, məsələn, məktəbdəki müvəffəqiyyəti ilə fərqlənməyən uşaqlar haqqında intellektin aşağı səviyyəsindən danışmaq kökündən səhvdir.

Hovard Qardner tərəfindən 1983-cü ildə bir intellekt modeli olaraq təklif olunan “Çoxnövlü intellekt” nəzəriyyəsi fərqli inkişaf səviyyəsindəki (istedadlı, zəka geriliyi olan, müxtəlif sinir mənşəli xəstəlikləri olan və s.) çox sayda insan beyni üzərində uzun illər davam edən araşdırmalara əsaslanaraq o zamana qədər mövcud olan monointellekt konsepsiyasını təkzib etməyə imkan verdi.

Professor Hovard Qardner Harvard universitetində koqnitiv psixologiya və təhsil nəzəriyyəsi müəllimidir. O, nəzəriyyəsini insanların yaradıcılıq potensialının öyrənilməsinin bir hissəsi kimi inkişaf etdirdi. Bu nəzəriyyə əqli qabiliyyətləri ümumi bir qabiliyyətin üstünlüyü kimi deyil, müxtəlif spesifik şərtlərdə nəzərə alır. Onun nəzəriyyəsindəki zəka sadəcə dil bacarığı və ya riyazi biliklərdən ibarət deyil, bizim asan əldə etdiyimiz bacarıqlar toplusu - qabiliyyətlər hesab olunur. Qardner idrak qabiliyyətinin geniş prizması olduğunu iddia edir. Bu nəzəriyyə zəkanı ölçmür və bütün insanları müəyyən bir səviyyəyə endirməyə çalışmır. Əsas fikir bir insanda bir neçə müstəqil intellektin olmasıdır. İnsanın bacarıqları onun intellekt növlərinin birləşməsindən asılıdır. Bu nəzəriyyə bir insanın İQ testi ilə ölçülə bilən tək bir intellektə sahib olması inancına ziddir. Qardnerə görə öyrənmə prosesində istənilən intellekt növünü inkişaf etdirə bilərsiniz, əsas odur ki, alət və metodları düzgün seçəsiniz.

İnsanların zəkası digər insanların zəkası ilə müqayisə edildiyi üçün daha ağıllı hesab olunur. Çoxları üçün parlaq zəkasının olduğunu və ya sadəcə ağıllı olduğunu eşitmək çox vacibdir. Lakin bütün insanların istedadlı olduğu özünəməxsus bir sahə vardır. Bunlar özümüzü sakitləşdirmək üçün inandığımız bəhanələr deyil.

Məsələn, nəzəriyyəyə görə riyazi tapşırıqları yerinə yetirməyi asanlıqla bacaran bir uşaq bu prosesi böyük çətinliklə yerinə yetirən bir uşaqdan daha ağıllı deyil. Sadə riyazi tapşırıqları yerinə yetirməyi mənimsəmək üçün daha çox vaxt ayıran uşaq fərqli yanaşma yolu ilə riyazi tapşırıqları daha yaxşı öyrənə bilər, riyaziyyatdan kənar fəaliyyət sahələrində fərqlənə bilər, o bəlkə də riyazi tapşırıqları həlletmə prosesinə tamamilə fərqli bir proses kimi baxır. Bu cür əsaslı şəkildə dərindən anlama, zahirən ləng kimi görünə bilər. Ancaq bu riyazi tapşırıqları həlletmə prosesini dərindən dərk etməməsinə baxmayaraq, vurma cədvəlini tez xatırlayan bir uşağın daha yüksək potensiallı riyazi zəkaya malik olduğunu demək olmaz.

Qardnerin “Çoxnövlü intellekt” nəzəriyyəsi hər kəsin eyni tapşırığı fərqli yerinə yetirməsinin səbəbini izah edir. Bir çox müəllim nəzəriyyənin təklif etdiyi yanaşmaların praktik dəyərini dəstəkləyir, şagirdlərinə fərdi yanaşmaq üçün bu nəzəriyyədən istifadə edirlər. Müəllimlərin gündəlik təcrübəsi bunu təsdiqləyir. Şagirdlər və tələbələr müxtəlif cür düşünür və müxtəlif yollarla öyrənirlər.

Hovard Qardner intellektin növlərini araşdıraraq insanların malik olduğu bacarıq və istedadları tam əhatə etmək üçün doqquz intellekt növünü müəyyən etdi. O qeyd edir ki, bütün insanlar fərqli intellektlərə malikdirlər və heç vaxt uşağa, məhdud qabiliyyətlərə sahib biri kimi yanaşılmamalıdır. Uşağın təhsili və inkişafına fərdi yanaşmanı təmin etməklə onun bir çox tərəfini və maraqlarını göstərə biləcəyi şərait yaratmağımız vacibdir.

Hər bir insanda bir əsas intellekt növü dominantlıq təşkil edir, lakin bir neçəsi də dominant ola bilər. Məsələn, riyazi intellektlə yanaşı dil və söz qabiliyyətləri də yüksək ola bilər.

Hər bir uşağın intellektlərinin özünəməxsus birliyi var. İnsanın qabiliyyətləri, bacarıqları, istedadları bir və ya bir neçə intellektin eyni zamanda inkişaf səviyyəsi və dərəcəsi ilə müəyyən edilir. Bu, bəzi uşaqların məntiqə və riyaziyyata, digərlərinin təbiətə, bəzilərinin sənətə və yaradıcılığa meyilli olmasını izah edir. Bu unikal nəzəriyyədən istifadə edərək, uşağın öyrənmə və inkişafını ahəngdar və fərdi bir yanaşmanı təmin edəcək şəkildə təşkil etmək lazımdır. Nəticədə Qardnerə görə fərqli intellekt növünün yaxşı inkişaf etdiyi uşaqlar üçün tapşırıqlar və məşqlər əhəmiyyətli dərəcədə fərqlənəcəkdir.

Hovard Qardner hər hansı bir intellektin inkişaf dərəcəsinin onun həyatda istifadə tezliyindən asılı olduğunu vurğulayır. Bu nə qədər tez-tez baş verərsə, gələcəkdə başqa bir intellekt növünü formalaşdırmaq üçün bir o qədər çox fürsət yaradır. Əslində bütün intellekt növləri bir-biri ilə yaxından əlaqəlidir. Birinin inkişafı digər əlaqəli intellekt növlərini də mütləq inkişaf etdirir. Müəllimlərin və valideynlərin vəzifəsi uşağın istedadını maksimum dərəcədə aşkarlamaq və Qardnerin intellekt növlərinin xüsusiyyətlərini nəzərə alaraq ən uyğun şəkildə inkişaf etdirməkdir. Təlim proqramını və uşağın məlumatı qavraması üçün ən inkişaf etmiş üsulları nəzərə alaraq tədris metodlarının seçilməsi Hovard Qardnerin Çoxnövlü intellekt nəzəriyyəsinin əsasını təşkil edir.

Orta statistik göstəricilərə görə uşaqlarda bir neçə intellekt növü çox yaxşı inkişaf etmişdir. Bir neçə qabiliyyət vardır ki, asanlıqla aşkarlanır və inkişaf edir, bəzi qabiliyyətlər isə səy göstərməklə, bəziləri isə çox böyük səylər nəticəsində aşkarlanır. İntellektin inkişafı uşaq üçün yaradılan şəraitdən asılıdır. Müəllim uşağın yaxşı inkişaf etmiş intellektini müəyyən edərək bu qabiliyyəti daha da inkişaf etdirməyə çalışmalı, uyğun metodlar seçməlidir. Hər bir uşağa uyğun olan mükəmməl təlim tərzini seçmək vacibdir. O zaman uşağın inkişafı mümkün qədər effektli olur.

Hovard Qardner “Çoxnövlü intellekt” nəzəriyyəsində aşağıdakı intellekt növlərini bir-birindən fərqləndirmişdir.

1. Verbal-linqvistik intellekt. Dil vasitəsilə biliklərin əldə edilməsi, həm yazılı, həm də şifahi nitqdə dil qaydalarından düzgün istifadə, dilin sosial-mədəni xırdalıqlarını anlama verbal-linqvistik intellektin göstəricilərinə aid edilir. Əgər uşaqda bu intellekt növü güclü inkişaf edibsə, o zaman onun oxumaq, danışmaq və yazmaq bacarıqları da güclü inkişaf edib. Belə uşaqlar sözlər vasitəsilə düşünür, erkən yaşda yazmaq və oxumaq vərdişlərinə yiyələnə bilirlər. Bu zəkaya sahib olan uşaqlar böyük bir söz ehtiyatına sahib olduqları üçün bütün problemləri müzakirə və inandırma yolu ilə həll edir, aldıqları informasiyalarla effektiv işləməyi bacarırlar. Onlar üçün öyrənmənin müzakirə və diskussiya formasında aparılması önəmlidir. Ən yaxşı tədris metodu mətn oxumaq, inşa yazmaq və ya diskussiyalar aparmaqdır. Bu intellekt növünün təzahürləri olan uşaqlar həm xarici, həm də yerli dilləri asanlıqla öyrənə bilirlər.

2. Məntiqi-riyazi intellekt. Təsnif etmək, proqnozlaşdırmaq, tənqidi düşünmək, təhlil edərək nəticə çıxarmaq, müxtəlif mövzularda mühakimə yürütmək, qanunauyğunluqlara əsasən məlumatları analiz etmək, konseptual düşüncə, riyazi çalışmaları və kompleks hesablamaları sürətli həlletmə qabiliyyətləri bu intellekt növü üçün xarakterikdir. Bu intellekt növü yaxşı inkişaf etmiş şagirdlərin maraq dairəsi çox geniş olur, özlərinə maraqlı olan sualların cavabını tapana qədər axtarışda olurlar. Belə şagirdlər həyatlarında baş verənləri anlamaq üçün müxtəlif şablonlardan istifadə edirlər. Bunlara düşüncə, vizual, rəng şablonlarını daxil etmək olar. Məntiqi-riyazi intellekt növü real həyatdakı konkret şablonlarla başlayır, lakin gördüyümüz bütün şablonlar arasındakı əlaqələri başa düşməyə çalışdıqca, get-gedə abstraklaşır. Əgər şagird məntiqi-riyazi intellektə malikdirsə, daha çox konseptual və abstrakt düşünməyə meyilli olur, həmçinin digərlərinin gözdən qaçırdığı şablon və əlaqələri görməyi bacarır. İnkişaf etmiş məntiqi-riyazi intellektə sahib uşaqlar asanlıqla səbəb-nəticə əlaqələrini təyin edir, sistemləşdirməyə can atır, abstrakt məlumatlarla zehni əməliyyatlar aparırlar. Onlar təcrübələr aparmağı, tapmacalar və məsələlər həll etməyi, mövcud şəraitdə insanların davranışlarını təhlil etməyi və nəticə çıxarmağı xoşlayır,  rəqəmlər və riyazi düsturlarla işləməyi, riyazi əməliyyatlar aparmağı xoşlayır, müxtəlif qrafiklər və statistik məlumatlarla asanlıqla işləyir, eləcə də, mürəkkəb məsələləri həll etməyin gətirdiyi çətinliyi sevirlər. Sistemli və mütəşəkkil xarakterə malik olmaqla yanaşı, həm də hər bir hərəkət və düşüncələrini həmişə məntiqlə əsaslandırmağı, “niyəsini” izah etməyi bacarırlar.

3. Məkan-vizual intellekti. Məkan-vizual intellekt növü obrazlı düşünmə qabiliyyəti ilə şərtlənir. Bu, gözlərimizlə gördüyümüz forma, şəkil, model, dizayn və teksturalar vasitəsilə, eyni zamanda təxəyyülümüzdə canlandıra bildiyimiz bütün şəkillər vasitəsilə əldə olunan bilikləri təmsil edir. Bu intellekt növü güclü inkişaf etmiş şagirdlər şəkillər və rəsmlər vasitəsilə düşünməyə meyilli olub, rənglərin ahəngliyini hiss edir, obyektlər arasında mövcud olan incə rəngləri, xətləri və münasibətləri, ətrafdakı müxtəlif obyekt, forma, rəng, teksturalar və modelləri çox yaxşı fərqləndirirlər. Vizual-məkan intellekti olan uşaqlar yaxşı inkişaf etmiş motor bacarıqlarına sahibdirlər. Onlar quraşdırmağı, maraqlı dizayn, model və rəsm çəkməyi, rəngləməyi, parçalarla, çertyojlarla, rəngli markerlər və gillə işləməyi sevir, pazllar quraşdırmaqdan, xəritədən istifadə etməkdən və labirint oyunlarından zövq alırlar.

Onlarda məkan anlayışı inkişaf etmiş olur. Müxtəlif məkanlarda xırda detalları asanlıqla yadda saxlayır, cədvəlləri rahatlıqla oxuyur və diaqramları anlayırlar. Şüurlarında təsəvvür etdiklərini real yaradılmış obyektlərə və məhsullara köçürə bilirlər. Təsəvvürlərində 3D modellər qurub, beyinlərində əvvəlcədən dəyişiklikləri və yerdəyişmələri düşünüb, sonradan onları həyata keçirə bilirlər. Vizual qavrayış müəyyən bilik, bacarıq, emosiya ilə komplekt şəkildə olduqda tanış obrazların yeni görünüşünün yaradılmasına səbəb olur. Onlar ətrafı başqa bucaqdan görə və görüntünün müxtəlif formalarını təklif edə bilirlər.

4. Bədən-kinestetik intellekti. Bu növ intellektin güclü inkişaf etdiyi uşaqlar üçün əsas özünü ifadə aləti onların bədənidir. Hərəkətlər, müxtəlif mimikalar vasitəsi ilə onlar emosiyalarını və fikirlərini rahat ifadə edə bilirlər. Biz tez-tez “edərək öyrənmək” haqqında danışırıq. Bu növ intellekt fiziki hərəkət vasitəsilə inkişaf edir. Zehin və bədənin yüksək koordinasiyası bədən-kinestetik intellektli insanlara xasdır. Bədən-kinestetik intellekti olan uşaqlar dünyanı, ətraf mühiti toxunuşla öyrənirlər. Onlar bədənlərinə yaxşı nəzarət edir, hərəkətlər və jestlər vasitəsilə duyğularını çatdıra bilir, yüksək fiziki fəaliyyət, aydın koordinasiya, çeviklik, toxunma yaddaşına malik olurlar. Qaçmaq, tullanmaq, tarazlıq, elastiklik, bədənlərini mükəmməl hiss etmək, hərəkətləri idarə etmək, rəqs etmək, cisimləri idarə etmək qabiliyyətləri yaxşı inkişaf etmişdir. Onlar ustalıq etməyi və əlləri ilə yaratmağı xoşlayırlar. Onların bacarıqları rəqabət və uğur qazanmaq yolunda çalışmaqla inkişaf edir. Uzun müddət bir yerdə hərəkətsiz oturmaqda çətinlik çəkir, ətrafda baş verən hadisələrdə aktiv iştirak etməyəndə darıxırlar.

5. Musiqi-ritmik intellekt. Musiqi-ritmik intellekt güclü inkişaf etmiş uşaqlarda musiqi, ritm və səsi duyma və qiymətləndirmə qabiliyyəti güclü olur. Bu intellekt səs və vibrasiya vasitəsilə yaranan bacarıqdır. Bu intellekt növü səsin bütün sahələri ilə əlaqəlidir: tonlar, ritmlər və vibrasional şablonlar, musiqi və s. Onlar musiqi əsərlərini elementlərə ayıra və əsərdə səslənən bütün alətləri seçə bilirlər. Musiqi-ritmik intellektin yaxşı inkişaf etdiyi şagirdlər səsləri mükəmməl qəbul edir və ona emosional reaksiya verir, ətraf mühitdə və təbiətdə rast gəlinən səslərə qarşı çox həssas olurlar.

6. Şəxslərarası intellekt. Bu intellekt növünə ətrafdakı insanların əhval-ruhiyyəsini, maraqlarını və hisslərini hiss etmək qabiliyyəti aiddir. Yəni şagird yeni bilikləri insanlarla ünsiyyət vasitəsilə alır. Bu cür uşaqlar üz ifadələrini, səs tembrini və səs tonunu, jestləri incəliklərinə qədər hiss edirlər. Həmçinin bu "siqnallara" qarşı həssas olur və dərhal həmsöhbətinə kömək etməyə çalışırlar. Şəxslərarası intellekt şifahi olmayan (sözsüz) və şifahi (sözlü) ünsiyyət bacarıqlarını əhatə edir. Şəxslərarası intellektin yaxşı inkişaf etdiyi uşaqlar birgə oyunlarda özlərini böyük kimi hiss edir, tez-tez təşəbbüskar rolunda çıxış edirlər. Yaranan münaqişələri düzəldə və ya mövcud olanları həll edə bilirlər. Onlar danışıqlar aparmağı, başqalarını idarə etməyi, hədəflərinə çatmaq üçün qarşılarındakını motivasiya etməyi bacarırlar.  Şəxslərarası intellekt insanların ruh halını və istəklərini təyin etmək qabiliyyətini verir. Belə şagirdlər komandada çalışmaqdan zövq alırlar, ona görə də qrupla və ya cütlərlə iş onlar üçün öyrənməyin ən yaxşı yoludur.

Bu intellekt növünə ətrafdakı insanların əhval-ruhiyyəsini, maraqlarını və hisslərini hiss etmək qabiliyyəti aiddir. Yəni şagird yeni bilikləri insanlarla ünsiyyət vasitəsilə alır. Bu cür uşaqlar üz ifadələrini, səs tembrini və səs tonunu, jestləri incəliklərinə qədər hiss edirlər. Həmçinin bu "siqnallara" qarşı həssas olur və dərhal həmsöhbətinə kömək etməyə çalışırlar. Şəxslərarası intellekt şifahi olmayan (sözsüz) və şifahi (sözlü) ünsiyyət bacarıqlarını əhatə edir. Şəxslərarası intellektin yaxşı inkişaf etdiyi uşaqlar birgə oyunlarda özlərini böyük kimi hiss edir, tez-tez təşəbbüskar rolunda çıxış edirlər. Yaranan münaqişələri düzəldə və ya mövcud olanları həll edə bilirlər. Onlar danışıqlar aparmağı, başqalarını idarə etməyi, hədəflərinə çatmaq üçün qarşılarındakını motivasiya etməyi bacarırlar.Şəxslərarası intellekt insanların ruh halını və istəklərini təyin etmək qabiliyyətini verir. Belə şagirdlər komandada çalışmaqdan zövq alırlar, ona görə də qrupla və ya cütlərlə iş onlar üçün öyrənməyin ən yaxşı yoludur.

7. Şəxsdaxili intellekt. Şəxsin öz daxili hissləri, dəyərləri, inancları və düşünmə proseslərini anlamaq və onları aydın şəkildə hiss etmək qabiliyyətidir. Şəxsdaxili intellektin güclü inkişaf etdiyi uşaqlar öz üstün və mənfi cəhətlərini, əhval-ruhiyyələrini, emosiyalarını, istəklərini obyektiv şəkildə qiymətləndirirlər. Onlar özününizamlama və özünüqiymətləndirmə qabiliyyətləri ilə seçilirlər. Bu intellekt növünün mərkəzində özünə kənardan baxa bilmək və öz həyatı barədə düşünə bilmək imkanı yaradan fərdi refleksiya bacarıqları durur. Bu intellekt növü güclü inkişaf etmiş şagirdlər tək işləməyi sevir və bu xüsusiyyət bəzən onları insanlarla ünsiyyətdən kənarlaşdırır.

8. Naturalist intellekt. Müxtəlif növ flora və fauna növlərini tanımaq və təsnif etmək, təbiətdəki digər obyektləri müəyyənləşdirmək və kateqoriyalara bölə bilmək, müxtəlif təbiət hadisələrini anlayıb dəyərləndirməyi bacarmaq qabiliyyətidir. Bu intellekt növünün güclü inkişaf etdiyi uşaqlar təbiəti, ətraf aləmi və onun fenomenləri ilə ünsiyyətdə olmağı sevirlər. Onlar təbiəti daha yaxından hiss edir, təbiətin iştirak etdiyi hər hansı bir fəaliyyətdən (bitkilərin inkişafını, heyvanlara qulluq və qayğı göstərməklə müşahidə etmək) böyük zövq alır və bununla öyrənirlər. Naturalist intellektli uşaqlar yürüyüşə getməyi, dağlara çıxmağı və bağda işləməyi sevirlər. Onlar uşaqlıqdan ekologiya, heyvanlar və bitkilər aləmi ilə maraqlanırlar. Bu uşaqlar üçün təlim prosesinin qapalı şəraitdə deyil, mümkün qədər tez-tez açıq bir məkanda baş tutması çox vacibdir.

9. Ekzistensial intellekt. Bu intellektin təzahürlərinə fəlsəfi düşünmək qabiliyyəti daxildir. Onlar erkən yaşlarından yüksək səviyyəli düşüncələri ilə fərqlənirlər. Hisslərini anlayır və onları idarə edə bilirlər. Onlar sağlam düşünə bilir və nəticə çıxara bilirlər. Erkən yaşlarından onları insanın yaradılışı, varlığı, həyatın mənası və ölümlə bağlı mövzular maraqlandırır və dünyanın yaranışı ilə bağlı müxtəlif fikirlər irəli sürür, müzakirələr və mübahisələr aparır, başqalarının konsepsiya və fikirlərini araşdırırlar. İlahi elmlər və fəlsəfə ilə dərindən maraqlanır, sağlam düşünərək uzunmüddətli planlar qurur və bu planlara riayət edə bilirlər.

Qeyd etdiyimiz kimi, insanlarda fərqli intellekt növləri güclü inkişaf edə bilər.

Cəmiyyətin müxtəlif peşə sahələri üzrə bacarıqlı şəxslərə ehtiyacı var. Yeni tipli qurum və təşkilatlar müxtəlif intellekt növləri güclü inkişaf etmiş şəxslərdən təşkil olunmalıdır. Belə qurumlar digər köhnə tipli qurum və ya komandalara nisbətən daha üstün olur.

Kurikulumlar və qiymətləndirmə strategiyaları hazırlanarkən Qardnerin “Çoxnövlü intellekt” nəzəriyyəsindən istifadə oluna bilər. Şagirdlərin güclü xüsusiyyətlərini daha da inkişaf etdirən təlim həm də onların güclü olmadığı sahələrdə özünəinam hissini artıra bilər. Şagirdlərin keyfiyyətli təhsili üçün müxtəlif, maraqlı metod, fəaliyyət və qiymətləndirmə vasitələrindən istifadə olunmalıdır.

Nəticə olaraq qeyd edək ki, tədris prosesini keyfiyyətli, mənalı və maraqlı şəkildə təşkil etmək üçün təlim nəzəriyyələri, öyrətmə strategiyaları və müxtəlif pedaqoji vasitələr bir-biri ilə inteqrasiya edilməlidir. Qardner deyirdi ki, təlimi planlaşdırarkən müəllim müəyyən nəzəriyyə və ya innovasiyanı əsas tutmamalı, şagirdlərin tələbatlarına və öz dərsdemə tərzinə uyğun olaraq dəyərlər və təlim məqsədlərini adaptasiya etməlidir. İntellekt növlərini və şagirdlərin potensialını nəzərə alan müəllim fərdi yanaşmanı asanlıqla tətbiq edə bilər.

Qardner son illərdə nəzəriyyənin iki əsas təhsil nəticəsi olduğu qənaətinə gəlmişdir: fərdiləşmə və çoxluq. Fərdiləşmə, hamımızın xarakterik yollarla öyrəndiyimiz anlayışla başlayır; fərdi öyrənmə üsullarımız nəzərə alınarsa, təlim və öyrənmə çox güman ki, təsirli olar. Biz və ətrafımızdakı başqa insanlar necə öyrəndiyimizi başa düşdükcə, müvəffəqiyyətli şagirdlər olma ehtimalımız daha yüksəkdir. Əvvəllər yalnız varlılar fərdi təhsil ala bilərdi; lakin indi, fərdi kompüterlər (və onların varisləri olan ağıllı telefonlar) sayəsində, bəşər tarixində ilk dəfə olaraq, hamımız bizim üçün rahat və təsirli yollarla öyrənmə imkanını əldə edə bilirik.

Komputerdən istifadə zamanı bir düyməni basmaqla əldə edilən çoxsaylı məlumatların olması ilə heç kim bilinən hər şeyi əldə edə biləcəyinə ümid edə bilməz. Bu zaman biz ən vacib olan fikirlərə, anlayışlara və metodlara diqqət yetirməliyik. Bunları müəyyən etdikdən sonra əldə olunmuş əsas məlumat formaları bir neçə fərqli şəkildə təqdim edilməlidir. Bu, hər bir mövzunun 7 və ya 9 formada öyrədilməsi anlamına gəlmir. Bu o deməkdir ki, biz vacib fikirləri intellektual cəhətdən etibarlı olan bir sıra yollarla təqdim etməyə çalışmalıyıq. Bunu etməklə iki məqsədə çatırıq:

l) Daha çox fərdlərə çatırıq, çünki insanlar fərqli öyrənirlər və bilikləri fərqli şəkildə təmsil edirlər;

2) Bir şeyi başa düşməyin nə olduğunu göstəririk. Bir mövzunu yaxşı başa düşsək- ailə, ev, hobbi və s. haqqında düşüncələrimizi birdən çox şəkildə təsvir edə və başqalarına çatdıra bilərik.

Nəzəriyyənin ən mühüm cəhəti intellektin müəyyən edilməsi üçün bir sıra meyarlardan – fərdi təlim formaları və biliklərin çatdırılmasının müxtəlif yollarını təşkil edən kateqoriyalı bir sxemdən ibarət olmasındadır. Qardner qeydlərində yazır ki, “İnanıram ki, insanla əlaqəli elmlərdə yeni informasiyaların insanların gündəlik həyatında tətbiq olunmasının ən yaxşı yolu budur”.

 

Hazırladı: Məhərrəmova Məhəbbət

ARTI. Metodik Dəstək Mərkəzi

 

 

Mənbə:

http://www.howardgardner.com/MI/mi.html

https://www.howardgardner.com/selected-research-papers

http://www.thomasarmstrong.com/multiple_intelligences.htm

https://howardgardner01.files.wordpress.com/2016/04/472-multiple-intelligences-reflections-after-30-years.pdf

https://dissertations.tversu.ru/system/dissertations/theses/000/000/160/original/%D0%94%D0%BE%D1%80%D0%BE%D1%85%D0%BE%D0%B2%D0%B0_%D0%9E.%D0%90._%D0%B4%D0%B8%D1%81%D1%81%D0%B5%D1%80%D1%82%D0%B0%D1%86%D0%B8%D1%8F.pdf?1522907366

http://www.bntu.by/images/stories/mido/ntik6/kandra.pdf

https://teacher.yandex.ru/posts/chto-takoe-teoriya-mnozhestvennogo-intellekta-i-kak-ee-ispolzovat-v-obuchenii

http://s-d-nn.ru/roditelyam/poleznaya-informaciya-dlya-roditelej/metodika-razvitiya-govarda-gardnera-teoriya-mnozhestvennogo-intellekta.html