01.09.2021

Metodik xidməti necə təşkil etməli?

Cəmiyyət üçün layiqli vətəndaş yetişdirmək hər zaman təhsil müəssisələrinin ən aktual məqsədlərindən olub. Layiqli vətəndaş dedikdə isə cəmiyyət, ailə və özü qarşısında məsuliyyəti dərk edən, xalqın milli-mənəvi dəyərlərinə varislik edən, özünün və ölkənin iqtisadi və mədəni rifah və yüksəlişinə töhfə vermək üçün lazım olan bilik və bacarıqlara yiyələnmiş, nümayiş etdirdiyi vətəndaşlıq məsuliyyəti ilə digərlərinə nümunə olan, pozitiv düşüncəyə malik şəxsiyyət nəzərdə tutulur. Bu cür vətəndaşı yetişdirmək isə heç də asan deyil. Bunun üçün təhsilverənlərin tədris etdikləri fənnin məzmununu yaxşı bilməsi kifayət etmir. Onlar daim tədris prosesinin səmərəliliyini artırmaq üçün yeni yollar, üsullar, texnikalar axtarışındadırlar. Bu istiqamətdə sistemli medodik xidmət təhsilverənlərin səriştəliliyinin artırılmasını, qabaqcıl pedaqoji təcrübəyə qısa müddətdə yiyələnməsini sürətləndirir, eyni zamanda, yaradıcı fəaliyyətə motivasiya edir.

Müəllimlərin pedaqoji ustalığının artırılmasında ən yaxşı vasitələrdən biri metodik xidmətin müxtəlif  innovativ iş formalarının effektivliyindən yararlanmaqdır.

Metodik işlər əhatə genişliyinə və formasına görə kollektiv və fərdi olaraq iki yerə bölünə bilər.

Əlbəttə ki, bunlar yalnız metodik iş formalarının təxmini siyahısıdır. İş formaları daim təkmilləşir və yeni formalar ortaya çıxır. Praktikada onlar bir-birilə aktiv şəkildə kəsişməli və bir-birini tamamlamalıdırlar.

Metodik işin təşkil edilməsinin əsas iki məqsədi vardır:

  1. Müəllimlərin pedaqoji səriştəliliyinin artırılması;
  2. Qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi və yayılması.

Metodik iş formalarının məqsədləri eyni olsa da, təşkiledilmə formalarındakı özünəməxsus cəhətləri ilə bir-birindən fərqlənirlər. Bu özünəməxsusluq və fərqliliklərlə tanış olaq.

1. Metodik birliklər (Metodbirləşmə)

Metodbirləşmə deyərkən bir təhsil müəssisəsinin müəllimlərinin birliyi nəzərdə tutulur. Birliyin fəaliyyəti təhsil müəssisəsinin təhsil təcrübəsindəki mühafizəkar (qalıcı) ümumi pedaqoji müddəaların sıradan çıxarılmasına yönəlmiş olur. Metodik birliyin formalaşdırılmasının müxtəlif prinsipləri və yolları var. Bunlardan ən çox rast gəlinəni fənn metodbirləşməsi və bir problemə həsr olunmuş metodik birlikdir. Metodik birlik qurularkən müəyyən bir fənn üzrə müəllimlərin sayı, müxtəlif fənlər üzrə müəllimlərin birlik çərçivəsində məhsuldar iş imkanı nəzərə alınır. Təcrübə göstərir ki, hər bir metodik birlikdə ən azı üç müəllimin olması lazımdır. Müəllim sayı az olduqda (təsviri sənət, musiqi, texnologiya, və s.) mövzulararası metodik birliklərin yaradılması məqsədəuyğundur. Metodik birliyin iclasları, ümumi qayda olaraq, bir tədris ilində 4 dəfə (məktəb tətilləri zamanı), problemli vəziyyətlərdə isə daha tez-tez keçirilir. Bununla belə, metodik birliyin ayda bir dəfədən çox görüşməsi məntiqli deyil, çünki qısa müddət ərzində müzakirə üçün kifayət qədər material toplanmır. Metodik birliyə ən təcrübəli, nəzəri cəhətdən təlim keçmiş müəllim rəhbərlik edir.

Rəhbərin vəzifələrinə metodik birliyin işini planlaşdırmaq, iclasların keçirilməsi, açıq dərslər və şagirdlər üçün sinifdənkənar tədbirlər təşkil etmək, işlərin nəticələrini ümumiləşdirmək və onların əsasında tövsiyələr hazırlamaq daxildir. Metodik birliyin rəhbəri müəllimlərin dərslərində (onların razılığı ilə) və sinifdənkənar tədbirlərdə iştirak etmək və onları təhlil etmək, şagirdlərin nailiyyət səviyyəsini və müəllimlərin peşə səriştəsinin səviyyəsini öyrənmək üçün yoxlayıcı diaqnostik tədbirlər həyata keçirmək hüququna malikdir. Metodik birliyin illik işini planlaşdırarkən pedaqoji prosesin ən vacib məsələləri seçilməlidir ki, təlim-tərbiyə işlərinin nəticələrini yaxşılaşdırmaqda müəllimlərə həqiqətən də faydalı olsun. Metodik birliyin işinin uzunmüddətli planlaşdırılması zamanı təhsil müəssisəsinin inkişaf proqramına əsaslanmaq pis olmazdı.

Metodik birliyin əsas fəaliyyətləri açıq dərslər, qarşılıqlı dərsdinləmələr və onların sonrakı təhlilləridir. Açıq dərslərin necə təşkil edilməsi ilə bağlı məqalənin sonrakı hissəsində məlumat veriləcək.

2. Elmi - praktik konfranslar

 

Bu gün metodik işin ən çox tələb olunan formalarından biri də konkret problemə həsr olunmuş elmi-praktik konfranslardır. Elmi-praktik konfranslar məktəb, region, ölkə, yaxud da beynəlxalq miqyasda təşkil edilə bilər.

Bu metodik iş forması çox vaxt bir təhsil müəssisəsinin kollektivinin, yaxud da ayrı-ayrı müəllimlərin aktual metodoloji problemlər üzrə işlərinin nəticələrinin xülasəsinə çevrilir, ən yaxşı praktik təcrübənin müəyyənləşdirilməsi və ümumiləşdirilməsinə xidmət edir. Burada çıxışların mövzusu çox vacibdir. Təhsil müəssisəsi səviyyəsində konfrans keçirilərkən çox zaman müəssisənin təcrübəsi ilə birbaşa əlaqəli mövzular diqqət mərkəzində dayanır, lakin, həm çıxışçını, həm də dinləyicini məruzələrdə qaldırılan problemin ölkənin ümumi təhsil məkanında yeri maraqlandırır. Bu isə kifayət qədər elmi ümumiləşdirmə ilə mümkündür. Buna görə də ayrıca elmi, yaxud praktik konfransın keçirilməsindənsə, məhz elmi-praktik konfransların keçirilməsi daha faydalıdır. Bu cür konfransların müvəffəqiyyəti çox vaxt səriştəli natiqlərin – “elmi nümayəndə”nin dəvət olunmasından və onlarla hərtərəfli işdən asılıdır. Konfransdan öncə dinləyicilər və çıxışçılar arasında sorğu keçirərək elmi nümayəndə rolunda kimi görmək istədiklərini və dəvət olunmuş şəxsdən hansı problemlərin həlli ilə bağlı praktik tövsiyyələr gözlədiklərini müəyyənləşdirmək məqsədəuyğundur. Konfransın nə dərəcədə maraqlı alınması və faydalılığı çıxışçıların problemi düzgün müəyyənləşdirməsindən, elmi nümayəndənin praktik həll yolu göstərməsindən və dinləyicilərin dolğun, aydınlaşdırıcı suallar verməsindən asılıdır.

Konfransın əsas məhsulu hesabatdır.

3. Pedaqoji seminarlar və dəyirmi masalar

Pedaqoji seminarlar təhsil müəssisələrində ən çox yayılan metodik iş formasıdır. Lakin çox zaman təşkil olunan seminarlar seminar kimi keçirilmir. Mahiyyətini dəyişmiş olur. Seminar ilk növbədə mühazirəni tamamlayan interaktiv öyrənmə formasıdır. Bütün seminar boyunca fikir mübadiləsi, iştirakçılar arasında açıq söhbət davam edir, yəni bu formanın fərqli xüsusiyyəti məhz interaktivlikdir. Əvvəlcədən planlaşdırılan natiqlər bir-birinin ardınca hesabatlarla passiv dinləyicilərin qarşısına çıxırlarsa, bu forma seminar kimi qəbul oluna bilməz. Natiqlərin bir-birini əvəz etdiyi bu əlaqə forması daha çox konfrans adlanır. Seminarda isə çıxışlardan sonra müzakirə təşkil olunur. Çıxışın müddəti 15-20 dəqiqə davam edir, müzakirəyə ayrılan zaman təxminən çıxışın müddətinə bərabər olur. Seminarlar keçirərkən yaradıcı mühitini təmin etmək, xüsusilə də qeyri-rəsmi ünsiyyət formasını seçmək lazımdır. Bəzi hallarda yaradıcı bir çıxışdan sonra müəllimlərin müzakirəsini, hətta mübahisəsini təşkil etmək olar. Bəzi təhsil müəssisələrində müəllimlər "beyin fırtınası" adlı seminarlar təşkil edərək düşüncələrini mürəkkəb pedaqoji problemlərin həllinə yönəldir, kollektiv şəkildə təlim-tərbiyə işi üçün daha mükəmməl bir metod hazırlayırlar. Seminarın gedişində müəllimlərin peşəkarlığını artıra bilən işgüzar pedaqoji oyunlar keçirərək, yaxud da digər daha aktiv metodlardan istifadə edərək xüsusi pedaqoji tapşırıqları kollektiv şəkildə həll etmək mümkündür. Təcrübə göstərir ki, belə bir seminarın bir neçə il ərzində apardığı iş müəllim heyətinin ümumi və pedaqoji savadlılığını və müzakirə mədəniyyətininin təkmilləşməsini əhəmiyyətli dərəcədə yüksəldir.

Seminar konfrans ilə dəyirmi masa arasında mövqe tutan bir metodik iş formasıdır.

Dəyirmi masalar da öz növbəsində geniş yayılmış metodik iş formasıdır. Təşkil olunma formasına görə seminara bənzəsə də, interaktiv ünsiyyətin daha çox intensiv olması ilə seminardan fərqlənir. Dəyirmi masada çıxışlar çox qısa (təxminən 5 dəqiqəyə qədər) olur. Çıxışdan sonrakı müzakirə isə əksinə çıxışın müddətindən açıq şəkildə çox olur. Burada da qeyri-rəsmi, səmimi ünsiyyət formasından istifadə olunur.

4. Pedaqoji və metodik oxu

Bu metodik iş formaları təhsil müəssisələrinin praktikasında özünü daha çox göstərir. Müəllimlərin kiçik şərh və müzakirələrlə müşayiət olunan qısa hesabatlarını belə adlandırırlar.

Pedaqoji oxu çox vaxt ilin nəticələrini ümumiləşdirmək üçün təşkil edilir, burada məqsəd müəllimlərin öz pedaqoji tapıntılarını başqaları ilə bölüşməsidir. Bu, təcrübə mübadiləsinin çox gözəl bir formasıdır. Pedaqoji oxuda sınaqdan keçirilərək əldə olunmuş nailiyyətlərin  (təcrübələrin) mübadiləsindən söhbət gedir. Üstəlik bunların başa düşülməsi üçün nəzəriyyələrə ehtiyac yoxdur. Bu, sırf praktik bir prosesdir. Hətta yalnız bir dərs və ya fəaliyyətə aid olsa belə, bunlar əsl pedaqoji tapıntılar haqqında hekayələrdir.

Metodik oxu zamanı isə  təcrübə mübadiləsi pedaqoji metod və texnologiyalar səviyyəsində baş verir. Adından da göründüyü kimi söhbət metodlar haqqındadır. Burada dərsin xülasəsi, icra olunan fəaliyyətlər az əhəmiyyət daşıyır, əsas məsələ təqdim olunan materialdan çıxarılan metodik nəticələrdir. Metodik oxuda həmkarlar müəlliflərdən gündəlik istifadə olunan metodik üsullar və texnikalar haqqında, eləcə də, tətbiq olunan pedaqoji təcrübələrinin əsasını təşkil edən əsas prinsiplər haqqında hekayələr gözləyirlər. Müəllif başqasının texnikasını tətbiq etsə də, həmkarlar (dinləyicilər) bu konkret vəziyyətdə onun necə tətbiq olunduğu, hansı çətinliklərin ortaya çıxdığı, onların necə aradan qaldırıldığı, bu texnikanın nəticəsində nələrin əldə edildiyi ilə maraqlanırlar.

Başqa sözlə, metodik oxuda hər bir təqdimat hansısa müəllimin, və ya idarəçinin təcrübəsini əks etdirən kiçik metodik tövsiyə xarakteri daşıyır.

5. Yaradıcı müəllim qrupları

Metodik işin bu forması müəllimlərin yeni, daha effektiv tədris formaları tapmaq məqsədilə yaradıcı axtarışlarının nəticəsində meydana gəlib. Bu iş forması metodik birlikdən öz xüsusiyyətlərinə görə fərqlənir. Metodik birlik daimi, konkret zaman kəsiyində görüşləri, tərkibcə dəyişməyən iştirakçıları olan bir iş formasıdır. Bu iş formasında iştirakçıların əsas ortaq nöqtəsi tədris etdikləri fəndir. Metodik birlikdən fərqli olaraq yaradıcı qrupların (3-6 nəfərdən ibarət) formalaşması üçün  hər şeydən əvvəl qarşılıqlı rəğbət, şəxsi dostluq, psixoloji uyğunluq ön plandadır. Bu cür qruplar bir sıra yeni qabaqcıl təcrübəyə, yeni metodlara, ideyaya yiyələnmək lazım olduqda könüllülük əsasında yaradılır. Qrupun hər bir üzvü əvvəlcə yeni təcrübəni müstəqil olaraq öyrənir, sonra həmkarlarına izah edir, həmkarlar təcrübə ilə bağlı fikir mübadiləsi aparır, mübahisə edir, onu tamamlayır, dərinləşdirir, sonra öyrənilən metodu öz təcrübələrində tətbiq edirlər. Yeni mənimsənilmiş metodikaya əsasən dərslər hazırlayır, bir-birlərinin dərslərində, təşkil etdiyi fəaliyyətlərdə iştirak edir, onları müzakirə edirlər. Yeni bacarıqlar tam mənimsənildikdən sonra qrup öz işini yekunlaşdırır. Qrupun fəaliyyəti zamanı lider meydana çıxır və idarəçinin vəzifələrini öz üzərinə götürür. Bu iş formasında yeni metodların mənimsənilməsi digər iş formaları ilə müqayisədə 3-4 dəfə daha sürətli olur. Bu cür qruplar üçün qeyri-rəsmi ünsiyyət forması, kiçik iclaslar xarakterikdir. Onlar əsas diqqəti axtarışa, tədqiqat fəaliyyətinə yönəldirlər, ümumməktəb iclaslarında isə nəticələri bütün komandaya təqdim edirlər. Qrupların tərkibi zəruri hallarda genişləndirilə bilər, amma təcrübə göstərir ki, böyük qruplar, bir qayda olaraq, özünü doğrultmur.

Yaradıcı müəllim qrupları müxtəlif məktəblərin müəllimlərindən də təşkil oluna bilər.

6. Təcrübə məktəbləri

Təcrübə məktəbləri gənc (pedaqoji fəaliyyətə yeni başlamış) mütəxəssisləri təhsil müəssisəsinin xüsusiyyətləri ilə tanış etmək, pedaqoji axtarış atmosferinə cəlb etmək üçün fəal şəkildə istifadə olunur. Təhsil müəssisəsinin ən təcrübəli müəllimləri - pedaqoji işin ustaları gənc müəllimlər üçün mentor təyin olunur. Məktəb iştirakçıları öz mentorlarının dərslərində olur, dərsdənkənar fəaliyyətləri, fəaliyyət planı və digər metodik sənədlərilə tanış olur, mentorun köməyi, yaxud onun məsləhəti ilə növbəti dərslərini hazırlayırlar. Bu iş forması təcrübənin ötürülməsi və digər müəllimlər tərəfindən mənimsənilməsi baxımından çox əlverişlidir.

      Mentorluq təcrübəli müəllimlərin çox mühüm iş istiqamətlərindən biri olan fərdi iş formasıdır. Könüllü olaraq mentor kimi fəaliyyət göstərən müəllimlərə məktəb kollektivi və ictimai təşkilatlar (yaxud icma) tərəfindən mənəvi stimulun göstərilməsi vacibdir.

7. Oxucu və tamaşaçı konfransları

Bu iş formaları müəllimlərin maraqlarının və mənəvi ehtiyaclarının, onların ortaq mədəni baxışlarının zənginləşdirilməsinə töhfə verir, məktəb və həyatın bir çox aktual məsələləri ilə bağlı müəllim kollektivinin ictimai rəyinin açıqlanmasına kömək edir. Oxucu konfransında müzakirə mövzusu ən əhəmiyyətli bədii, publisist əsərlər, yaxud xüsusi maraq doğuran pedaqoji kitablar və məqalələr olur. Tamaşaçı konfranslarında kollektiv olaraq izlənilən filmlər, teatr tamaşaları və məktəbə həsr olunmuş televiziya proqramları müzakirə olunur.

Bu iş formaları üçün tələb olunan əsas iki amildən biri müəllimlər arasında tamamilə səmimi ünsiyyətin mövcudluğu, digəri isə yüksək səviyyədə bədii, pedaqoji erudisiyaya və zövqə malik müəllimlərin iştirakıdır. Yəni bu cür müəllimlər təşkil olunan müzakirəni daha maraqlı və keyfiyyətli şəkildə apara bilərlər. Müəllimlərin vaxtına qənaət etmək lazım olduğunu nəzərə alaraq konfransların təşkil olunma tezliyi sıx olmamalıdır. Bəzən bu müzakirələri qısa şəkildə metodik birliyin iclası çərçivəsində də müəllimlər arasında qeyri-rəsmi söhbət mühiti yaratmaqla təşkil etmək olar. Çox vaxt belə konfranslardan sonra müəllimlər arasında kitablar, filmlər, tamaşalar haqqında fikir mübadiləsi öz-özünə baş verir. Yəni məqsəd kimi qarşıya qoyulan fikir və təəssürat mübadiləsi tədricən tələbata çevrilir. Bu da öz növbəsində müəllimlərin peşəkarlığının, mədəni səviyyəsinin və dünyagörüşünün zənginləşməsinə xüsusi töhfə verir.

8. Metodik sərgilər və bülletenlər (divar qəzetləri)

Metodik iş baxış tələb etdiyi üçün metodik sərgi onun nümayişinin ən yaxşı formasıdır. Sərgi çərçivəsində müəllimlərin metodik məsələlər üzrə fikir mübadiləsi (tematik pedaqoji şura, metodik birliklərin tematik iclası, ayrı-ayrı müəllimlərin ustad dərsləri (video formatda da ola bilər) və s. haqqında) təşkil edilir və müəllimlər sərgilənən işlərə düzəlişlər edirlər.  

Bütün müəllimlər üçün faydalı metodik texnika və tapıntılar haqqında məlumatların əks olunduğu metodik bülletenlər (pedaqoji divar qəzetləri) də geniş yayılmışdır. Bu cür məlumatları digər təhsil müəssisələrinin müəllimlərindən də əldə etmək olar. Beləliklə, bir müəllimin yaradıcı ixtirası tez bir zamanda həmkarlarının istifadəsinə verilə bilir. Burada bir məsələyə diqqət yetirmək lazımdır ki, işin forması mütləq şəkildə metodik olmalı, təlimat və göstərişlərdən ibarət olmamalıdır.

9. Məktəbdəki (təhsil müəssisəsindəki) metodik guşələr

Ümumtəhsil müəssisələrinin müəllimlər otağında və ya təlim-tərbiyə işləri üzrə müavinlərin kabinetində mövcud metodik məlumatların əks olunduğu metodik guşələr olur. Təkmilləşdirilmiş metodik iş sisteminə malik məktəblər isə boş yer olduqda müəllimlərin özünütəhsilinin təşkili və bütün növ metodik işlərin aparılması üçün bazaya çevrilən ayrıca metodik otaqlarla təchiz olunur. Metodik otaqlarda ən maraqlı monoqrafiyalar və metodik vəsaitlər, jurnal və qəzetlərdən kəsilmiş parçalar, pedaqoji ədəbiyyat kartotekaları və s. saxlanılır. Metodik kabinetə təcrübəli və yüksək ixtisaslı müəllimlərdən biri, tərbiyə işləri üzrə direktor müavini, yaxud da metodist (məktəb, yaxud region metodisti) rəhbərlik edir. Burada müəllimlər pedaqoji nəşriyyatların nəşr planları ilə tanış ola, müstəqil öyrənmə və özünüinkişaf üçün faydalı olan digər məlumatlar əldə edə bilərlər. Metodik kabinetlər metodik işin fərdi formaları ilə (şəxsi metodik (yaradıcı) mövzu üzərində iş, fərdi özünütəhsil) məşğul olmaq üçün əlverişli imkan yaradır.

10. Açıq dərslər

Məktəbdəki metodik işlərin demək olar ki, bütün formaları birbaşa və ya dolayı yolla, gec-tez müəllimin praktik bacarıqlarını həmkarlarına nümayiş etdirməsi ilə əlaqəlidir. Burada söhbət sadəcə eyni təhsil müəssisəsində müəllimlərin qarşılıqlı dərsdinlməsindən və tədbirlərdə iştirakından getmir. Açıq dərslərin xüsusi məqsədi var: yeni bir texnikanı tətbiq edən yaradıcı müəllim nümayiş üçün həmkarlarını eksperimental açıq dərsə dəvət edir; müəllimlər yeni metodikanı praktikada görmək üçün həmkarlarının dərsinə gedirlər. Başqa sözlə, açıq fəaliyyətlər metodik işin iki problemini həll edir - yeni pedaqoji metodların axtarışı və təcrübə mübadiləsi.

Bu məqsədə çatmaq üçün açıq dərsin təşkilində üç mərhələyə riayət olunur.

I mərhələ. Layihə mərhələsində olan dərsin təhlili;

II mərhələ. Dərsin keçirilməsi;

III mərhələ. Dərsdən sonrakı təhlil və fikir mübadiləsi.

I. Dərsin effektivliyini əhəmiyyətli dərəcədə artırmaq üçün açıq dərs verən müəllim dərsə başlamazdan əvvəl planlarını həmkarlarına açıqlayır:

  • tədris proqramında, bölmədə, kursda dərsin yerini göstərir;
  • dərsin məqsədi haqqında danışır;
  • qarşıya qoyulan təlim və tərbiyə məqsədlərini açıqlayır;
  • qarşıda duran problemin həlli üçün nəzərdə tutulan yol və vasitələrdən danışır;
  • mümkün inkişaf mühitində sinfin real öyrənmə imkanlarının təsvirini verir.

Başqa sözlə, dəvət olunanları öz yaradıcılıq laboratoriyası ilə tanış edir, onları düşünülmüş şəkildə layihə mərhələsində olan dərsin təhlil prosesinə cəlb edir. Yalnız bundan sonra dərs layihəsinin (planlaşdırılmış dərsin) güclü və zəif tərəflərini müəyyən etmək olar.

II. Daha sonra müəllim açıq dərsi keçir, burada iştirak edən həmkarlar artıq dərsi etinasız izləyici kimi deyil, nəticə ilə maraqlanan həmfikir, həmmüəllif kimi müşahidə edirlər. Prosesdən asılı olaraq həmkarlar həm izləyici, həm də şagird rolunda dərsdə iştirak edə bilərlər.

III. Sonra müəllim dərsin təhlilini aparır, planladıqlarından nəyi həyata keçirə bildiyini, nəyi və niyə həyata keçirə bilmədiyini özü üçün aydınlaşdırır, ehtiyat metodik üsullardan necə istifadə etdiyini açıqlayır, tətbiq olunan texnikanın effektivliyini qiymətləndirir. Dərsdə iştirak edənlər aydınlaşdırıcı suallar verir, bundan sonra fikirlərini bildirir, təcrübənin daha da inkişaf etdirilməsi üçün tövsiyələr verir, gördüklərindən nəyi, harada, nə vaxt və hansı formada istifadə edəcəklərinə qərar verirlər. Unutmayaq ki, reallaşdırılan dərs layihəsindən daha pis və ya daha yaxşı ola bilər, yaxud da tamamilə yeni, ekspromt olaraq ortaya çıxmış bir versiya əsasında da aparıla bilər. Bütün hallarda dərsin təhlili müəllifi və həmkarlarını zənginləşdirir.

Bu mənada açıq dərs yalnız sinif qapılarının qonaqlar üçün açılması deyil, eyni zamanda kiçik də olsa, yeni bir tapıntının nümayişidir. Əgər yanaşma başqa cür olarsa, açıq dərslər əhəmiyyətini itirər, kim daha çox açıq dərs verəcək - deyə bir yarış başlayar. Bu formalizm isə keyfiyyəti kəskin şəkildə azaldar.

11. Konsultasiya ( fərdi məsləhətləşmə), mentorluq, və söhbətlər

Metodik iş növlərindən biri olan konsultasiya xüsusi təsir istiqaməti ilə seçilir. Bütün komandanın əsas iş sahələrinə və pedaqogikanın aktual problemlərinə dair kolsultasiyalar müəllimlərin istəyinə bağlı olaraq fərdi və ya kollektiv şəkildə təşkil oluna bilər. Xatırladaq ki, istənilən məsləhətləşmə hər şeydən əvvəl xüsusi hazırlıq və peşəkar səriştə tələb edir. Səriştəlilik deyərkən biliklərin mənimsənilməsinin və praktik tətbiq olunmasının nəzərdə tutulduğunu yada salmaq yerinə düşər. Səriştəli bir müəllim (mentor) yalnız məsləhətləşmənin mövzusunu yaxşı bilmir, həm də bu barədə öz fikirləri var. Müxtəlif vəziyyətlərdə praktikada necə tətbiq edəcəyini bilir. Yalnız bu halda konsultasiya prosesi səmərəli ola bilər.

Bu forma təhsil müəssisələrinin rəhbərləri və ən təcrübəli müəllimlər tərəfindən gənc müəllimlərlə, təcrübəçilərlə və bir sıra pedaqoji problemlərin həllində çətinlik çəkən müəllimlərlə iş zamanı geniş istifadə olunur. Bu iş formasında idarəçi və mentorlardan müəllimlərin potensialını, güclü və zəif tərəflərini, çətinliklərini, şəxsi keyfiyyətlərini yaxşı bilmək, eyni zamanda onların fəaliyyətindəki inkişafı və nəticələri təhlil etmək, bu təhlillər əsasında tövsiyə və məsləhətlər vermək bacarığı tələb olunur. Burada müəllimə hörməti, prinsipiallığı və məqsədyönlülüyü özündə birləşdirən yüksək pedaqoji taktika xüsusilə vacibdir. İdarəçinin dərsdən əvvəl müəllimlə söhbət aparması və ya dərsin planını birgə düşünməsi, həmin dərsi dinləməsi və müzakirə etməsi olduqca faydalıdır.

Bir çox təhsil müəssisəsində məsləhətləşmələr tədris ili üçün hazırlanmış fəaliyyət planına əsasən aparılır. Əsas məsləhətləşmələr fəaliyyət planında qeyd olunur. Eyni zamanda ehtiyac olduqda spontan məsləhətləşmələrə də vaxt ayrılır. Məsləhətləşmələr (xüsusən də fərdi konsultasiyalar) adətən söhbət şəklində aparılır. Ayrı-ayrı müəllimlərə kömək etməklə bugünkü problemlərə cavab verilə bilər, lakin uzunmüddətli perspektivli bir yanaşmalarda "yaradıcı müəllim yetişdirmə proqramı" na üstünlük verilir. Bu cür proqramların olması yüksək səviyyəli metodik işin göstəricisidir.

Yekun olaraq qeyd etmək istəyirik ki, bunlar metodik işin təşkili formalarının ən geniş yayılmış versiyalarıdır. Bunların əsasında yeni formaların ortaya çıxma ehtimalı yüksəkdir. Bir məsələni də unutmayaq ki, öyrənilən pedaqoji təcrübə mütləq şəkildə ümumiləşməli və inkişaf etdirilməlidir. Əks təqdirdə metodik iş formalarını təşkil etməyin faydalılığı yalnız bir müəssisə, bir regionla məhdudlaşacaq.

İstənilən metodik iş formasının uğurlu təşkili yüksək ixtisaslı təşkilatçının olması ilə bağlıdır. Bu təşkilatçılar pedaqoji vəzifəsindən asılı olmayaraq metodist rolunda çıxış edirlər.

Hazırladığımız yazının pedaqoji kollektivin işinin faydalılığının artmasına təsir edəcəyinə ümid edərək sizlərə təqdim edirik.

 

Hazırladı: Metodik Dəstək Mərkəzinin əməkdaşı Cütcüzadə Lətafət Eyvaz qızı

Mənbə:

https://toipkro.ru/content/files/documents/podrazdeleniya/comr/metodist%20day%20posobie.pdf

https://gigabaza.ru/doc/98549-pall.html