14.09.2021

Modelləşdirmədən istifadə etməklə görmə məhdudiyyətli şagirdlərə Optika bölməsinin öyrədilməsi

Görmə məhdudiyyətli şagirdlərin qarşılaşdıqları çətinliklərə diqqət yetirsək, deyə bilərik ki, onlar həndəsi optikanı öyrənərkən qrafik və diaqramların qurulması və bu anlayışlar haqqında təsəvvürün yaradılmasında çətinlik çəkirlər. Bu araşdırma nümunəsi görmə məhdudiyyətli şagirdlərə optika bölməsini, aşağı qiymətli və asan əldə olunan materiallardan istifadə etməklə mənimsədilmə yollarını təklif edir. Görmə məhdudiyyətli şagirdlər toxunmaqla ətraf aləmi qavraya bilirlər. Bu da onlarda müəyyən əşya, anlayış və hadisə haqqında təsəvvürlərin canlanmasını təmin edir.

Görmə məhdudiyyətinin olması sosial aktivliklərdən və təhsil almaqdan heç kimi məhrum edə bilməz. Fiziki məhdudiyyətli olmaq fiziki qüsurlu olmaq kimi dəyərləndirilməməlidir. Görmə məhdudiyyətinin olması zəka ilə deyil, gözlərlə bağlı vəziyyətdir. Görmə məhdudiyyəti olan şagirdlər digər şagirdlər kimi öyrənmək üçün eyni qabiliyyətə və marağa sahibdirlər. Baxmayaraq ki, ətrafımızda olan aləmi görə bilmirlər, lakin onlar da həmin aləmi tanımaq və başa düşmək istəyirlər. Beləliklə, fizikanın tədrisini onların ehtiyaclarını nəzərə alaraq müvafiq şəkildə həyata keçirmək mümkündür. Görmə məhdudiyyətli şagirdlər yazmaq, oxumaq çətinlikləri çəkdikləri üçün şifahi yolla ötürülən informasiya vasitəsilə diaqram və qrafiklərin öyrənilməsində də çətinliklərlə üzləşirlər. Görmə məhdudluğu olan şəxs dünyanı, adətən toxunmaqla “gördüyü” üçün şagirdlərin toxunma qabiliyyətlərindən istifadə etmək  üçün təcrübələr keçirilməlidir.

Fiziki məhdudiyyətli insanların elm öyrənərkən qarşılaşdıqları çətinliklər haqqında  bir çox araşdırmalar olsa da, onlara fizika fənninin öyrədilməsi məsələsi hələ də nadir araşdırılmış mövzular içərisində yer alır. Yol verilən əsas səhvlərdən biri də görməyə əsaslanan tədris metodlarından istifadə olunmasıdır.

Bildiyimiz kimi fizika fənninin bir çox bölmələri, eləcə də, Optika bölməsi ətraf aləmi görmək, anlamaq və dərk etməklə qavranılır. Görmə məhdudiyyəti olan şagirdlərə adi sinif otağı şəraitində bu bölmənin öyrədilməsi ona görə problem yaradır ki, öyrənilən hadisə haqqında zehndə heç bir təsəvvür yoxdur. Əgər təfəkkürün obyektiv metodu tətbiq olunmasa, qəbul olunmuş informasiyanın yanlış anlaşılmaya yol açma ehtimalı yüksəkdir. Müəlliflər başa düşür ki, modellərdən istifadə Optikanın görmə imkanları zəif və görmə məhdudluğu olan şagirdlərə öyrədilməsində başlıca rol oynamalıdır. Bu baxımdan inklüziv təhsil zamanı görmə məhdudiyyəti olan şagirdlərlə iş üzrə yaxşı təlim görmüş müəllimlərin seçilməsi zəruridir.

Bu şagirdlərlə tədrisinin düzgün şəkildə təşkilinə dair bir sıra nümunələri gözdən keçirək. Məsələn, oxu kimi faəliyyətə kömək edən elektron qurğular on ildir ki, yaradılsa da, dünyada təhsilalanların çoxu bu cür köməkdən yararlana bilmirlər. Bəzi müəlliflər məsələn, şam ilə doldurulmuş hündür kənarlı çərçivələrdən istifadə etməyi təklif edirlər. Şagirdlər onun üzərində iti uclu alətin köməyi ilə yazı yaza və şəkil çəkə bilərlər. Yüngül və daşınması asan olan maqnit lövhələrdən istifadə etməklə də öyrənməni asanlaşdırmaq olar. Bu halda şagirdmərkəzli öyrənmə metodu müəllimlərin köməyinə çata bilər.

Şəkil 1. Şagird işığın şüa modelini təsvir edən maqnit lövhəsi və maqnit lentlərindən istifadə edir.

Şəkil 2. Şagird maqnit lövhə üzərində sfera güzgülərinin təsvirini verir.

Şəkil 3.Şagird maqnit lövhə üzərində sfera güzgülərinin təsvirini verir.

Bu araşdırmada əsasən, görmə məhdudiyyətli təhsilalanların qrafiklər və diaqramlarla işləyərkən oxuma çətinliyi yaradan məsələlərə fikrimizi yönəltmişik. Tapılması və istifadəsi asan olan ucuz materiallardan istifadəni mümkün edən vasitələr təklif edir və bu vasitələrin görmə məhdudiyyətli şagirdlər üçün toxunaraq qavramanın təmin edə bildiyini düşünürük.

Bildiyimiz kimi fizikanın Optika bölməsi  iki hissədən - Həndəsi optika və Dalğa optikası hissələrindən ibarətdir. Tipik bir fizika dərsi, xüsusilə, Həndəsi optika haqqında hər hansı mövzunun tədrisi, adətən qrafik və diaqramlardan istifadəni zəruri edir. Bəs fiziki imkanları məhdud olan insanların izləyə biləcəyi şəkil və diaqramları neçə çəkə bilərik? Burada bəzi kriteriyalara əməl olunmalıdır: materiallar asanlıqla əldə olunmalıdır, sıralar asanlıqla aradan qaldırıla yaxud silinə bilər və onlar sürətli replikasiya yarada bilər. Xətlər qaldırılan zaman, görmə məhdudiyyətli şagird onları arxa plandan asanlıqla fərqləndirə bilər. Maqnitlər və maqnit lövhələr bu cür dərslərin keçirilməsi zamanı tədrisi asanlaşdıran kriteriyalara uyğun gəlir.

Material olaraq 80x50 sm2 ölçüdə, daşınması asan olan, həm karteziyan koordinat sistemindən,  həm də düz xətləri yaradan zaman asanlıqla istifadə oluna bilən maqnit lövhələrdən istifadə olunur. Həmin maqnit lövhələr rezin maqnit zolağı formasında (1 sm eni və 0.3 sm qalınlığı) müxtəlif maqnitlərdən ibarətdir. Buna nümunə olaraq şəkil 1-də göstərildiyi kimi işığın xətti yayılmasını göstərə bilərik. Bu ölçülər görmə məhdudiyyətli şagirdlər üçün çəkilən formaların toxunmaqla tanınmasını asanlaşdırır. Digər maqnit növləri – matlar və formalı disklər, hər biri müvafiq qalınlıqda - əyri xətlərin çəkilməsində və diaqramlarda nöqtələri qeyd etmək üçün istifadə oluna bilər. Şəkli dərhal görə bilən görmə qabiliyyətli şagirdin əksinə görmə məhdudiyyətli şagird şəkli addım-addım oxuyur. Belə edərkən onlar şəkil 1-də göründüyü kimi hər iki əlindən istifadə etməklə lövhədə olan qabarıq xətləri izləyir.

Başlanğıcda şagirdlərin lövhədə olan şəkli anlamasında bəzi  çətinlikləri olur. Şəkillərin ayırd edilməsi üçün şagirdlərə real əşyalarla şəkildə olan elementləri əlaqələndirməyin öyrədilməsi tələb edilir.

İşığın ən sadə təmsili şüa kimi düz xətt üzərində səyahət etməsidir. Görmə məhdudiyyətli şəxslər üçün şüalar sükunətdə olan hissəciklərdən ibarət mühitdə işığın parıltısının ötürülməsi kimi asanlıqla başa düşülür. Bəs biz bu konsepsiyanı görmə məhdudiyyətli bir  şəxsə necə ötürə bilərik? Bir həll yolu şəkil 1-3-də göstərildiyi kimi mücərrəd bir təsvir,  riyazi xətt düşünməkdir. İşığın sınmasını göstərmək üçün qırılmış əyri xətlər maqnit zolaqlarından  istifadə etməklə asanlıqla çəkilə bilər. Təsvirlər tamamilə sabit olur və beləliklə şagirdlər barmaqlarından istifadə etməklə qırılmış xətləri izləyə bilirlər.

İzah zamanı şagirdlərə bildirmək lazımdır ki, çərçivə maqnitləri və obyektləri yalnız oxşarlıqları - real əşyaların ümumi xüsusiyyətlərini göstərir: bu əşya modelləri anlamaq üçün nəzərdə tutulmuş real sistemə məxsus olan elementlərin konseptual surətlərindən ibarətdir. Qeyd etmək lazımdır ki, bir çox fənlərin tədrisi zamanı miqyasından və təhlükəsizlik səbəbindən asılı olaraq tədris modellərindən istifadə olunur. Məsələn, nüvə və onun ətrafında daimi hərəkətdə olan elektron buludunu izah etmək üçün atomun bir çox modelləri, eləcə də, atomun “Tomson modeli”, “Rezerford modeli” və ya Coğrafiya fənnində də istifadə olunan qlobus modellərini göstərmək olar. Fizikanın tədrisi zamanı da bir çox hadisələri daha asan izah etmək üçün də modellərdən istifadə olunur. Yuxarıda qeyd etdiyimiz hadisəni qısaca izah etmək tələb olunarsa, bu real hadisənin modelləşdirilmiş formasıdır. Modellər ümumən fənn müəllimləri üçün vacibdir, çünki modelləşdirmə də elmə daxildir. Fiziki model məzmunu başa düşməyimizə kömək edən fiziki bir fenomenin oxşar təsviri, sadələşdirilməsi və obyektivliyidir. Görmə məhdudiyyətli şəxslər üçün modelləşdirmə birbaşa müşahidə və təcrübə üçün əvəzedilməz rol oynayır, bu isə həndəsi optikanın ənənəvi tədrisi zamanı dioptrik səthdə işığın parıltısının qırılmasını və əksolunmasını araşdırmaq üçün linzaların köməyi ilə görüntüləmədən istifadə edir. Diaqram formasında modellər mümkün olmadıqda, yaxud fiziki məhdudiyyətlərinə görə şagirdlərin birbaşa nəticələrini göstərə biləcəyi təcrübi şərait mümkün olmadıqda tədris modellərindən istifadə oluna bilər. Müəllim yadında saxlamalıdır ki, doğru və tam təsvir şagird üçün həmişə mümkün olmur. Təmsil etdiyi fenomeni təsvir etmək üçün reallığın simulyasiyasını yerinə yetirən modellər, maketlər və ya diaqramlar qura bilərik. Qeyd edək ki, analoq modellərin də məhdudiyyətləri olur. Məsələn, işıq bəzən dalğa kimi, bəzən də hissəcik kimi modelləşdirilir. Bəzi müəlliflər isə iddia edir ki, görmə məhdudiyyətli şəxslər dünyanı görmədiyi üçün onlar konkret  və mücərrəd arasındakı boşluğu aradan qaldırmaqda çətinlik çəkməyəcəklər. Müasir öyrənmə modelləri öyrənmə prosesində şagirdin əvvəlki bilik vəziyyətinin əhəmiyyətini müəyyən edən şagirdmərkəzli tədrisi tələb edir. Biz Piajenin intellektual inkişaf nəzəriyyəsinə əsaslanan öyrənmə dairəsindən faydalana bilərik.

Bunlar üç öyrənmə mərhələsindən ibarətdir: tədqiqat, konsepsiyanın təqdimatı və konsepsiyanın tətbiqi.

Tədqiqat mərhələsi: Şagirdlər onların mülahizə nümunələri ilə həll edilə bilməyən sualları ortaya çıxaran üsulların onlara yad olub-olmadığını araşdırır. Məsələn, bu mərhələdə şagird əlini şamın yaxud gün işığının istisinə yaxınlaşdırmağa cəlb olunur. Beləliklə, şagirdlərə şamın və ya günəş şüalarının varlığı və tempraturu haqqında müyyən informasiyalar verməklə yanaşı, bu haqda onların zehinlərində müəyyən qədər təsəvvür formalaşdırılır. Onlar işığı görə bilməsələr də, toxunmaqla hiss edə bilirlər. Daha sonra müəllim şagirdlərlə “İşıq nədir?”, “O, necə yayılır?”, “O, sına bilirmi?” kimi sualların ətrafında müəyyən müzakirələr aparmağa başlayır. Bu mərhələdə artıq müəllim informasiya ötürməyi minimuma endirir, müzakirələri dinləyir, lazım gəldikdə informasiyaları korrektə edir.

Konsepsiyanın təqdimatı mərhələsi: İşıq konsepsiyası mərhələsində təqdim olunur. Bu mərhələdə müəllimlə əks əlaqənin qurulması vacibdir.  İşığın əlverişli tərifini belə ifadə edə bilərik: “ İşıq insan gözünə görünə bilən bir növ elektromaqnit şüasıdır ki, görmə üçün məsuldur, görmə qabiliyyətini yerinə yetirir və bəzən də işıq şüaları tərəfindən təsvir oluna bilir”. Lakin qeyd edilən tərif görmə məhududiyyətli şagirdlər üçün heç bir məna kəsb etmir, çünki onlar nə görə bilir, nə də lövhə üzərində işıq şüalarının təsvirini təsəvvürlərində canlandıra bilir. Beləliklə də, işıq şüalarının, güzgülərin, linzaların, digər optik hadisə və əşyaların yenidən təsviri zərurət təşkil edir. Bəzən işıq şüası dərini həssaslaşdıran bir növ radiasiya hesab edilir. Buna görə də şagirdlərə maqnit lövhə təqdim olunur və barmaqları ilə tədqiq etməyə dəvət olunurlar.

Konsepsiyanın tətbiqi mərhələsi: Şagirdlər yeni konsepsiyanı əlavə situasiyalara tətbiq edirlər. Bu mərhələdə müəllimlər həmkarları ilə müəyyən təcrübə mübadiləsi apara bilir, materiallar, avadanlıqlar və fiziki təcrübə haqqında müzakirələr edə bilirlər. Bir çox araşdırmalardan əldə olunan müsbət nəticələr göstərir ki, şagirdlər onlara təqdim olunmuş şəkil və qrafikləri müfəssəl olaraq başa düşə və anlaya bilirlər.  Nəticədə  müəyyən təsəvvürləri anladıqca, öyrənmə prosesini davam etdirmək üçün cəsarətlənirlər. Beləliklə də tədris−öyrənmə prosesi müvəffəqiyyətlə tamamlanır.

Müvafiq tədris metodlarının və uyğun təcrübələrin olmaması görmə məhdudiyyətli şagirdlər üçün fizikanın tədrisində daima bir maneədir. Şagirdmərkəzli fəal öyrənmə modelləşdirmədən istifadə etməklə faktların və düsturların toplanmasını deyil, elmi metodlarla faktların koordinasiyasını və inteqrasiyasını tələb edir. Bu tələbdən irəli gələn ehtiyacları ödəmək üçün  müəllimlərə müxtəlif metodlarla tanış olmaq, onlar haqqında əlavə biliklər əldə etmək tövsiyə olunur.

Səbinə Balayeva

ARTİ-nin Metodik Dəstək Mərkəzinin əməkdaşı

Mənbə:

1. https://www.if.ufrj.br/~pef/producao_academica/artigos/2014_alexandre_toni_1.pdf

2. https://pubsaskdev.blob.core.windows.net/pubsask-prod/40209/40209-Vision.pdf

3. İsmayılov İ.N. Fizikanın tədrisi metodikasının müasir problemləri / Magistratura hazırlığı üçün dərslik 2019, 378 s.