16.09.2021

Şagirdlərin öyrənmə motivasiyasının artırılmasında valideynlərin rolu

Təqdim olunan linkdəki videoya baxdıqdan sonra yazını oxumağınız tövsiyə olunur. https://www.youtube.com/watch?v=NJspFUFu4iE

Məqalə övladının dərslə məşğul olmaq motivasiyasını artırmaq istəyən valideynlər, həmçinin, tədris prosesinin uğurlu olması üçün şagirdlərinin valideynləri ilə əməkdaşlıq etmək istəyən müəllimlər üçün faydalı ola bilər.

Bir işdə uğurlu ola bilmək üçün həmin işə böyük əmək və zaman sərf etmək  lazım olur. Mütəmadi olaraq əmək və zaman sərf etmək üçün isə motivasiya olduqca vacibdir. Motivasiyanı “bir iş görmə istəyi və enerjisi” olaraq ifadə edə bilərik. Motivasiya daxili və xarici motivasiya olmaqla iki növə bölünür. Daxili motivasiyanın qaynağı şəxsin daxili marağı, öyrənmə istəyi, hədəfləri, o işi sevməsi və digərləridir. Xarici motivasiyanın qaynağı isə maddi maraq, qiymət, tərif, təqdir edilmə, qorxu kimi faktorlardır.

Bəzi valideynlər uşaqlarından birinin mütəmadi olaraq dərsləri ilə məşğul olduğunu, onu dərslərinə qarşı məsuliyyətli olması mövzusunda heç bir zaman xəbərdar etmək məcburiyyətində qalmadıqlarını, lakin digər uşaqlarının dərslə məşğul olmaları üçün xüsusi bir əmək sərf etmək məcburiyyətində qaldıqlarını söyləyirlər. Əslində iki övladın dərslə məşğul olması arasındakı fərqliliyin səbəbi motivasiyadır.

Məktəb dövrü maraqlı və yadda qalan olduğu qədər, həm də uzun və çətin bir prosesdir. Dərslərini vaxtlı-vaxtında, məsuliyyətlə yerinə yetirmək kimi bir işlə illərlə mütəmadi şəkildə məşğul olmaq heç də asan deyil. Bunun üçün yüksək motivasiyaya sahib olmaq lazımdır. Motivasiyası güclü olan şagirdlərin valideynləri şanslı hesab edilə bilər. Çünki övladları ilə mütəmadi olaraq dərslə məşğul olmaq mövzusunda mübahisə etmək məcburiyyətində qalmırlar. Təbii ki, daxili motivasiyaya malik şagirdlərin də bəzən motivasiyası düşə bilər. Xüsusilə də istədikləri nailiyyəti əldə edə bilməyəndə öyrənmə istəkləri azala bilir.  Lakin bu vəziyyət uzun çəkmir və doğru bir yanaşma ilə yenidən motivasiyanı yüksəltmək mümkün olur. Bəzən də yüksək motivasiyaya sahib şagirdlərin imtahan qayğısı motivasiyanı aşağı sala bilər. Belə hallarda valideynlərin övladları ilə xüsusi söhbətlər etməsi, onların bu qayğılarını azaltması tövsiyə edilir. Bir çox hallarda valideynlər əksinə olaraq övladlarının qayğılarını daha da artırmış olur.

Övladı xarici motivasiyaya ehtiyacı olan valideynlərin işinin daha çətin olduğunu söyləmək mümkündür. Bu halda uşaq adətən öz istəyi ilə dərsi ilə məşğul olmur, olsa belə, bir müddət sonra valideynin yanına gələrək “dərslərimi öyrənib bitirdim” deyir. Bir gün dərslə məşğul olub 3-4 gün kitab açmaq istəmir. Valideyn isə mütəmadi olaraq övladına “dərslərinlə məşğul ol” deməkdən bezir. Lakin işlərin daha da pisləşdiyini görüncə valideyn olaraq dözə bilməyib övladının dərs ilə məşğul olması üçün yenə də cəhd etməyə davam edir. Böyük bir ümidlə uşağın öz qərarı ilə həvəsli şəkildə dərsi ilə məşğul olmasını gözləyir.

Şagirdlər ilə keçirilən görüşlər nəticəsində bunu anlamaq olur ki, valideynlərin uşaqlarının dərs oxuması üçün yaxşı niyyətlə etdiyi bəzi cəhdlər uşaqlarının motivasiyasını nəinki artırmır, hətta onun daha da aşağı düşməsinə səbəb olur.

Bəs ailələr necə və hansı səhvlərə yol verirlər?

  • Müqayisə etmək. Övladınızı başqa biri ilə müqayisə etməyin. Müxtəlif yaş dövrlərində uşaqlar müqayisə olunmağa fərqli reaksiya verirlər. Uğursuzluq əldə etmiş övladınızı uğurlu biri ilə müqayisə etməklə müsbət nəticə əldə edə bilməzsiniz. Müqayisələri daha çox əks vəziyyətlərdə edin. Yəni övladınız uğur əldə etdiyi zaman bu uğurun səbəbi kimi digər yoldaşları ilə müqayisədə daha çox çalışdığı üçün əldə edildiyini deyə bilərsiniz.
  • Nəsihət vermək. Əlbəttə, övladınıza müəyyən zamanlarda nəsihət verə bilərsiniz. Lakin bunu çox sıx şəkildə etdikdə faydalı olmayacaq. Məntiqli düşünmək, gələcək ilə bağlı plan qurmaq kimi üst səviyyəli zehni funksiyalar beynin ön bölgəsi (frontal lob) ilə bağlıdır. Bu bölgə uşaqlarda tam olaraq inkişaf etmədiyi üçün sizin verdiyiniz məntiqli nəsihətlər övladınızda tam olaraq qarşılığını tapmayacaq.
  • Qorxutmaq və ya hədələmək. Dərs oxumasa, başına gələcək şeylərlə qorxutmayın. “Belə çalışsan, universiteti yuxunda görərsən”, “Bu cür oxumaq ilə universitetə ödənişsiz qəbul olmağı unut” və s. bu kimi cümlələr uşağı ruhdan salacaq və dərslə məşğul olmaq motivasiyasını daha da azaldacaqdır. Uşağınızı dərsləri ilə məşğul olmadığı təqdirdə telefonunu almaq, dostları ilə oynamasına icazə verməmək, istəmədiyi məktəbə göndərmək kimi hallarla hədələməyin. Bunlar övladınızın dərsə qarşı motivasiyasını azaltmaqla yanaşı, onun qayğısının da artmasına səbəb olacaq.
  • Öz həyatınızdan nümunə vermək. Valideynlər uşaqlarına öz yaşadıqları sıxıntıları, çətinlikləri və imkansızlıq içində böyüdüklərini söyləyərək uşaqlarının bu vəziyyətdən dərs çıxarmasını istəyərlər. Təbii ki, bunu bəzən etmək problem deyildir. Ancaq yeri gəldi-gəlmədi “Biz o vaxtlar...”, “Mən bilirsən necə edirdim...? ”, “Biz uşaq olanda” tipli uzun cümlələrlə öz həyatınızdan fraqmentlər təqdim etməyiniz övladınızı, ümumiyyətlə sizi dinləyəni bir çox hallarda yorur. Bu tipli nostalji xatirələri övladınıza dəfələrlə danışdığınızın fərqində olmursunuz. Bu da müsbət təsir etmək istədiyiniz halda mənfi nəticələrə yol açır. Bir çox valideynlər bu təcrübə ilə tanışdırlar.
  • Mütəmadi olaraq “dərsini oxu” demək. Uşağınıza mütəmadi olaraq “dərsinlə məşğul ol” deyərək nizamlı şəkildə çalışmasını təmin edə bilməzsiniz. Otağına gedib masasında kitablarını açmasını təmin etmiş ola bilərsiniz. Lakin uşağınızın dərs oxumaq üçün deyil, sizin təzyiqinizdən qaçmaq üçün bunu etmiş olma ehtimalı daha yüksəkdir.
  • Güvəndiyinizi mütəmadi olaraq demək.Övladımıza güvəndiyimizi söyləmək niyə yanlış olsun ki”? deyə bilərsiniz. Bəli, bu cümləni doğru zamanda, doğru şəkildə istifadə etdikdə çox müsbət nəticə verə bilər. Lakin bu cümlə çox sıx təkrarlandıqda təzyiqə çevrilmiş olur. Övladınız onlara söylədiyiniz “qızım, mən sənə çox güvənirəm, sən məktəb birincisi olarsan, sən həkim olub bizə baxarsan” kimi cümlələri “qızım, sən məktəb birincisi olmaq məcburiyyətindəsən, sən həkim olmaq məcburiyyətindəsən” kimi qavraya bilər. Sizin niyyətiniz bu olmasa belə övladınız belə dərk edəcəkdir. Bu uşağınızın dərslə məşğul olmaq  motivasiyasını düşürməsə belə, onda imtahan qayğısını artıracaqdır.
  • Əlçatmaz hədəflər qoymaq. Övladınızın dərslə məşğul olmasını təmin etmək üçün böyük hədəflər qoymayın. Hədəflər uşağınızın potensialının çox altında və çox üstündə olmamalıdır. Övladınız qoyduğunuz hədəfə çata bilməyəndə və çata bilməyəcəyini düşünəndə motivasiyasını itirir və bununla da özgüvəni sarsılır.

Valideynlərin etməməli olduğu nüanslar haqqında qısaca bəhs etdik. İndi isə edilməsi lazım olan nüanslara diqqət edək:

 

  • İlk növbədə övladınızı yaxşı tanıyın. Uşaqların motivasiyasını yüksəltmək üçün ümumi prinsiplər olsa da, hər uşaq üçün keçərli ola biləcək bir prinsip yoxdur. Övladınızı daha yaxşı motivasiya etmək üçün necə davranmalı olduğunuzu ondan soruşa bilərsiniz. Məsələn, qız uşaqları ilə oğlan uşaqlarını motivasiya etmək texnikaları fərqlidir. Qızları motivasiya etmək üçün duyğusal yanaşmaq, onların duyğu və düşüncələrini paylaşmalarına fürsət vermək daha səmərəli olduğu halda oğlan uşaqlarına duyğusal yanaşmaq arzuolunmaz nəticələr verə bilər. Onlara qarşı daha qərarlı və ciddi davranmaq lazım gəlir.
  • Övladınızla birlikdə bir plan qurun. Ata-ana olaraq uşağınızın da fikrinə önəm verərək bir plan qurun. Övladınızın fikrini nəzərə almaq çox vacibdir, qəbul etdiyiniz qərarlarda övladınız da söz sahibi olarsa, bu qərarlara riayət etmək ehtimalı daha yüksək olacaq. Bu planda gündəlik dərslə məşğul olmaq müddəti, kitab oxumaq müddəti, TV, kompüter, telefon kimi texnoloji alətlərlə nə qədər zaman keçirəcəyi kimi mövzuları qərarlaşdırın. Qərarlara riayət etməyəndə qarşılaşacağı sanksiyaları da müəyyənləşdirin. Qəbul etdiyiniz qərarları bir kağıza yazaraq göz önündə bir yerə asın.
  • Qəbul etdiyiniz qərarları təqib edin. Övladınız onunla birlikdə tərtib etdiyiniz plana bir neçə gün problemsiz riayət etsə də, zaman keçdikcə plana uymamağa başlaya bilər. Buna görə də qəbul edilən qərarların təqib edilməsi vacibdir. Övladınız dərslə məşğul olmalı olduğu bir vaxtda TV izləməyə davam edirsə, ilk öncə onu xəbərdar edin. Xəbərdarlığınıza baxmayaraq bu hal təkrarlanırsa (mətbəxdən uşağınıza dəfələrlə TV-ni söndür deyə qışqırmayın) yanına gedin və qərarlarınızı sakitcə xatırladıb TV-ni söndürün. Nə üçün dərslə məşğul olmaq istəmədiyini, bir problem olub-olmadığını soruşun. Böyük ehtimalla dərslə məşğul olmaq istəyi olmadığını, yorğun olduğunu və s. səbəblər irəli sürəcəkdir. “Heç adam dərsdən sıxılarmı, yorularmı?” kimi cümlələr qurmayın. Bunun yerinə “Çalışmaq istəyin yoxdur, bu səbəblə çalışmaq istəmədiyini anlayıram, amma dərslə məşğul olmaq lazımdır, belə qərarlaşdırmamışdıq. Sənin üçün bəlkə çətin olacaq, amma bacararsan” kimi daha motivasiya edici cümlələr qurmaq lazımdır. Əgər keçərli bir səbəb yox ikən, “madam ki, çalışmaq istəyin yoxdur, bu gün çalışma” deməyiniz doğru bir yanaşma  olmayacaqdır.
  • Texnologiyaya (telefon, kompüter, TV) sərhəd qoyun. TV izləmək və kompüter ilə oyun oynamaq dərslə məşğul olmaqdan daha əyləncəlidir. Övladınıza seçim şansı versəniz, təbii ki, əyləncəni seçəcəkdir, kompüterdən ayrılıb dərslə məşğul olmağı seçməyəcəkdir. Buna görə texnologiyadan əyləncə məqsədilə istifadə mövzusunda ona sərhəd qoyun. Övladınız dərsləri ilə vaxtlı-vaxtında məşğul olsa da, istədiyi qədər kompüterlə oynaya bilməyəcəyini anlamalıdır. Bu həm də onun fiziki baxımdan sağlam inkişafı üçün vacibdir.
  • Tələb etdiyiniz nədirsə, özünüz nümunə olun. Övladınızın TV-yə çox baxması, telefonla çox oynaması, kitab oxumağa az zaman sərf etməsi sizi narahat edirsə, bunu sadəcə qadağalarla həll etmək mümkün deyil. Nəzərə alın ki, ən yaxşı nümunə özünüzsünüz. Siz özünüz mütamadi kitab oxumaqla, TV-yə az baxmaqla, telefonla az məşğul olmaqla daha yaxşı nümunə ola bilərsiniz.  
  • İstifadə etdiyiniz sözlərə və üslubunuza diqqət edin. Nə söylədiyiniz deyil, necə söylədiyiniz önəmlidir. Övladınızın dərslə məşğul olmasını istəyirsinizsə, onun motivasiyasını artırmağa yönəlik danışın. Əsəbiləşmək, qışqırmaq, günahlandırmaq faydalı olmayacaq. Hər hansı bir səbəbdən hiss etdiyiniz hirsi uşağınızdan çıxarmayın. Övladınızın müsbət cəhətlərini vurğulayın, bu halda onlar həmin cəhətlərini inkişaf etdirməyə çalışacaqlar.

Nəticə olaraq demək olar ki, bu gün cəmiyyətdə belə bir fikir formalaşıb ki, şagird təhsildə uğur əldə etmirsə, bunun səbəbi birbaşa onun özü, təhsil aldığı məktəb və ya müəllimləridir. Lakin şagirdlərin təhsildəki uğurunda onların məktəb və müəllimləri ilə yanaşı, valideynlərinin də rolu danılmazdır. Bu baxımdan valideynlər arasında mövzu ilə bağlı maarifləndirici tədbirlərin keçirilməsi labüddür. Şagird, valideyn və müəllim arasında müsbət ünsiyyət yalnız şagirdin inkişafını müzakirə etmək, problemlərini və ehtiyaclarını müəyyən etməklə əldə edilə bilər. Bu ünsiyyəti təmin etməyin ən vacib mənbəyi sağlam və funksional məktəb-ailə görüşləridir.

Aynur Həşimova,

ARTİ-nin Metodik Dəstək Mərkəzinin əməkdaşı

İstifadə edilmiş ədəbiyyat:

1. Ardita C,  Rabije M, “The Role of Parents in the Education of Children”, Journal of Education and Practice, Vol.7, No.5, 2016. https://files.eric.ed.gov/fulltext/EJ1092391.pdf

2. Kathleen Cotton and Karen Reed Wikelund, “Parent Involvement in Education”, School Improvement Research Series. https://educationnorthwest.org/sites/default/files/parent-involvement-in-education.pdf

3. Karen Bogenschneider and Carol Johnson, University of Wisconsin-Madison University Extension, Family Involvement in Education: How Important Is It? What can legislators do?, Policy Institute for Family Impact Seminars. https://www.purdue.edu/hhs/hdfs/fii/wp-content/uploads/2015/06/fia_brchapter_20c02.pdf

4. Toprakçı E, Gülmez D, Velilerin penceresinden öğrencilerin eğitim hayatı (Anılar bağlamında nitel bir analiz), Eğitimde Nitel Araştırmalar Dergisi - ENAD, Cilt 6 / Sayı 1, 2018. http://enadonline.com/public/assets/catalogs/0549385001543659021.pdf