21.09.2021

Resurs çatışmazlığı şəraitində fizika fənninin tədrisi

Fizika dedikdə ağla ilk olaraq qanun, düstur və hesablama gəlir. Fiziki anlayışların çoxu olduqca mürəkkəbdir. Buna görə də şagirdlərin çoxu fizikanı öyrənməyi cansıxıcı hesab edirlər. Fizikaya olan bu baxışı dəyişərək şagirdlərə bu fənnin maraqlı və əyləncəli olduğunu göstərməklə necə sevdirə bilərik?

Fizika praktikaya əsaslanan elmdir. Ancaq bəzən məktəblərdə lazımi avadanlıqların azlığı müəllimlər üçün bu fənnin tədrisini çətinləşdirir. Bəs müəllimlər resurs çatışmazlığı olan şəraitdə fizika fənnini daha maraqlı etmək üçün hansı üsullardan istifadə edə bilərlər?

Bugünkü təhsildə yalnız lövhədən və ya tipik mühazirə metodlarından istifadə fizika  fənnini öyrətmək üçün adekvat deyil. Müasir dövrdə təkcə elmdəki faktları və tapıntıları çatdırmaqdan çox, şagirdlərə elm dünyasını araşdırmağı sevdirmək lazımdır.

Lazımi avadanlıqların olmadığı şəraitdə fizikanı şagirdlərə sevdirmək üçün aşağıdakı tədris metodlarından istifadə etmək olar.

Rollu oyun. Bu metod vasitəsilə şagirdləri həm zehni,  həm də  fiziki olaraq fəaliyyətə cəlb edə bilərsiniz. Rollu oyunlar dərsləri canlandırır, şagirdlərin biliklərini dərinləşdirir və motivasiyanı artırır.

Rollu oyunları dörd mərhələyə bölə bilərsiniz: hazırlıq, planlaşdırma, performans və müzakirə. Hazırlıq mərhələsini ev tapşırığı kimi vermək olar. Planlaşdırma dərsin əvvəlində planlaşdırılır ki, artıq dərs başladıqda şagirdlər tam hazır olur. Performans mərhələsində oyun keçirilir. Müzakirə mərhələsində isə siz oyunun mövzusunu şagirdlərlə müzakirə edirsiniz.

Elektrik sahəsi, elektrik cərəyanı mövzularını tədris edərkən bir qrup şagird atom, digər bir qrup şagird isə sərbəst elektronlar ola bilər. Şagirdlərdən biri isə elektrik sahəsi rolunu oynaya bilər. Elektrik sahəsi olmadıqda sərbəst elektronlar olan şagirdlər nizamsız hərəkət edirlər. Elektrik sahəsini oynayan şagird gəldikdə isə artıq sərbəst elekronlar nizamlı hərəkət edərək elektrik cərəyanı yaradırlar.

Eynilə bu üsulla siz elektrik müqaviməti, diffuziya, yarımkeçiricilərdə elektrik keçiriciliyi mövzularını da rollu oyun kimi təşkil edə bilərsiniz. Bundan əlavə, müxtəlif fiziki hadisələrin kəşfinə aid əhvalatları da səhnələşdirə bilərsiniz. Məs: Nyutonun ümumdünya cazibə qanununun kəşfi, Qalileyin Pizza qülləsində apardığı təcrübə, Arximed qanununun kəşfi və s. Bu, şagirdlər üçün maraqlı və əyləncəli olacaqdır.

Rollu oyunlar metodundan istifadə edərkən həm şagirdlərdə qavrama bacarığı formalaşır, həm də motivasiya yaranır. Rollu oyun metodu şagirdlərdə tənqidi və yaradıcı təfəkkürü, əməkdaşlıq, idarəetmə və öyrətmə bacarıqlarını inkişaf etdirir.

İdmana əsaslanan öyrənmə. İdman dərsində yerinə yetirilən müəyyən hərəkətlərin fizika dərsi ilə əlaqəli izahını verin. Bu zaman siz həm də fənlərarası inteqrasiya apararsınız. Məsələn, topa zərbə zamanı yaranan təsir və əks-təsir qüvvələrini izah edə bilərsiniz. Bu zaman şagirdlərdən birindən əvvəlcə topa yavaş, daha sonra isə güclü zərbə vurmasını xahiş edin. Hansı zərbəni daha çox hiss etdiyini və nə üçün belə olduğunu soruşun.

Üfüqə bucaq altında atılmış cismin hərəkəti, ağırlıq qüvvəsinin təsiri altında cismin hərəkəti mövzularını tədris edərkən oyun meydançasında futbol və ya voleybol topundan istifadə edə bilərsiniz (sinif otağında etməyinizi tövsiyə etmirik). Topu əvvəlcə şaquli - yuxarı ataraq ağırlıq qüvvəsinin təsiri altında hərəkəti göstərə bilərsiniz. Sonra şagirdlərdən birindən topa bucaq altında zərbə vurmasını xahiş edin. Bu zaman topun trayektoriyasının necə olduğunu soruşun. Siz topun hərəkət trayektoriyasını onlara əyani şəkildə göstərmiş olacaqsınız. Bu metod bədən-kinestetik intellektli şagirdləri də dərsə cəlb edəcəkdir.

Vizual ipucları. Əyani vəsaitlərdən istifadə edərkən şagirdlər eşitdikləri məlumatları asanlıqla tamamlayır və fikirlər arasında daha yaxşı əlaqə qura bilirlər. Bu məqsədlə nəzəriyyəni əyaniləşdirməyə kömək etmək üçün təsvirlər, diaqramlar və şəkillərdən istifadə edə bilərsiniz. Bu vəsaitləri siz özünüz hazırlaya bilərsiniz. Məsələn,  “Rəqslər” mövzusunu tədris edərkən əlinizdə riyazi rəqqas və yaylı rəqqas yoxdursa, siz bunu şəkil üzərində də izah edə bilərsiniz. Hər yaş qrupundan olan şagirdlər eşitdikləri məlumatlardan daha çox vizual olaraq gördükləri məlumatları xatırlayırlar. Bu üsul məkan-vizual intellektli şagirdləri də dərsə cəlb edəcəkdir.  

Elmi-praktik mübadilə. Mühazirələr arasında müzakirə mövzusu ilə əlaqədar şagirdlərin yaşadıqları təcrübə haqqında fikirlərini bölüşmək üçün vaxt ayırın. Bu metod onlarda müşahidə etmə qabiliyyətlərinin inkişafına təsir edəcəkdir. Siz onlara sinifdə öyrəndiklərinin evdə, məişətdə necə və harada istifadə olunması barədə suallar verə bilər və ya bunu kiçik esse formasında istəyə bilərsiniz. Bu zaman siz şagirdlərdə müşahidə, müstəqil düşüncə, fikirlərini ifadə etmək kimi bacarıqları inkişaf etdirəcəksiniz. Şagirdlərin elmi tezisi asanlıqla öyrənmələrinə kömək etmək üçün bunu təlim strategiyası halına gətirin.

Söz oyunları. Elmi terminlərdən istifadə edərək söz oyunları oynamaq şagirdlərin mövzuları daha yaxşı öyrənmələrinə, sərbəst fikir bildirmə bacarıqlarını inkişaf etdirmələrinə kömək edəcəkdir. Bu məqsədlə “Bingo” söz oyunundan istifadə etmək olar. Bu üsul üçün şagirdlərə paylanılacaq iş vərəqləri və müvafiq anlayışların yer aldığı siyahı lazımdır. Şagirdlər anlayışların və terminlərin olduğu siyahıdan istədikləri 6 sözü seçib iş vərəqlərindəki xanalara yazırlar. Müəllim siyahıdan hər hansı bir anlayışı seçərək onun haqqında izahat verir. Məs: kütlə, çəki, ətalət, qüvvə və s. Burada şagirdlər müəllimin danışdıqlarını ümumiləşdirərək hansı anlayış haqqında danışıldığını tapmalıdırlar. Oyun 6 sözü öz vərəqində qeyd etmiş ilk şagirdin “bingo” deməsi ilə bitir. Bu metod şagirdlərdə ümumiləşdirmə, biliklərin sistemləşdirilməsi, dinləyib-anlama, təhlil etmə, sürətli düşünmə kimi bacarıqlar formalaşdırır.

Əylənərək öyrənmə. Fizika dərsini şagirdlər üçün daha əyləncəli hala gətirmək üçün bir çox oyunlardan istifadə etmək olar. Bu həm fizikanı əyləncəli hala gətirəcək, həm də öyrənməni asanlaşdıracaq.

Oyuncaqların uşaqların həyatında maraqlı yer tutduğunu hamımız bilirik. Bəs onda nə üçün öyrədərkən oyunlardan və oyuncaqlardan istifadə etməyək? Biz oyunlar vasitəsilə fizikanı yalnız sözlərlə ifadə olmaqdan çıxarıb əyani şəkildə şagirdlərə göstərmiş oluruq. Bu isə fizikanı  şagirdlərə daha da sevdirəcəkdir. Ucqar bir kənd məktəbində işləyən fizika müəllimi potensial və mexaniki enerjinin bir-birinə çevrilməsini əyani şəkildə izah etmək üçün məktəbin həyətində yelləncək qura bilər. Şagirdlər yelləncəkdə əyləşərək rəqsi hərəkət edəcəklər. Və yaxud uşaqlarla birlikdə sapand düzəldə və sapandda yaranan elastiklik qüvvəsini əyani şəkildə göstərmək olar.

Lingin tarazlıq şərtini, momentlər qaydasını, çəki mövzularını tədris edərkən oyun meydançasında şagirdlərlə birlikdə basqıncaq (uşaqların əylənmək üçün iki başında oturaraq üzərində qalxıb düşdükləri tir) düzəldə bilərsiniz. Bu zaman sizə kifayət qədər uzunluğu olan taxta tir və üzərinə yerləşdirmək üçün dördbucaq şəkilli taxta parçası və ya daş lazımdır.

Diqqət: Oyuna başlamazdan əvvəl şagirdlərə digər şagird yoldaşı oturarkən basqıncaqdan düşməməsini söyləyin. Bu digər yoldaşının yaralanmasına, yaxud zədələnməsinə səbəb ola bilər.

Əvvəlcə oyuncağın hər iki ucunda bir nəfər əyləşsin. Oyuncaq tarazlıqdadırmı? Tarazlıq yaranana qədər ağır olan şagirdi basqıncağın ortasına doğru hərəkət etdirin. Şagirdlərə sual verin: Çəki dəyişdimi? Nə üçün tarazlıq yarandı? Sonra basqıncağın bir ucunda iki, digər ucunda bir şagird əyləşdirərək müşahidələr aparın və şagirdlərdən nə baş verdiyini soruşun. Bu metod şagirdlərdə nitq, mühakimə yürütmə qabiliyyəti və diqqəti inkişaf etdirir.

Təbiətdə gəzintilər. Fizika fənninin tədrisi dərsdə öyrədilən materiallar ətraf mühitdəki hadisələrlə əlaqələndirildikdə və canlı təbiətə bağlı faktlarla bağlandıqda daha səmərəli olur. Buna görə  yeni anlayışlar öyrənilərkən müəllimlər şagirdlərlə birlikdə təbiət gəzintisinə çıxa bilərlər. Bu vaxt onlar fizika elminin birbaşa təbiətlə əlaqəli olduğunu müşahidə edəcəklər. Təbiətdə gəzintilər zamanı siz bir çox təbiətlə bağlı hadisələrin izahını verə bilərsiniz. Fizika sahəsi üzrə Nobel mükafatçısı Riçard Feynman yazılarının birində yazırdı ki, onun elmə olan marağı atası ilə təbiət gəzintilərinə çıxması ilə başlayib. Atasının təbiətlə bağlı verdiyi suallar onun mühakimə qabiliyyətinin inkişaf etməsinə çox böyük təsir edib.

Təbiətdə birləşmiş qablara misal olaraq yeraltı suları, bulaqları, bataqlıqları misal göstərə bilərsiniz. Yer altında birləşmiş qablar onlarla kilometr məsafədə yaranır. Ona görə də bəzi bataqlıqlar dövlət tərəfindən qorunur. Çünki onları qurutmaq yaxinlıqdakı meşələrin qurumasına səbəb ola bilər. Bitkilərdə suyun köklər vasitəsilə sorulub budaqlara və yarpaqlara ötürülməsi kapilyarlıq hadisəsinə əsaslanır. Belə ki, su nazik kapilyar borular vasitəsilə yuxarı qalxır. Canlı orqanizmlərdə qanın damarlarda hərəkəti də kapilyarlıq hadisəsi ilə bağlıdır. Bundan əlavə, siz canlıların həyatındakı hadisələrin elmi izahını verə bilərsiniz. Məsələn, ördəklərin suda batmadan üzə bilməsinin səbəbi onların lələklərinin arasında yağ vəzilərinin olmasıdır ki, yağlı lələklər arasında hava qabarcıqları qalır. Bunun hesabına itələyici Arximed qüvvəsi artır. Dəvələrin susuzluğa uzun müddət dözə bilməsinin səbəbi onların istiliyi kənara su buxarlandırmaqla deyil, istilikkeçirmə yolu ilə verməsidir. Bunun kimi bir sıra hadisələrin izahını verə bilərsiniz.

Bu tədris metodu həm biologiya fənni ilə fizika fənnini əlaqələndirmiş olur, həm də naturalist intellektli şagirdləri də dərsə cəlb edir.

Fizika klubu. Müasir dövrdə STEM təhsili üçün fizika  klubu yarada bilərsiniz. Burada elm dünyasındakı yeni hadisələri bölüşmək, müzakirə etmək olar. Şagirdlər sosial mediadan, internetdən və ya hər hansı sahə üzrə mütəxəssislə söhbətdən əldə etdikləri məlumatları burada bölüşə bilərlər. Bu zaman  şagirdlərdə birgə aktiv öyrənmə fəaliyyəti inkişaf etmiş olur ki, bu da öz növbəsində onlarda dinləyib-anlama, danışma, təhliletmə və əməkdaşlıq kimi bacarıqlar formalaşdırır. Fizika klubunda siz müxtəlif yaş qrupundan olan şagirdlərin birlikdə işini təşkil edə bilərsiniz.

Həmyaşıdlarla öyrənmə. “Peer-to-Peer” metodu şagirdlər arasında birbaşa qarşılıqlı əlaqə sayəsində aktiv öyrənməyə kömək edir. Şagirdlər həmyaşıdları ilə ünsiyyət quranda özlərini daha rahat və sərbəst hiss edirlər. Bu metod şagirdlərdə fikir ifadə etmək, əsaslandırma, əməkdaşlıq, danışma, təhliletmə kimi bacarıqları formalaşdırır. Lakin bu üsuldan ardıcıl istifadə etmək öyrənən şagirdlərdə tənbəllik, öyrədən şagirdlərdə isə özünü üstün görmə hissi yarada bilər. Ona görə bu üsuldan ara-sıra istifadə etmək məsləhətdir.

İnteraktiv fizika elmi jurnalları. Şagirdlərdən fizika üzrə elmi jurnal yaratmalarını xahiş edə bilərsiniz. Bu şagirdlərin öyrəndikləri məlumatları ifadə etmələrinə və öz fikirlərini ortaya qoymağa şərait yaradacaqdır. Onlar kitabxanalarda, veb-saytlarda və ya mütəxəssislərlə söhbət edərək araşdırmalar apara bilərlər. Həmçinin onlar bu jurnal vasitəsilə bütün şagirdlərə öz araşdırmalarını çatdıra bilərlər. Bu zaman şagirdlərdə mövzunun araşdırılması, əməkdaşlıq, komanda işinə hörmət, ümumiləşdirmək, nəticə çıxarmaq, dəyərləndirmək kimi bacarıqlar inkişaf edəcəkdir. Həmçinin bu üsulla siz şagirdlərin yaradıcılıq qabiliyyətlərini də üzə çıxara biləcəksiniz.  

Təcrübəylə öyrənmə. Fizika praktikaya əsaslanan elmdir. Buna görə də şagirdlər fiziki hadisələri praktik təcrübələrlə araşdırsalar, bu, onlar üçün daha maraqlı olar. Kifayət qədər resurs olmadıqda müəllimlər sadə materiallardan istifadə edərək, təhlükəsizlik qaydalarına riayət etməklə şagirdlərin kiçik, sadə təcrübələr aparmasına şərait yarada bilərlər. Maddənin aqreqat halları mövzusunu tədris edərkən buzun əriməsi və ya suyun buxarlanması hadisələrini əyani şəkildə göstərə bilərsiniz. Və yaxud sıxlıq mövzusunu tədris edərkən şüşədə göy qurşağı rənglərini yarada bilərsiniz. Bunun üçün sizə şüşə stəkan, su, şəkər tozu və qida boyası lazım olacaq. Suya şəkər əlavə etdiyiniz zaman onun sıxlığı artır. Nə qədər çox şəkər əlavə etsəniz, sıxlıq bir o qədər böyük olacaq. Fərqli sıxlıqlı sulara qida boyası əlavə edin. Sonra ən çox şəkər əlavə edilmiş suyu ən alta, üzərinə isə növbə ilə digər suları sıxlıqları azalan sırayla əlavə edin. Müxtəlif rəngli sular bir-birinə qarışmayacaqdır.

Sürtünmə qüvvəsi mövzusunu tədris edərkən cisimlərin maili müstəvi üzrə hərəkətini göstərə bilərsiniz. Bu zaman sizə maili müstəvi kimi istifadə edə biləcəyiniz taxta parçası, təkərli oyuncaq, taxta blok və vaxtı ölçmək üçün cihaz lazım olacaq. Əvvəlcə şagirdlərdən təkərli oyuncaq və taxta blokun hansının maili müstəvidən daha tez enəcəyini soruşun. Daha sonra hər birini ayrı-ayrılıqda yoxlayın və vaxtı ölçün. Sual verin: Hansı cisim daha sürətli endi? Nə üçün? Şagirdlər gördükləri hadisəni özləri şərh etməyə çalışacaqlar ki, bu da onlarda müstəqil düşüncə, məntiqi və tənqidi düşüncə, fikir ifadə etmə, əsaslandırma kimi bacarıqları formalaşdıracaqdır.

Fizika viktorinası.Tədris ilinin sonunda, yarımilin sonunda “Fizika viktorinası” təşkil edə bilərsiniz. Bunu siz sinfi qruplara bölməklə bütün siniflə iş kimi, yaxud siniflər arası təşkil edə bilərsiniz. Əvvəlcədən hazırladığınız sual və məsələləri şagirdlərə yazılı və ya şifahi şəkildə təqdim edirsiniz. Şagirdlər müəyyən edilmiş müddət ərzində verilən sualı müzakirə edə və fikirlərini bölüşə bilərlər. Sonda qaliblərə kiçik mükafatlar da təqdim edə bilərsiniz. Bu üsul şagirdlərin fərqli düşüncələrini müzakirə etməyə şərait yaradacaqdır. Beləliklə, siz şagirdlərdə dinləyib-anlama, əməkdaşlıq, idarəetmə və öyrətmə bacarıqlarını formalaşdıracasınız.

Valideynlərlə iş. Valideynlərin təhsil prosesinə cəlb olunması şagirdin inkişafına müsbət təsir göstərir. Buna görə də ildə bir neçə dəfə olmaqla valideynlərin şagirdlərlə birgə fəaliyyətini təşkil etmək olar. Bunu həm sinifdə təşkil etmək olar, həm də ev tapşırığı kimi vermək olar. Şagirdlərdən evdə valideynlərinin köməyilə fiziki hadisələrə əsaslanan oyuncaqlar düzəltmələrini xahiş etmək olar. Məs: şarla işləyən oyuncaq maşın. Bunun üçün valideynlərlə şagird əllərində olan imkanlara görə sadə maşın düzəldərək, onun üzərinə şişirdilmiş şar bağlayırlar. Şarın ucuna içi deşik nazik plastik boru bərkidilir. Şardakı havanı buraxdıqda, hava plastik borudan keçərkən maşını əks istiqamətə itələyəcəkdir. Maşın hərəkət edəcəkdir. Şagirdlər reaktiv hərəkəti müşahidə edəcəklər. Bundan əlavə, iş və enerjiyə aid kağız təyyarə qurğusu düzəldə bilərlər.    

Daha çox fikir üçün aşağıdakı linkə baxa bilərsiniz: 

https://babbledabbledo.com/80-of-the-best-physics-projects-for-clever-kids/

Hər bir şagirdin valideynləri ilə birgə hansısa bir işi görməsi onların dərsə olan marağını daha da artıracaqdır. Siz bu metoddan istifadə edərkən valideynləri də dərsə cəlb edirsiniz ki, bu da valideynlərin uşaqlarının dərsləri ilə daha çox maraqlanmağına, valideyn-övlad münasibətlərinin inkişafına təsir edəcəkdir.

Yuxarıda sadalanan üsullardan başqa siz şagirdlərdən fiziki hadisələri göstərən rəsmlər çəkmələrini, şeirlər yazmalarını xahiş edə bilərsiniz. Fizikanın əyləncəli üzünü şagirdlərə nə qədər çox göstərsəniz, onlar fizikanı öyrənməyi bir o qədər çox sevəcəklər.          

Hazırladı: Təranə Həmidova

ARTİ-nin  Metodik Dəstək Mərkəzi

İstifadə olunan mənbələr:

1. 50 İnnovative teaching medhots in science  https://www.edsys.in/innovative-science-teaching-methods/     

2. Fizik dersine eğlence kattılar  https://www.hurriyet.com.tr/egitim/fizik-dersine-eglence-kattilar-40812714

3. İlkin Həsənov, Aynur Rüstəmova, Nigar Babayeva. “Kurikulum. Metodika. Pedaqogika.”  “Mücrü” nəşriyyatı. Bakı-2021. 236 səh.

4. P. Paşayev “Təbiət elmlərinin əlaqəli öyrənilməsi” “Maarif” nəşriyyatı. 1977. 108 səh. http://anl.az/el/p/pp_teeo.pdf

5. https://lifestyle.howstuffworks.com/crafts/seasonal/fun-physics-activities-for-kids.htm

6. https://www.sciencealert.com/8-awesomely-simple-science-experiments-you-can-do-at-home

7. https://frugalfun4boys.com/paper-airplane-launcher/