30.09.2021

Təlimdə 4N1KH texnikasının tətbiqi - Kiplinq metodu

Həyatda, işdə hər hansı bir problemi həll edərkən düzgün sualların verilməsi çox vacibdir. Hər situasiyada insan hadisənin kontekstini, məqsədini düzgün dəyərləndirməyi bacarmalıdır. Hadisənin bu cür təhlili problemin həllinə səmərəli yanaşmağa şərait yaradır.

Şagirdlərdə XXI əsrin ən vacib tələblərindən olan problem həlletmə, layihə hazırlamaq bacarıqlarını formalaşdırmaq üçün ən səmərəli üsullardan biri 4N1KH metodudur.

Bu texnika yalnız tədrisin predmeti deyil, həyatın müxtəlif sahələrində: biznes planların hazırlanmasında, marketinqdə, jurnalistikada, idarəetmədə, kriminologiyada və s. istifadə oluna bilər. Təlim prosesində isə bu texnika daha çox qeyd edildyi kimi problem həlletmə, layihə hazırlama, oxuyub-anlama, dinləyib-anlama, şifahi və yazılı nitq bacarıqlarını formalaşdırmaqda səmərəli üsullardan biri hesab edilə bilər.

4N1KH nədir?

Dünyada Kiplinq metodu (5W1H) kimi tanınan bu metod Azərbaycan dilində 4N1KH  abreviaturasına  (Nə? Niyə? Nə vaxt? Necə? Kim? Harada?) uyğun gəlir.  Bu metod ingilis dilində 5W1H ( What? Who? Where? When? Why? How?), Türkiyə türkcəsində isə  5N1K (Ne? Neden? Ne zaman? Nasıl? Nerede? Kim?) abreviaturası şəklində yazılır.

                       

Kiplinq metodu - 5W1H necə yarandı?

Texnikanın tarixçəsi məşhur ingilis yazıçısı Rudyard Kiplinqin yazdığı şeirlə başlayır.  Yazıçının 1902-ci ildə nəşr olunan “Just So Stories” (“Sadə hekayələr”) kitabında belə bir şeir var idi:

"I keep six honest serving-men                                                                    

They taught me all I knew:

Their names are what and why and when

And how and where and who"

*************************************************************************************************************

Altı vicdanlı xidmətçi saxlayıram

Bildiklərimin hamısını mənə öyrətdilər:

Adları , niyənə vaxtdır

necə, harada və kim.

Həmin şeirdə işlənən sual əvəzliklərinin baş hərfləri sonradan 5W1H metodunun yaranmasının ideya qaynağına çevrilir.

4N1KH metodunun mahiyyəti nədir?

4N1KH metodu suallar texnikasıdır. Bu suallar hər hansı bir işlə bağlı olaraq məlumat toplamaq məqsədilə  istifadə olunur. Vəziyyəti başa düşmək üçün eyni vaxtda situasiyaya uyğun olaraq müxtəlif suallarla problemin detalları müəyyənləşdirilir və problemin əsasında duran  səbəb-nəticə əlaqələri üzə çıxmış olur. Bu metod hər hansı müzakirəni genişləndirməyə, araşdırmalarınızı doğru istiqamətə yönəltməyə və qənaətlərinizi əsaslandırmağa kömək edə bilər.

Yaranan problemin dərin təhlili, yeni fikirlərin yaranması və inkişafı verilən suallar siyahısından istifadə etməklə aparılır. Metodun mahiyyəti onu tələb edir ki, suallar həmişə eyni ardıcıllıqda verilə bilməz. Veriləcək sualların ardıcıllığı situasiyanın tələbinə görə məntiqi ardıcıllıqla qurulmalıdır. Hər bir sual əvvəl verilmiş suallara alınan cavabları dəqiqləşdirməyə və ya konkretləşdirməyə xidmət etməldir. Verilən suallara ətraflı, konkret və orijinal cavablar problemi daha dolğun təhlil etməyə, əlavə imkanlar açmağa və həllində əhəmiyyətli irəliləyişə nail olmağa imkan verir.

4N1KH sual-cavab texnikası tədqiqatda, jurnalistikada, kriminalogiyada, layihələrin hazırlanmasında, təhqiqat prosesində və s. istifadə olunur. Suallar elə qurulmalıdır ki, cavabları “bəli” və ya “xeyr” olmasın. Suallara mümkün qədər ətraflı cavablar alınsın,  detalları təyin etsin,  həqiqi cavabları üzə çıxarsın.

4N1KH metodunun üstünlükləri:

1. Metod yaradıcı düşüncəni aktivləşdirir və yeni fikirlər formalaşdırır.

2. Metod bir problemi təhlil etməkdə, fərqli yanaşmaları nəzərdən keçirməkdə və yeni təsirli həll yollarını tapmaqda faydalıdır.

3. Hər hansı işə başlamazdan əvvəl hazırlıq və ya qərarvermə mərhələsində əhəmiyyətlidir.

4. Tədqiqat layihələrində və bir çox problemlərin həllində yaradıcı düşüncəni stimullaşdırır.                                                                

Problem həlletmədə texnikanın tətbiqi mərhələləri:

Problemin həlli yolunun tapılmasında kompleks qanunauyğunluq kimi 4N1KH metodu aşağıdakı mərhələlərlə tətbiq edilə bilər:

1. Həll olunacaq problemi müəyyənləşdirmək və ya məqsədi aydınlaşdırmaq.

2. Sualları məntiqi ardıcıllıqla soruşmaq və cavabları dəqiq vermək.

3. Yaranmış bütün ideyaları qeyd etmək, ümumiləşdirmək və ən uğurlularını seçmək.

4. Daha ətraflı məlumat almaq üçün əvvəlcədən hazırlanmış əlavə və genişləndirilmiş suallar vermək.

Suallar problemin hazırkı vəziyyətinə və yeni vəzifənin formalaşdırılmasına uyğun olaraq formalaşdırıla bilər.

1. Nə etməli? Mən indi nə edirəm? Nə etmək lazımdır? Nə oldu? Əslində nədir? Problem nədədir? Qarşıda nə var? Bu vəziyyətdə ən vacib şey nədir? Alternativ nədir? Sonrakı nədir?

2. Niyə etməli? Bunu niyə etməlisən? Bu niyə baş verir? Bu niyə edildi? Niyə vacibdir? Niyə bu təsir edir? Niyə də yox?

3. Nə vaxt etməli? Bunu etmək üçün ən yaxşı vaxt nə vaxtdır? Nə vaxt başladı? Aktivlik nə vaxt zirvəyə qalxacaq? Ekspedisiya üçün ən yaxşı vaxt nə vaxtdır? Nə vaxt bitəcək?

4. Harada etməli? Bunun ən yaxşı yolu haradadır? Harada olur? O haradadır? Hansı yerdə başladı? Başqa haradadır? Ən çətin yer haradadır? Ətraflı məlumatı haradan əldə edə bilərəm?

5. Kim etməli? Kim bunu etməlidir? Kim daha yaxşı edə bilər?Qarşıda kim var ? Kim kömək edir? Kim təsir edir? Bunu kim idarə edə bilər? Bundan başqa kim maraqlanır? Kim uddu? Kim mütəxəssis ola bilər?

6. Necə etməli? Necə daha yaxşı edə bilərsən? Necə çox? Nə tez -tez? Problemi necə həll etmək olar? Necə düzəltmək olar? Bunu necə dəyişmək olar? Bu çətinlikləri necə aradan qaldırmaq olar? Necə istifadə etməli? Problemin həll olunduğunu haradan bilirik?

Problemin xüsusiyyətlərindən, vəziyyətdən və vəzifədən asılı olaraq əlavə və genişləndirilmiş suallar tərtib oluna və tətbiq oluna bilər. Tutaq ki, avtomobilin sürətlər qutusunda problem yaranıb. Bu zaman usta problemi həll etmək üçün müxtəlif suallar verə bilər:

  • Avtomobildə olan problem necə hiss olundu?
  • Avtomobildə ən son dəyişilən detal olub?
  • Avtomobildəki problem ilk dəfə nə zaman baş verib?
  • Avtomobildəki bu problemi ilk olaraq kim hiss etdi?
  • Avtomobili harada sürərkən problem daha çox hiss olunur?

Suallar hər hansı problemin həllini tapmağa uyğun olması üçün dəyişdirilə bilər. Əsas odur ki, suallar problemin bütün aspektlərini müəyyənləşdirməyə xidmət etsin.

4N1KH metodunun layihə hazırlanmasında tətbiqi:

Sualın təsviri Sualın məqsədi Nümunə suallar
Nə?  - Layihənin mövzusunu müəyyənləşdirir. Hadisə, problem, prosedur, alətlər, vəziyyət, mahiyyət və s.

Layihənin mövzusu nədir?

Layihənin üstünlüyü nələrdir?

Niyə? - Layihənin məqsədini müəyyənləşdirir. Məqsəd, səbəb, maraq, doğru və yanlışlar, nəticə və s.

Layihə niyə planlaşdırılıb?

Nəyə görə bu qərar verilib?

Necə? - Layihənin həyata keçirilmə ardıcıllığını, metodunu müəyyənləşdirir. İstifadə edilən üsullar, görüləcək işlər, şərtlər və s. Layihə necə reallaşacaq? Layihə necə planlaşdırılıb?
Nə zaman?  - Layihənin hansı zaman müddətində keçirilməsini müəyyənləşdirir. Tarix, müddət, interval, xronologiya, ardıcıl proseslər və s. Nə qədər çəkəcək? Başlama tarixi, müddəti və bitmə tarixi nə vaxtdır?
Kim? - Layihədə və ya prosesdə məsul şəxsləri müəyyənləşdirir. Məsul şəxslər, maraqlı tərəflər, iştirakçılar və s.

Kimlər cavabdehdir? Layihəni kim icra edir?

 

Harada? - Layihənin həyata keçiriləcəyi məkanı və ya yeri müəyyənləşdirir.

Məkan, obyekt, yer, detal və s. Layihə harada tətbiq olunur

Hər hansı layihənin hazırlanması yaradıcı təfəkkür tələb edir. Layihə hazırlığı prosesinin də müəyyən ardıcıllıq alqoritmi vardır ki, burada da 4N1KH metodu tətbiq edilə bilər.

4N1KH modelinin oxuyub-anlama və dinləyib-anlamada tətbiqi:

4N1KH texnikası ilə dinləyib-anlama və ya oxub-anlama bacarığını şagirddə formalaşdırmaq olduqca səmərəli ola bilər. Bu texnika anlama üçün bütün növ mətnlərdə: bədii, elmi, publisistik və s. vasitəçi ola bilər.

  • Mətndə mövzu nədir?
  • Mətndə hadisə(lər) nə vaxt baş vermişdir?
  • Mətndəki hadisələr necə təsvir edilmişdir?
  • Mətndə təsvir edilən hadisə niyə baş verdi?
  • Mətndəki hadisə(lər)də kimlər yer almışdır?
  • Mətndəki hadisə(lər) harada baş vermişdir?

MƏTN

X, Y, Z və ALFA nəsilləri

1. 1964-76-cı illərdə doğulanlar – “ X NƏSİL”

Dünya üzrə təqribən, 41 milyon insan. Texnologiyanın inkşaf etdiyi dövrdə böyüyüblər. Əvvəlki  nəsillər həyat şəraitləri səbəbindən (Dünya müharibəsi və bundan sonra ölkələrin dirçəliş dövrü) kollektiv işə meylli idilərsə, bu nəsil fərdi əməyi üstün tutur. Yeniliklərə tez adaptasiya ola bilmələri ilə seçilsələr də, təşəbbüskar deyillər və onlara verilən konkret iş- plan üzrə hərəkət edirlər.

2. 1977-97 -ci illərdə doğulanlar – “ Y NƏSİL və ya Millenniallar”

Dünya üzrə təqribən 71 milyon insan. Sərhədləri konkret deyil, adətən 1980-95-ci illərdə doğulmuş insanlar bu nəslə aid edilir. Digər nəsillərdən fərqli olaraq, uğura “pillə-pillə çıxmağı” deyil, birbaşa yüksəyə çatmağı arzulayırlar. Bu da onların ən zəif cəhətidir. Lakin dəyişikliklərə açıq, texnologiyanı mənimsəmiş, əzmkar və hərtərəfli məlumatlı olmaları iş həyatında önə çıxaran cəhətləridir.

3. 1998 - müasir dövr – “Z NƏSİL və ya ZOOMERLƏR”

Dünya üzrə təqribən bu nəslə aid 23 milyon insan var və artmağa davam edir. Ünsiyyətcil, özünə inamlı (bəzən özündən razı), çoxyönlü, sərbəst fəaliyyətə və əyləncəyə meylli nəsildir. Bununla belə, işləməyi də sevirlər. Dəyişikliklərə çox tez adaptasiya edəbilən, texnologiya ilə ən yaxın olan nəsildir. Bu nəslin nümayəndələrini ağıllı telefonlar, kompüter və s. olmadan görmək mümkün deyil.

Mənfi cəhətləri isə nizam-intizamsız olmalarıdır. Daimi nəzarət tələb edirlər.

“Z nəsil” dən sonra isə artıq yeni bir nəsil formalaşır.

4. Alfa nəsli

2010-cu ildən sonra doğulmuşlar sosial araşdırmacı Mark McCrindle tərəfindən “Alfa nəsil” olaraq adlandırılır. Bu nəsil hələ çox öyrənilməyib. “Mən mərkəzli”, sərhədləri olmayan, azadlıqlarına düşkün olmaları ilə seçiləcəkləri güman olunur. Eyni zamanda, dünyadakı nizamı kökündən dəyişəcəkləri düşünülür.

Son olaraq, nəsillərin bu analizinə rəğmən qeyd etmək lazımdır ki, hərkəs özlüyündə tək bir fərddir və ümumi xarakteristika ilə ziddiyət təşkil etməsi də normal haldır.

Mənbə:

https://www.matematiksel.org/x-y-z-kusagi-sizin-kusak-hangisi-ve-tum-bunlar-ne-anlama-geliyor/

https://www.iacet.org/news/iacet-blog/blog-articles/do-you-know-the-difference-between-generation-x-y-z/

Mətnə əsasən 4N1KH metoduna uyğun nümunə suallar:

 

Nə?

1. X, Y, Z və Alfa nəsilləri arasındakı əsas fərq nədir?

2. Z nəslinin özünəməxsus xüsusiyyətləri nələrdir?

 

Niyə?

3. Alfa nəslinin sayı niyə məlum deyil?

4. Niyə Alfa nəslinin dünyanın nizamını dəyişəcəyi qənaəti formalaşır?

 

Nə zaman?

5. Z nəsli nə zaman mövcud olmuşdur?

 

Necə?

6. Y nəsli necə xarakterizə olunur?

 

Kim?

7. Kimlərə Alfa nəslinin nümayəndəsi demək mümkündür?

8. Kim ən müasir dövrün insanlarını Alfa nəsli adlandırıb?

 

Harada?

9. Y nəslinin nümayəndələri hansı sahədə (harada?) daha çox uğur əldə edirlər?

 

İstifadə edilmiş mənbələr:

1. https://www.linkedin.com/pulse/how-use-5w1h-rule-deepak-chawla

2. https://online.visual-paradigm.com/knowledge/5w1h/how-to-research-topic-with-5w1h/#

3. https://www.nikunjbhoraniya.com/2020/04/5w-1h-method-for-problem-solving.html

4. https://geniusrevive.com/metod-kiplinga-5w1h/

5. https://okumagunlugu.com/dinleme-bir-gazete-muhabiri-olsaydin/

6. https://ilkha.com/guncel/5n1k-nedir-5n1k-tekniginin-anlami-ve-acilimi-nedir-150657

Müəllif:

Elxan Nəcəfov

ARTİ-nin Metodik Dəstək Mərkəzinin Əlaqələndirmə şöbəsinin müdiri