13.10.2021

Androqogiya nədir və pedaqogikadan nə ilə fərqlənir?

Andraqogiya termini ilk dəfə olaraq 1833-cü ildə alman pedaqoq Aleksandr Kapp tərəfindən işlənmişdir. 1921-ci ildə Oyqen Rozenştok-Hyüssi andraqogiya terminindən böyüklərin təhsil nəzəriyyəsi kimi istifadə etmişdir. Daha sonra bir müddət bu termin istifadə olunmadı. 1967-ci ildə amerikalı pedaqoq Malkolm Knoules “andraqoji” terminindən istifadə etdi və bu ABŞ-da çox məhşur oldu. Malkolm iddia edirdi ki, “andraqogiya” termini daha çox istifadə olunan “pedaqogika” terminindən fərqlənməlidir. Hər iki söz qədim yunan sözlərindən yaranmışdır. Andraqogiya andr – insan, agogos –lider, bələdçi sözlərindən yaranıb, mənası “insan bələdçisi” deməkdir. Pedaqogika isə payda – uşaq, agogos – aparıcı sözlərindən yaranıb, mənası “uşaq bələdçisi” deməkdir.

Andraqogiya və pedaqogika  anlayışları öyrənmə prosesinə kömək etmələri baxımından oxşar olsalar da, fərqlənirlər. Pedaqogika, əsasən, uşaqlara yönəlmiş  bir tədris-təlim yanaşmasıdır. Andraqogiya isə tədrisdə böyüklər üçün istifadə olunan texnika və təcrübələrdir.

Malkolm Knoulesin andraqogiya nəzəriyyəsi yetkinlərin öyrənmə nəzəriyyəsidir. Yetkin insanlar uşaqlara nisbətən özünü idarə edə bilir və qərarlarına görə məsuliyyət daşıyırlar. Ona görə onların tədris proqramları uşaqların tədris proqramlarından fərqli olmalıdır.

Yetkin insanların öyrənmə metodlarını tədqiq edən andraqogiyanın 4 əsas prinsipi vardır. 

  1. İştirak. Yetkin insanlar təlimlərin planlaşdırılması və qiymətləndirilməsində iştirak etməlidirlər.
  2. Təcrübə. Təcrübə öyrənmə fəaliyyətinin əsasını təşkil edir.
  3. Problemin həllinə yönəlmək. Yetkinlərin öyrənməsi məzmun yönümlü deyil, problem mərkəzlidir.
  4. Aktuallıq. Yetkin insanlar iş və ya şəxsi həyatı ilə əlaqəsi olan, onlara lazım olacaq mövzularla daha çox maraqlanırlar.  

Hər bir təhsil sistemi cəmiyyət üçün yararlı olan şəxsiyyətlər yetişdirməyi hədəfləyir. Knoulesə görə, xüsusi bacarıq və qabiliyyətlər müxtəlif təhsil şəraitində formalaşır. Bəs andraqogiya nəzəriyyəsini sinifdə necə tətbiq etmək lazımdır? Yetkin insanları cəlb etmək üçün sadəcə problemi ortaya qoyub, şagirdlərdən əvvəlki bilik və təcrübələrindən istifadə edərək problemi həll etmələrini istəyin:

  • Problemi təqdim edin.
  • Müzakirə üçün vaxt verin.
  • Boşluqları məzmunla doldurun.

Səmərəli sinif üçün Knoulesin 6 təklifi vardır:

1.   Birgə öyrənmə əsasında sinif təşkil edin.

2.   Hər bir yetkin şagirdin maraq və ehtiyaclarını araşdırın.

3.   Bu maraq və ehtiyaclara uyğun öyrənmə məqsədləri yaradın.

4.   Öyrənmə məqsədlərinə çatmaq üçün fəaliyyətlər yaradın.

5.   Təlim üçün metodlar yaradın.

6.   Hər addımı qiymətləndirərkən hər bir fəaliyyəti nəzərdən keçirin və lazım gələrsə dəyişikliklər edin.

Knoulesin “Andraqogiya” nəzəriyyəsi aşağıdakı əsas fərziyyələri özündə birləşdirir:

  1. Öz fikirləri: Yetkin insanlar artıq başqalarından asılı olmayıb özü-özünü istiqamətləndirir.
  2. Təcrübə: Yetkinlər böyüdükcə təcrübə qazanır. Bu da onların öyrənmələrinə böyük kömək edir.
  3. Öyrənməyə hazırlıq: Yetkinlər özlərinin cəmiyyətdəki yerinə və roluna dəyər verirlər və buna görə də öyrənməyə hazırdırlar.
  4. Öyrənmək üçün istiqamətlənmək: yetkinlərin həyata və öyrənməyə olan baxışları yaş artdıqca dəyişir. Onlar öyrəndiklərini dərhal tətbiq edir və problemi həll etməyə çalışırlar.
  5. Motivasiya, öyrənmə istəyi. Yetkinlər xarici motivasiyadan çox daxili motivasiya sayəsində öyrənirlər.

Yetkinlik yaşına çatmış şagirdlər onlar üçün ən uyğun və faydalı olanları yadda saxlayırlar. Bunun üçün də böyüklərin öyrənmə prosesində onlara müəyyən bir bacarığı nə üçün öyrəndiklərini izah etməyə ehtiyac var. Yetkin insanlar sadəcə məlumatı saxlamaq əvəzinə, onun real həyatda tətbiqinə daha çox fikir verirlər. Problemin həlli və dərhal tətbiq olunması səmərəli andraqoji təlimin əsas prinsipləridir.

Knoulesə görə, böyüklər üçün 7 arzuolunan nəticə vardır:

  • Özünü tanıma: Böyüklərin öz maraqlarını, qabiliyyətlərini və məqsədlərini bilməsi şəxsi inkişafa və özünə hörmətə səbəb olur.
  • Qlobal vətəndaşlıq: Böyüklər, insanlar və fikirlər arasında fərq qoymağı və başqalarına hörmət etməyi öyrənməlidir.
  • Müsbət münasibət: Yetkin insanlarda hər bir fikrə açıq olmaq dəyişiklikləri qəbul etmək, hər andan öyrənmək üçün istifadə etməyə kömək edir.
  • Doğruları axtarır: Çox vaxt insanlar nəticəyə reaksiya verirlər. Yetkin insanlar isə davranışın kökünü anlamağa çalışır və onun səbəbini həll etməyə çalışırlar.
  • Şəxsiyyət: Təhsil hər bir fərdin cəmiyyətdəki mövqeyini dəstəkləyən bir çox üsullar təqdim edə bilər. Yetkin insanlar öz mövqelərini dəstəkləyən bacarıqları öyrənərək bundan istifadə etməlidirlər.
  • Əsas dəyərlər: Yetkin insanlar yalnız yaşadıqları cəmiyyətin ümumi dəyərlərinə hörmət etmirlər,  paylaşılan fikirlər hər bir icma tərəfindən qiymətləndirilir.
  • Sosial qayda: Böyüklər nəinki yaşadıqları cəmiyyətin qayda və dəyərlərini bilməlidirlər, həm də buna riayət etməlidirlər.    

Pedaqogikadan fərqli olaraq andraqogiya yetkinlərə yönəlmiş bir təlim nəzəriyyəsidir. Uşaqlar üçün istifadə olunan üsullar böyüklər üçün təsirli olmaya bilər. Ona görə də andraqogiya və pedaqogika bir-birindən fərqlənir. Aşagıdakı cədvəl bu fərqləri əks etdirir:

Aspektlər

Andraqogiya

Pedaqogika

Mənşəyi

Hər ikisi yunan sözüdür.

Andraqogiya = andr (adam) + agogos (bələdçi)

Pedaqogika = payda (uşaq) + agogos (bələdçi)

Tərif

Böyüklər üçün tədrisdə istifadə olunan texnika və təcrübələr.

Uşaqlar üçün tədrisdə istifadə olunan texnika və təcrübələr.

Diqqət

Andraqoji yanaşmanın əsas istiqaməti özünü idarə edən, əməkdaşlıq edən və ikitərəfli öyrənmə prosesidir.

Pedaqoji yanaşmanın əsas istiqaməti müəllimin biliklərini şagirdlərlə bölüşdüyü birtərəfli öyrənmə metodudur.

Etibar

Yetkin şagirdlər təlim prosesi zamanı müəllimə nisbətən az güvənirlər.

Şagirdlər təlim prosesi zamanı müəllimə daha çox güvənirlər.

Səlahiyyət

Şagirdlər öyrənmə təcrübələrinə, vəsaitlərinə və texnikalarına daha çox nəzarət edirlər.

Müəllim öyrənmə təcrübələrinə, vəsaitlərinə və texnikalarına nəzarət edir.

Qiymətləndirmənin əhəmiyyəti

Qiymətlər  şagirdlər üçün az əhəmiyyət kəsb edir.

Qiymətlər şagirdlər üçün daha əhəmiyyətlidir.

Öyrənmə  davranışı

Hansı bilikləri əldə etmək istədiklərini bildikləri üçün yalnız proqnazlaşdırmaqla deyil, həm də öyrənmələrini qiymətləndirməklə dərindən məşğul olurlar.

Burada şagird bütün təlim prosesi boyunca müəllimindən asılıdır.

Təcrübədə öyrənənlərin rolu

Şagirdlər öz öyrənmələrinə müxtəliflik qatmaq, prosesi daha interaktiv hala gətirməkdə daha təcrübəlidirlər.

Şagirdlər müəyyən bir sahədə daha az təcrübəyə malikdirlər və onların təcrübəsindən öyrənmə mənbəyi kimi istifadə etmək olmur.

Öyrənməyə istiqamətlənmə

Şagirdlər öyrəndiklərini real həyatın problemlərinin həllinə yönəltməyə daha çox diqqət yetirirlər.

Şagirdlər əsas mövzuya və onun mənasına diqqət yetirirlər.

Öyrənməyə hazırlıq

Öyrənməyə hazırlıq həyatın müəyyən vəziyyətllərində problemi həll etmək, bacarıqları inkişaf etdirmək istəyi ilə aktivləşir.

Şagirdlər arasında müəyyən bir sahədə bilik və bacarıqlarını inkişaf etdirmək üçün öyrənməyə hazırlıq aktivləşir.

Öyrənmək üçün motivasiya

Şagirdlərin motivasiyası, əsasən, daxili amillərdir.

Şagirdlərin motivasiyası, əsasən, xarici amillərdir. Məsələn, yaxşı qiymət.

Xüsusiyyət

Andraqogiya həvəsləndirici bir yanaşmadır.

Pedaqogika daha sistemli yanaşmadır.

 

İstifadə olunan ədəbiyyat:

1. Andragogy theory-Malcolm Knowles https://educationaltechnology.net/andragogy-theory-malcolm-knowles/

2. Androgogy & Problem-Based Learning https://fpdatcod.wordpress.com/2019/01/25/andragogy-problem-based-learning/

3. 12+ Amazing Differences Between "Androgogy" and "Pedagogy" Approach https://www.publichealthnotes.com/12-amazing-differences-between-andragogy-and-pedagogy-approach