24.09.2017

"3 və 4 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunması" layihəsi çərçivəsində "İcma əsaslı məktəbəqədər hazırlıq" təlimi

23-24 sentyabr tarixlərində Təhsil İnstitutunun (ARTİ) təşkilatçılığı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu (YUNİSEF) arasında imzalanmış “2016-2017-ci illərə dair İllik Fəaliyyət Planı”na müvafiq olaraq “3 və 4 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunması” layihəsi çərçivəsində “İcma əsaslı məktəbəqədər hazırlıq” adlı təlim keçirilib.

Təlimdə Bakı şəhəri, Şəmkir, Goranboy, Şabran, Xaçmaz, Salyan, Neftçala, Biləsuvar, Şirvan, Ağcəbədi və Quba rayonları üzrə hər regiondan bir neçə nəfər olmaqla 20 icma rəhbəri iştirak edib. 

“3 və 4 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunması” layihəsi çərçivəsində keçirilən təlimin mövzusu icma əsaslı məktəbəqədər hazırlığın təşkili istiqamətində icma rəhbərlərinə erkən uşaqlıq təhsilinin əhəmiyyəti, inkişaf sahələri və uşaqlarla işləməyin prinsiplərini izah etməkdən ibarət olub. Tədbirdə valideynlər üçün hazırlanmış vəsait - proqram təqdim edilib və onun bölmələri barədə məlumat verilib. Qeyd edək ki, uşaqların inkişafı üçün nəzərdə tutulan proqrama əsasən inkişaf mərkəzləri həmin vəsait və materiallarla təmin olunacaq. Tədbirin təlimçiləri Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri və Təhsil İnstitutunun direktor vəzifəsini icra edən Emin Əmrullayev və YUNİSEF-in məsləhətçisi, psixoloq-pedaqoq Həbib Kərimov olub.

“3 və 4 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunması” layihəsi 3 və 4 yaşlı uşaqların fiziki, intellektual inkişafı üçün həyata keçirilir. Layihəyə əsasən təyin olunan şəhər və rayonlarda (Bakı şəhəri, Şəmkir, Goranboy, Şabran, Xaçmaz, Salyan, Neftçala, Biləsuvar, Şirvan, Ağcəbədi, Quba) icma əsaslı uşaq inkişaf mərkəzləri yaradılır. Bu layihənin hər icmada 20 uşaq olmaqla ümumlilikdə 50 icmadan 1000 uşağı əhatə etməsi nəzərdə tutulub.