21.06.2017

"Tədqiqat prosesinin mərhələləri" - seminar

İyunun 21-də Təhsil İnstitutunun Elmi-pedaqoji kadr hazırlığı şöbəsinin təşkilatçılığı ilə “Təhsildə tədqiqatların aparılmasında praktiki məsələlər” layihəsi çərçivəsində təşkil olunan "Tədqiqat prosesinin mərhələləri" mövzusunda seminar keçirilib.

Seminarın aparıcısı ADA Universitetinin dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Ülviyyə Mikayılova olub. Ülviyyə Mikayılova - təhsildə tədqiqat sahəsində geniş bilik və təcrübəyə malik mütəxəssisdir. Təhsildə Liderlik və Menecment üzrə İngiltərənin Mançester Universitetində Magistr dərəcəsinə yiyələnib. 1998-2015-ci illərdə təhsildə innovasiyaların tətbiqi sahəsində fəaliyyət göstərib. Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunda "Addım-Addım Erkən Yaş Dövrü"nün proqramına rəhbərlik edib. 2004-2015-ci illərdə Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi İB-nin direktoru vəzifəsində çalışıb. 2009-cu ildən Dünya Bankının və YUNİSEF-in beynəlxalq məsləhətçisi kimi həm xarici ölkələrdə, həm də Azərbaycanda bir sıra islahat yönümlü layihələrdə xidmət göstərib. Bir neçə mötəbər beynəlxalq peşəkar şəbəkə təşkilatlarının üzvüdür.

Ülviyyə Mikayılova təhsildə göstərdiyi xidmətlərə görə Təhsil Nazirliyi tərəfindən 2009-cu ildə Təhsil Əlaçısı döş nişanı ilə təltif edilib. Hal-hazırda ADA Universitetinin Təhsilin idarə edilməsi fakültəsində dosent vəzifəsində çalışır.