22.05.2017

"İbtidai sinif müəllimləri" təlim kursu

Mayın 22-də Təhsil İnstitutunun təşəbbüsü və YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə Sinqapurun Milli Təhsil İnstitutu tərəfindən Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda “İbtidai sinif müəllimi” adlı təlim kursu keçirilib. 

Təlim kursunun əsas məqsədi ibtidai sinif müəllimlərinə qabaqcıl təhsil sistemi və effektiv sinif idarəetməsi haqqında məlumat vermək, yeni qiymətləndirmə metodları ilə müəllimləri tanış etmək və onların liderlik potensialını inkişaf etdirmək olub.

Təlim kursu Sinqapurun Milli Təhsil İnstitutunun nümayəndəsi, xüsusi dəvət olunmuş Çan Vi Bun tərəfindən keçirilir. Kurs çərçivəsində şagirdlər ilə ünsiyyət bacarıqlarının inkişafı, dərslərin təşkili və digər mövzularda interaktiv sessiyalar da  təşkil olunub.

Təlim kursunda iştirak etmək məqsədilə 28 nəfər ibtidai sinif müəllimi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin və bu təhsil müəssisəsinin nəzdində Pedaqoji Kollecin əməkdaşları seçilib.

Qeyd edək ki, Sinqapurun Milli Təhsil İnstitutu məktəb rəhbərlərinin və müəllimlərin hazırlığı, ixtisasartırma fəaliyyətinin inkişafı ilə məşğul olan təhsil qurumudur. Təhsildə geniş tədqiqat fəaliyyəti həyata keçirən bu qurum Sinqapurun regional təhsil mərkəzinə çevrilməsində əhəmiyyətli rol oynayıb. Milli Təhsil İnstitutunun fəaliyyətinin əsas nailiyyətlərindən biri Sinqapurun 2015-ci ildə keçirilmiş PİSA (Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramı) tədqiqatında dünya üzrə ilk pillədə qərarlaşmasıdır.