Sentyabr 28-də Təhsil Nazirliyi tərəfindən elan olunan Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsinin yekunu ilə bağlı brifinq keçirilib.
Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev qeyd edib ki, müsabiqə dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilib. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə 78, fərdi kateqoriya üzrə isə 213 layihə təklifi daxil olub.
Təşkilat Komitəsi Ekspert Qrupunun rəyi əsasında ümumi təhsil müəssisələri kateqoriyası üzrə 37, fərdi kateqoriya üzrə 83 layihənin dəstəklənməsini məqsədəuyğun sayıb. Barələrində müsbət qərar qəbul olunmuş 120 layihənin maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənib.
Brifinqdə bildirilib ki, müsabiqə üzrə layihə təklifləri avqustun 15-dən sentyabrın 10-dək qəbul edilib. Müsabiqədə layihəsi qalib olmayan müraciətçilər 5 oktyabr saat 18:00-dək apellyasiya müraciəti edə bilərlər. Bunun üçün müraciətçilər grants@edu.gov.az elektron poçt ünvanına layihənin kateroqiyası, adı, layihə rəhbərinin adı və əlaqə nömrələrini göndərməlidir. Apellyasiya müraciətlərinə baxılma tarixi ilə bağlı əlavə məlumat veriləcək.
Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların müsabiqəsinin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir. Müsabiqə müasir tələblər baxımından məktəbdaxili rəhbərlik və nəzarətin təkmilləşdirilməsi, pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, məktəb-icma (valideyn) münasibətlərinin təşəkkülü və inkişaf etdirilməsi, keyfiyyətin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiq olunması, istedadlı uşaqlarla işin təşkili və ümumilikdə 10 mövzu üzrə keçirilib.
Sonda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
Hər iki kateqoriya üzrə müsabiqə qaliblərinin siyahısı:
Fərdi kateqoriya üzrə müsabiqə çərçivəsində qalib gəlmiş layihələr haqqında məlumat