“İstedad sorağında” layihəsinin seçim turlarına start verilib.

Tarix: 18.10.2017
Paylaş:

Təhsildə inkişav və innovasiyalar üzrə I qrant müsabiqəsinin qalibi olmuş “İstedad sorağında” layihəsinin seçim turlarına start verilib. Layihənin əsas məqsədi Qax rayonunun ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərin kimya və biologiya fənləri üzrə fənn olimpiadalarında və digər respublika müsabiqələrində uğurlu iştirakçılarının say etibarilə çoxaldılmasına nail olmaq, istedadı olan uşaqların üzə çıxarılmasına və onlarda vacib kompetensiyaların inkişafına  təkan verməkdir.

Layihə çərçivəsində istedadlı uşaqların erkən yaşdan seçilməsinin təmini, onların inkişafinın  mütərəqqiliyini təmin edən  inteqrativ baxışların əsaslarını və istiqamətlərini müəyyənləşdirilməsi və tətbiqi, psixoloji xüsusiyyətlərin təyini, xüsusi seminar və müzakirələrin təşkili, valideynlərdə ailə, məktəb və övladının inkişafında məsuliyyəti, düşüncə tərzini müasirləşdirmək, formalaşdırmaq üçün müxtəlif mövzularda  kollokviumların keçirilməsi, övladını düzgün istiqamətləndirmək üçün müşahidə və öyrənmə prosesinə cəlb edilməsi, nəticədə təkmilləşdirilmiş, uğur qazanmış  şagirdlərin öz siniflərində və məktəblərində nümunəvi görüşlərinin təşkil edilməsi, digər şagirdlər üçün stimul yaratmaq kimi məsələlər öz həllinin tapacaq.

Layihənin icra müddəti 3 ayı əhatə edir. Oktyabrın 10-da Qax şəhər 4 nömrəli tam orta məktəbdə  ilk seçim turu keçirilib. Seçim turunda rayonun bütün ümumtəhsil müəssisələrindən 120 nəfər VI-VII sinif şagirdi iştirak edib.

Layihə çərçivəsində seçimlər iki mərhələdə aparılacaq. Birinci mərhələdə VI-VII sinif şagirdləri kimya və biologiya fənləri üzrə, ikinci mərhələdə məntiq  və ümumi dünyagörüşə aid olan sualları cavablandıracaqlar. Daha sonra seçilmiş istedadlı şagirdlərin valideynləri ilə “Mən övladımı nə dərəcədə tanıyıram” adlı anket sorğusu aparılacaq. Noyabr ayından isə şagirdlər təlimlərə cəlb olunacaqlar.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdi. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib. 

Mənbə: Qax Rayon Təhsil Şöbəsi