I qrant müsabiqəsinin qalibi olmuş layihəyə start verilib

Tarix: 19.10.2017
Paylaş:

Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsinin qalibi olmuş   “Gəzək, Görək, Öyrənək…” layihəsinin seçim turlarına start verilib.

Layihənin məqsədi şagirdlərin elmi və məlumatlılıq səviyyəsini artırmaq üçün qeyri-standart dərslərin (dərs-eksursiya, dərs-diskusiya, dərs-muzey və s.) təşkili yolu ilə maraqlı və effektiv öyrənmənin təmin edilməsi, şagirdlərdə elmi araşdırmalar üzrə ilkin vərdişlərin, əldə etdikləri biliklər haqqında layihə hazırlayıb, təqdimetmə bacarıqlarının formalaşdırılmasıdır.

Seçim turuna artıq başlanılan layihə Göygöl şəhərində yerləşən 7 məktəbin müvafiq fənlər üzrə nailiyyətləri ilə fərqlənən VIII-IX sinif şagirdləri arasında aparılır. Qeyd edək ki, seçimlər iki mərhələdə həyata keçirilir. I ekskursiya-dərs üçün seçim tarix (30 test) – ədəbiyyat (30 test), II ekskursiya dərs üçün seçim riyaziyyat (30 test) – fizika (30 test) fənləri üzrə təşkil olunur. Test tapşırıqlarında tələb olunan şərtləri yerinə yetirə bilən şagirdlər layihə iştirakçısı olmaq hüququ qazanacaqlar.

Layihə çərçivəsində şagirdlərə peşəkar araşdırma, məlumat toplama, təqdimat hazırlama və təqdimetmə barədə qısamüddətli təlimlər keçiriləcək. Onlara səfər olunacaq  məkanların araşdırılması barədə tapşırıq veriləcək və onların ilkin təqdimatları toplanacaq. Sonda isə müəyyən olunmuş ekskursiyalar həyata keçiriləcək. Araşdırma üçün gediləcək yerlər komanda üzvləri tərəfindən əvvəlcədən razılaşdırılacaq

Layihənin icra müddəti 2 ayı əhatə edir. Oktyabrın 18-da Göygöl şəhər 1 nömrəli tam orta məktəbdə  ilk seçim turu keçirilib. Seçim turunda 70 nəfər VIII-IX sinif şagirdi iştirak edib.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdi. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib. 

Mənbə: Göygöl Rayon Təhsil Şöbəsi