Oktyabrın 20-də Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsinin qalibi olmuş “Qonaq-şagird” layihəsinin seçim turlarına start verilib. Seçim turu ilk olaraq Bakı şəhəri 299 saylı məktəb-liseydə keçirilib.
Layihənin məqsədi bölgə və şəhər məktəbləri arasında əlaqələri genişləndirmək, təcrübə mübadiləsi aparmaqla qarşılıqlı əməkdaşlıq əsasında təhsilin keyfiyyətini daha da artırmaq, hansı məktəbdə təhsil almasından asılı olmayaraq, hər bir şagirdin bərabər təhsil mühiti ilə təmin olunmasına şərait yaratmaqdır. Bu məqsədlə layihə çərçivəsində bir neçə məktəb arasında iki həftə müddətində şagird mübadiləsi həyata keçiriləcək.
Layihə Bakı şəhəri 299 saylı məktəb-liseyi, Beyləqan rayonu Namiq Abdullayev adına 1 saylı tam orta məktəbi və Goranboy rayonu Qızılhacılı qəsəbə Mahir Dosiyev adına 2 saylı tam orta məktəbi əhatə edəcək. Qeyd edək ki, bu məktəblərin şagirdləri arasında məntiq və dünyagörüşünün yoxlanmasına əsaslanan tapşırıqlarla aparılan seçimlər nəticəsində fərqlənən şagirdlər layihə iştirakçısı olmaq hüququ qazanacaq və iki həftə müddətində təhsil aldıqları məktəblər apasında yerdəyişmə edəcəklər.
Layihə çərçivəsində 8 şagird bölgələrdən Bakı məktəbinə, 8 şagird isə Bakıdan bölgə məktəblərinə mübadilə edilərək iki həftə orada təhsilini davam etdirəcək. Bu müddətdə layihə iştirakçıları olan şagirdlər və onların müəllimləri arasında aparılan rəy-sorğular eyni şagirdlərə fərqli müəllimlərin, eyni məktəblərə isə fərqli şagirdlərin gözü ilə baxmağa imkan yaradacaq. İki həftəlik təhsil müddətinin sonunda hər üç məktəbin pedaqoji kollektivlərinin nümayəndələri “Dəyirmi stol” arxasında problemləri müzakirə edəcəklər. Şagirdlərin təəssüratlarını əks etdirən dərgi nəşr olunacaq.
Bakı şəhəri 299 saylı məktəb-liseydə keçirilən seçim turunda 83 nəfər şagird iştirak edib.
Layihənin icra müddəti 3 ayıdır.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdi. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.