22 oktyabrda Füzulidə “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin ümumi təhsil müəssisələri kateqoriyasında qalibi olmuş “Uğurlu əmәkdaşlığın qurulması, valideynlərin təhsil prosesində iştirakının stimullaşdırılması” layihəsi çərçivəsində növbəti təlim keçirilib.
Füzuli rayonunun 50 saylı tam orta məktəbinin şagirdləri üçün təşkil olunmuş təlimin mövzusu valideynlərin təhsil prosesində iştirakının stimullaşdırılması ilə bağlı olub. İştirakçılara layihə şərtlərini özündə əks etdirən təlimat materialları paylanılıb. Ekspert Ramil Süleymanov 3 ay müddətinə Füzuli rayonunun 50 saylı tam orta məktəbində təhsil alan şagirdlər arasında reallaşdırılacaq layihənin əhəmiyyəti, mərhələləri və keçirilmə şərtləri haqqında ətraflı məlumat verib, iştirakçıların suallarını cavablandırıb.
Layihənin məqsədi valideynlərin və ictimaiyyətin təlim tərbiyə prosesində iştirakını təmin etməkdən ibarətdir. Belə ki, valideynlərin və ictimaiyyətin təlim tərbiyə prosesində iştirakı Azərbaycan Respublikasının hüquqi, demokratik cəmiyyət və dünyəvi dövlət quruculuğu yolunda aparılan təhsil islahatının ən vacib istiqamətlərindəndir. Həmçinin, uşağın şəxsi inkişafı və təlim tərbiyə prosesindəki nailiyyətləri daha çox valideynlərin onlara olan münasibətindən asılıdır.
“Uğurlu əməkdaşlığın qurulması” layihəsi yalnız Füzuli rayonunun 50 saylı tam orta məktəbində təhsil alan şagirdlərin valideynləri arasında reallaşdırılan layihədir.
Günel Kazımovanın rəhbərliyi ilə ümumi təhsil müəssisələri kateqoriyasında qalib olmuş layihənin icra müddəti 3 aydır.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla, ümumilikdə 120 layihə qalib elan edilib.