Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsinin fərdi kateqoriyada qalibi olmuş “Uğur sorağında” İntellektual klub layihəsinin seçim turu başa çatıb.
Layihəsinin məqsədi V-XI siniflərdə təhsil alan istedadlı şagirdləri aşkar etmək, onların potensialını inkişaf etdirmək və həmin şagirdləri Respublika və beynəlxalq olimpiadalara hazırlamaqdan ibarətdir.
17-23 oktyabr tarixləri arasında Bakı şəhəri Nərimanov rayonunda yerləşən S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında seçim turu keçirilib. Seçim turu Respublika Humanitar Fənlər Gimnaziyasının V-XI sinif şagirdləri arasında aparılıb. 673 nəfəri əhatə edən seçim turunda hər sinifdən 5 nəfər olmaqla gimnaziya üzrə 145 istedadlı şagird seçilib. Qeyd edək ki, seçim üçün V-VII siniflərdə məntiq, VIII-XI siniflərdə məntiq və dünyagörüşündən hazırlanmış suallar təqdim olunub. Suallara hər sinif üzrə ən çox cavab verən 5 şagird layihə iştirakçısı olmaq hüququ qazanacaq.
Layihə çərçivəsində paralel siniflər arasında intellektual yarışmalar keçirilməsi nəzərdə tutulub.
Ləman Hacıyevanın rəhbərliyi ilə fərdi kateqoriyada qalib olmuş layihənin icra müddəti 3 aydır.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdi. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.