Ağsuda praktiki kurslara qatılacaq 52 “Ağsutexçi” məktəblinin seçimi olub

Tarix: 24.10.2017
Paylaş:

24 oktyabrda “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriyada qalibi olmuş “AĞSUTEX: Məktəbdə texniki fənlərin öyrədilməsində müasir innovativ üsullardan istifadə” layihəsinin “Ağsutexçi”ləri müəyyən olunub.

Layihənin əsas məqsədi müasir təhsil proqramlarında qarşıya qoyulan əsas vəzifələrə uyğun olaraq təhsilin əyaniliyini, təcrübiliyini, innovativliyini və beynəlxalq təhsil proqramları ilə əlaqədə inkişafını təmin etmək üçün Ağsu şəhəri 1№-li təbiət fənnləri təmayüllü məktəb-liseydə texniki-təbiət – kimya, fizika, biologiya, texnologiya fənnlərinin tədrisində müasir innovativ üsulları istifadə və tətbiq edərək tədrisin səviyyəsini yüksəltməkdir.

Layihə çərçivəsində 24 oktyabr 2017-ci ildə Aslan Nadirov adına Ağsu şəhər 1№-li məktəb-liseyin VII-IX siniflərinin 180 şagirdinin iştirakı ilə toplantı keçirilib. Layihənin rəhbəri, məktəb-liseyin direktoru Sənan Nemətov layihənin məqsədi və imkanları haqqında məktəblilərə məlumat verib. İştirakçılara bildirilib ki, layihə çərçivəsində həm AzGranata qida sənayesi müəssisəsinin laboratoriyasında, həm də Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksində praktiki kurslar keçiriləcək.

Qeyd edək ki, həmin kurslarda iştirak edəcək məktəblilərin seçimi üçün iki mərhələdə seçim turu olub. Əvvəlcə məktəblilərə şifahi sorğu ilə müraciət olunaraq 180 şagirddən texniki-təbiət fənnlərinə marağı olan 52 Ağsutexçi məktəbli müəyyən edilib. Sonra 52 Ağsutexçi məktəblinin arasında yazılı sorğu keçirilərək sorğu vərəqindəki suallar əsasında şagirdlərin fikirləri öyrənilib.

Noyabr ayında layihə çərçivəsində AzGranata qida sənayesi müəssisəsinin laboratoriyası və Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksində hər birində 26 nəfər olmaqla 52 Ağsutexçi məktəblinin iştirakı ilə praktiki kurslar keçirilməsi nəzərdə tutulub.

Sənan Nemətovun rəhbərliyi ilə fərdi kateqoriyada qalib olmuş layihənin icra müddəti 3 aydır.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.