Göygöldə “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş “Bilici anam” layihəsinin icrasına başlanılıb.
Layihənin əsas məqsədi sosial statuslu valideynləri – anaları layihəyə cəlb etməklə məktəb – icma əlaqlərini düzgün qurmaq və inkişaf etdirmək, təhsilin inkişafında valideynlərin fəallığını artırmaq və cəmiyyətin maariflənməsində valideynlərdən mənəvi dəstək almaqdır.
Göygöl şəhərində yerləşən 7 məktəbin müxtəlif siniflər üzrə öz dünyagörüşü, intellektual səviyyəsi və ictimai işlərdə fəallığı ilə seçilən 20 nəfər valideyn ananın seçilməsindən sonra 24 oktyabrda Göygöl şəhəri 1 saylı tam orta məktəbdə seçilmiş valideyn anaların da iştirakı ilə layihənin təqdimat mərasimi olub.
Layihə çərçivəsində hər biri 2 saat olmaqla həftədə 2 dəfə təşkil edilməsi nəzərdə tutulan görüşlərdə müzakirə olunacaq əsas mövzular aşağıdakılardır:
– Hüquqlarımız vəzifələrimiz;
– Təhsil proqramının (kurikulumun ) məqsədi və gözlənilən nəticələri;
– Ailə – məktəb, ailədaxili münasibətlərin şəxsiyyətin yetişdirilməsində rolu;
– Valideyn – övlad münasibətlərinin düzgün qurulması;
– Pedaqoq və psixoloqların təcrübələri, məsləhətləri;
– Uşaqların müəyyən yaş dövr psixologiyası;
– Məktəblərarası şəbəkələrin qurulmasının əhəmiyyəti və s.
Fərdi kateqoriyada Aytəkin Əliyevanın qalib olmuş layihəsinin icrasının 22 dekabrda başa çatması nəzərdə tutulub.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.