Xızı rayonunda “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin ümumi təhsil müəssisələri kateqoriyası üzrə qalibi olmuş “Güvən telefonu” layihəsinin icrasına başlanılıb.
Artıq layihə çərçivəsində Xızı rayon ümumtəhsil məktəblərində operator psixoloqların hazırlanması üçün təlimlərə və məlumatlılığı artırmaq üçün şagirdlərlə maarifləndirici görüşlərə başlanılıb. Şagirdlərlə keçirilən maarifləndirici görüşlər zamanı şagirdlərə “Güvən telefonu” nun mahiyyəti, onlara verəcəyi yararlılığı tam şəkildə izah edilir. Gələcək operator psixoloqlar üçün təlimlər isə dəvət olunmuş peşəkar operator psixoloq tərəfindən keçirilir. Müdavimlərlə keçirilən təlimlər əsasən uşaq psixologiyası, zənglərə verilən cavabların istiqamətləri, problemlərin həlli məsələləri istiqamətində aparılır.
Layihə çərçivəsində təlimlər və maarifləndirici görüşlərin 26 oktyabr – 2 noyabr tarixləri arasında keçirilməsi nəzərdə tutulub. Bundan sonra isə “Güvən telefonu” fəaliyyətə başlıyacaq. Layihə zamanı 210 nəfər şagirdlə maarifləndirici görüşlər, 60 nəfər heyətlə isə təlimlər keçiriləcək.
Layihənin icra müddəti 3 aydır..
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.