“Məktəbli valideyn” layihəsi çərçivəsində Qarabağ döyüşçüləri ilə görüş olub

Tarix: 30.10.2017
Paylaş:

Oktyabrın 30-da “Təhsildə inkisaf və innovasiyalar uzrə 1-ci qrant musabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş “Məktəbli valideyn” layihəsi çərçivəsində Qarabağ döyüşçüləri ilə görüş keçirilib.

İsmayıllı rayon Topçu kənd tam orta məktəbində baş tutan görüşdə İRTŞ-dən baş məsləhətçi Şəfaqət müəllim, metodbirləşmə rəhbəri Rəşid Məmmədov, metodist İlham Vahabov (o, həm də Qarabağı müharibəsi veteranıdır), Qarabağ döyüşçüsü və veteranı Qurban Vəliyev, Şəhid ailələri, məktəb direktoru Xavər Allahverdiyeva, məktəbin müəllimləri, məktəbin 3a sinif şagirdləri və onların valideynləri iştirak ediblər. 

Tədbir iştirakçılar əvvəlcə şəhidlərin xatirəsinə ucaldılmış abidə qarşısında bir dəqiqəlik sükutla şəhidləri yad ediblər. Sonra Dövlət Himni səslənib. Məktəbin direktoru Xavər Allahverdiyeva belə bir layihənin məktəb üçün əhəmiyyətindən danışıb. Şagirdlərdə vətənpərvərlik hislərinin gücləndirilməsini qarşısına məqsəd qoymuş layihə rəhbəri Gülər Babayeva qonaqları valideyn və şagirdlərlə tanış edərək tədbir haqqında ümumi məlumat verib. Məktəbin tarix müəllimi Qarabağ hadisələri haqqında geniş izahat verdikdən sonra söz Qarabağ döyüşlərinin iştirakçısı olmuş İlham Vahabov və Qurban Vəliyevə verilib. Vətənin hər iki igid döyüşçüsü şahidi olduqları döyüş səhnələrindən bəhs edərək Azərbaycan əsgərlərinin nə dərəcədə vətənpərvər olduqlarından, bu torpaqları canları bahasına da olsa necə qorduqlarındanbir danışıblar. Söhbət zamanı şəhid ailələri, həmçinin digər qonaqlar kövrək anlar yaşayıblar. Şəhid ailələri vətən uğrunda canından keçən igidləri haqqında qürurla danışıblar. 

Sonra Rəşid müəllim şəhid əmisi Rauf Məmmədov haqqında xatirələrini danışıb. Müəllim Sahib Səlimov məktəbin idman və hərbi müəllimi olmuş şəhid Dadaş Səfərov haqqında iştirakçılara məlumat verib. Vətənpərvərlik ruhu ilə köklənmiş görüşdə oğlan şagirdlərin gözlərində “mən də əsgər olacam” arzusunu asanlıqla oxumaq olurdu.

Öz növbəsində şagirdlər sözlərini vətən haqqında şeirlər söyləyərək çatdırıblar. Görüş iştirakçıların kənd qəbiristanlığına gedərək oradakı 3 şəhidin məzarını ziyarət etmələri ilə yekunlaşıb.

“Məktəbli valideyn” layihəsinin əsas məqsədi məktəbdə dərs saatlarından sonra dərnəklər təşkil etməklə ibtidai sinif şagirdlərinin şəxsiyyət kimi yetişməsinə, müsbət şəxsi və mənəvi keyfiyyətlərə sahib olmasına, onlarda vətənpərvərlik hislərinin güclənməsinə dəstək olmaq, zərərli vərdişlərdən uzaq olmalarına nail olmaqdan ibarətdir. Bundan başqa layihə dəsrdən sonra təşkil olunacaq dərnəklər hesabına valideynlərin məktəblə sıx əlaqə yaradaraq bir növ “məktəbli valideyn”ə çevrilməsinə hədəflənib.

Fərdi kateqoriyada Gülər Babayevanın rəhbərliyi ilə qalib olmuş layihənin icra müddəti 3 aydır.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.