“Qonaq-şagird”lər bəlli oldu

Tarix: 30.10.2017
Paylaş:

“Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş “Qonaq-şagird” layihəsinin seçim turları başa çatıb.

Seçim turlarında Bakı şəhəri 299 nömrəli məktəb-lisey, Beyləqan rayonu Namiq Abdullayev adına 1 nömrəli tam orta məktəb və Goranboy rayonu Qızılhacılı qəsəbəsi Mahir Dosiyev adına 2 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər.

Hazırda “Qonaq-şagirdlər”in məktəblərini dəyişmələri üçün hazırlıq işlər gedir.

Noyabrın 1-də Bakıdan bölgə məktəblərinə yola düşəcək şagirdlər və onların valideynləri ilə  Bakı şəhəri 299 nömrəli məktəb-liseydə “Uyğunlaşma təlimi” keçiriləcək. Təlimdə QHT nümayəndələrinin də iştirakı nəzərdə tutulub.

Layihənin əsas məqsədi bölgə və şəhər məktəbləri arasında əlaqələri genişləndirmək, təcrübə mübadiləsi aparmaqla qarşılıqlı əməkdaşlıq əsasında təhsilin keyfiyyətini daha da artırmaq, hansı məktəbdə təhsil almasından asılı olmayaraq, hər bir şagirdin bərabər təhsil mühiti ilə təmin olunmasına şərait yaratmaqdır. Bu məqsədlə layihə çərçivəsində bir neçə məktəb arasında iki həftə müddətində şagird mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulub.

Layihə çərçivəsində 8 şagird bölgələrdən Bakı məktəbinə, 8 şagird isə Bakıdan bölgə məktəblərinə mübadilə edilərək iki həftə orada təhsilini davam etdirəcək. Bu müddətdə layihə iştirakçıları olan şagirdlər və onların müəllimləri arasında aparılan rəy-sorğular eyni şagirdlərə fərqli müəllimlərin, eyni məktəblərə isə fərqli şagirdlərin gözü ilə baxmağa imkan yaradacaq. İki həftəlik təhsil müddətinin sonunda hər üç məktəbin pedaqoji kollektivlərinin nümayəndələri “Dəyirmi stol” arxasında problemləri müzakirə edəcəklər. Şagirdlərin təəssüratlarını əks etdirən dərgi nəşr olunacaq.

Nuriyyə Verdiyevanın rəhbərliyi ilə fərdi kateqoriyada qalib olmuş layihənin icra müddəti 3 aydır.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdi. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.