“Tərəkəmə folkloru araşdırma və təbliğat qrupu” öz işini davam etdirir

Tarix: 31.10.2017
Paylaş:

Ağsu rayonunda “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriyada qalibi olmuş “Quzuçuyam, quzu məndə: məktəb nəzdində Tərəkəmə folkloru araşdırma və təbliğat qrupunun yaradılması” layihəsi çərçivəsində işlər davam etdirilir.

Layihənin əsas məqsədi Ağsu rayonu H. Musayev adına Gəgəli kənd ümumi orta məktəbi nəzdində “Tərəkəmə folkloru araşdırma və təbliğat qrupu”nu yaratmaq, məktəblilər, müəllimlər və valideynlərlə işləyərək tarix otağına kəndin ərazisində təsadüfən aşkar olunmuş arxeoloji və etnoqrafik materialları toplamaq, tərəkəmə həyat tərzini, onlara aid olan folklor nümunələrini, əl işlərini araşdırmaq və təbliğ etməkdir.

Artıq layihə çərçivəsində məktəbin müəllimləri və şagirdlərindən ibarət Tərəkəmə folkloru araşdırma və təbliğat qrupu yaradılıb, qrupun rəhbəri seçilib. Gəgəli kənd ümumi orta məktəbində “Tarix otağı” müəyyən edilib və oraya arxeoloji və etnoqrafik materialların toplanmasına başlanılıb. Layihənin loqosu və “Quzuçuyam, quzu məndə” adlı rəsmi facebook səhifəsi yaradılıb.

Hazırda qrup üzvləri tərəfindən hazırlanmış etnofiloloji sorğu anketləri və layihənin ekspertinin təklif və tövsiyələri əsasında kəndin yaşlı sakinləri və ziyalılar, eləcə də hal-hazırda tərəkəmə həyat tərzi keçirən şəxslər arasında sorğuların keçirilməsi davam etdirilir.

Tərəkəmə həyat tərzini əks etdirən səhnəciklərdə personajları canlandıracaq şagirdlər seçilib və məşqlərə başlanılıb.

Bundan əlavə, layihə çərçivəsində rəsm, əl işləri, esse yazılar, foto və video nominasiyaları üzrə müsabiqə də elan olunub. “Facebook” sosial şəbəkəsində “Quzuçuyam, quzu məndə” Tərəkəmə folkloru müsabiqəsi” adlı tədbir yaradılıb.

Layihə çərçivəsində görüləcək növbəti iş olaraq 6 noyabrda Təlimçi-ekspert Dr. Fariz Xəlillinin Gəgəli kənd ümumi orta məktəbi Tərəkəmə folkloru araşdırma və təbliğat qrupu üzvlərinə təlim keçməsi nəzərdə tutulub. Təlimin mövzusu ““Tarix otağı”nın fonduna daxil olan materialların inventarlaşdırılması və onların üzərində mümkün olan lazımi konservasiya işləri görmək”dir.

Sabit Abdullayevin rəhbərliyi ilə fərdi kateqoriyada qalib olmuş layihənin icra müddəti 3 aydır.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla, ümumilikdə 120 layihə qalib elan edilib.