31 oktyabrda Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsinin fərdi kateqoriya üzrə qalibi olmuş “Uğur sorağında” intellektual klub layihəsi çərçivəsində ilk yarışma keçirilib.
Bakı şəhəri N.Nərimanov rayonunda yerləşən S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında keçirilən yarışmadan əvvəl layihənin açılış mərasimi olub. Açılışda gimnaziya rəhbərliyi, müəllimlər və kluba üzv seçilmiş 145 nəfər şagird iştirak edib. Layihə rəhbəri Ləman Hacıyeva iştirakçıları layihənin məqsəd və vəzifələri ilə tanış edib, layihə çərçivəsində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışıb.
“Uğur sorağında” layihəsinin məqsədi V-XI siniflərdə təhsil alan istedadlı şagirdləri aşkar etmək, onların potensialını inkişaf etdirmək və həmin şagirdləri Respublika və beynəlxalq olimpiadalara hazırlamaqdan ibarətdir.
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra layihə çərivəsində ilk yarışma başlayıb. Yarışma seçim turundan uğurla keçmiş IX sinif şagirdləri arasında baş tutub. Dünyagörüşü və məntiqi əhatə edən 30 sualdan ən çoxuna düzgün cavab verən 9b sinifi I, 9a və 9c sinifləri isə eyni xalla II yerə layiq görülüblər.
Qeyd edək ki, seçim turu 17-23 oktyabr tarixləri arasında S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında keçirilib və 673 nəfər V-XI sinif şagirdlərindən hər sinifdən 5 nəfər olmaqla 145 istedadlı şagird seçilib.
Növbəti yarışmanın X və XI siniflər arasında keçirilməsi nəzərdə tutulub.
Ləman Hacıyevanın rəhbərliyi ilə fərdi kateqoriyada qalib olmuş layihənin icra müddəti 3 aydır.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdi. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.