“Metodiki biliklərin mübadiləsi” layihəsi çərçivəsində işlər davam etdirilir

Tarix: 01.11.2017
Paylaş:

“Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş “Metodiki biliklərin mübadiləsi” layihəsi çərçivəsində işlər davam etdirilir.

Layihənin əsas məqsədi işinə yaradıcı yanaşan, innovativ tədris metodlarından istifadı edən müəllimlərin tədris metodlarından, dərsi tədris etmə üsullarından faydalanmaq, tədris prosesində inkişafa nail olmaqdan ibarətdir. Bu məqsədlə layihə çərçivəsində maraqlı və orijinal dərs qurma istiqaməti ilə fərqlənən hazır dərs planlarını toplayaraq kitab çap etmək nəzərdə tutulub. Növbəti mərhələdə isə çap olunacaq kitabın təqdimatı və hətta mümkün olarsa, bu kitabların layihənin əhatə etdiyi bütün məktəblərə göndərilməsi də nəzərdə tutulub.

Hazırda müəllimlərdən hazır işlərin toplanması prosesi davam edir.

Artıq layihədə nəzərdə tutulduğu kimi Şirvan şəhər Təhsil Şöbəsi, Sabirabad Rayon Təhsil Şöbəsi və Hacıqabul Rayon Təhsil Şöbəsinin səlahiyyətli nümayəndələri ilə görüşlər keçirilib və layihə barədə məlumat verilərək məktəblər üçün hazırlanan elan forması təqdim edilib. Layihə barədə RTŞ-lər tərəfindən məktəblərə məktub göndərildikdən sonra layihə rəhbəri Səbinə Əhmədova Hacıqabul şəhər 10 nömrəli məktəb-lisey, 9 nömrəli məktəb, Muğan kənd tam orta məktəblərində pedaqoji kollektivlə görüşərək onları layihə barədə məlumatlandırıb və layihədə aktiv iştirak etməyə dəvət edib. O, həmçinin Hacıqabul şəhər 8 nömrəli məktəbdə rayon ingilis dili müəllimlərinin “Təhsildə keyfiyyət ili” ilə əlaqədar hesabat iclasında iştirak edərək iştirakçı üməllimləri layihədə aktiv iştiraka dəvət edib.

Layihə Hacıqabul və Sabirabad rayonlarının bütün məktəblərini, həmçinin Şirvan şəhər məktəblərini əhatə edir. Belə ki, bu məktəblərdə dərs deyən bütün müəllimlər heç bir mövzu məhdudiyyəti olmadan bu layihədə iştirak edə bilərlər.

Hacıqabul rayon Talış kənd tam orta məktəbin ibtidai sinif müəllimi Səbinə Habil qızı Əhmədovanın fərdi kateqoriyada qalib olmuş layihəsinin icra müddəti 3 aydır.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.