“Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin ümumi təhsil müəssisələri kateqoriyası üzrə qalibi olmuş “Gənc ixtiraçı və səmərələşdirici mərkəzi” layihəsi çərçivəsində 2 günlük təlimlər keçirilib.
31 oktyabr – 1 noyabr tarixlərində layihə çərçivəsində Mingəçevir şəhəri N.Gəncəvi adına 8 nömrəli tam orta məktəbdə natiqlik və debat təlimləri keçirililib. İki gün ərzində Gənclər Evinin əməkdaşı Rəşad Qurbanov 7, 8 və 9-cu sinif şagirdlərinə natiqliyin əsasları, debat haqqında ətraflı məlumat verib.
Təlimlərdən sonra 2 noyabr tarixində isə təlimlərdə iştirak edən şagirdlər arasında debat yarışı keçirilib. 8 komanda halında yarışan məktəblilər öz nitq qabiliyyətlərini mövzu ətrafında debatlarda göstərməyə çalışıblar. Yarışları “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin Debat Klubunun nümayəndələri hakim və “timekeeper” (vaxta nəzarət edən) qismində idarə ediblər.
Gərgin və maraqlı anlarla yadda qalan yarışda Fenomen və Ekspedisiya komandaları finalda yarışmaq hüququ qazanıb. Təlimlərdə daha fəal iştirak edərək, debatı mənimsəyən Ekspedisiya komandası debat yarışının qalibi olub.
Layihən çərçivəsində “İstedad Bankı”nın yaradılması, istedadlı şagirdlərin Azərbaycan dili, İngilis dili və riyaziyyat fənlərindən olimpiada yarışlarına hazırlığının həyata keçirilməsi, onların layihələndirmə bacarıqlarının artırılması, şagirdlər arasında intellektual yarışların keçirilməsi, istedadlı şagirdlərin debat haqqında bilik və bacarıqlarının artırılması və onların əl işlərindən ibarət sərginin keçirilməsi kimi məqsəd və vəzifələrin həyata keçirilməsi nəzərdə tutulub
Mingəçevir şəhəri Nizami Gəncəvi adına 8 saylı tam orta məktəbin ümumi təhsil müəssisələri kateqoriyası üzrə qalibi olmuş layihəsinin icra müddəti 3 aydır.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.