“Müəllimlər otağı”nda nələr baş verir…

Tarix: 02.11.2017
Paylaş:

“Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş “Müəllimlər otağı” layihəsi çərçivəsində müəllimlərin təcrübə mübadiləsini təşkil etmək məqsədi ilə onlayn platforma hazırlanır.

“Müəllimlər otağı” adlanan platformada həmçinin təlim-tədris metodları bir arada toplanacaq. Bunun üçün hazırda “Müəllimlər otağı” layihəsi çərçivəsində www.muellimlerotagi.az veb səhifəsi hazırlanır.

Layihənin rəhbəri 36 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Zülfiyyə Aslanbəylinin verdiyi məlumata görə, müəllimlərin təcrübə mübadiləsinin təşkili üçün “Müəllimlər otağı”nda forum da nəzərdə tutulub. Bununla yanaşı hazırda müəllimlərlə onların tədris metodu haqqında söhbətlər aparılır, maraqlı metodlar toplanılır. Artıq bir sıra məktəbdən xeyli müəllim öz təcrübəsini “Müəllimlər otağı”nda paylaşıb.

“Müəllimlər otağı”nda eləcə də şagirdlər müəllimləri və bəyəndikləri dərs metodları haqqında fikirlərini bölüşəcəklər. Bu məqsədlə şagirdlər “Hansı dərs daha çox diqqətinizi çəkir? Niyə?” suallarına cavab verəcəklər.

Platformada məzunların da fikirlərinə yer veriləcək. Bu məqsədlə onlar ən çox bəyəndikləri dərsdən və niyəsindən söhbət açacaqlar. İlk qonaq millət vəkili, professor Musa Qasımlı olub. M.Qasımlı həm də müəllim işlədiyi üçün tədris metodundan da danışıb.

Layihə çərçivəsində yerli müəllimlərlə yanaşı xarici müəllimlərin də təcrübəsi öyrənilməyə çalışılacaq. Hazırda bunun üçün xarici müəllimlərlə danışıqlar aparılır.

Artıq layihənin “Fecabook” sosial şəbəkəsində Muellimlerotağı.az adlı rəsmi səhifəsi fəaliyyət göstərir.

Məlumat üçün bildirək ki, “Müəllimlər otağı” Təhsilin inkişafı üzrə Dövlət Strategiyasında yer alan təhsillə bağlı media və internet  resurslarının inkişafının təmin edilməsi fikrinin reallaşmasına xidmət etdiyi üçün bu, həm də layihənin aktuallığını və əhəmiyyətini artır.

Bakı şəhəri 36 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Zülfiyyə Aslanbəylini rəhbərliyi ilə fərdi kateqoriyada qalib olmuş “Müəllimlər otağı” layihəsinin icra müddəti 3 aydır.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.