Noyabrın 2-də “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş “İntellektual klub” layihəsi çərçivəsində 5-ci təlim keçirilib.
Nəsimi rayonu 247 nömrəli tam orta məktəbdə baş tutan təlimdə “İntellektual klub” layihəsinin üzvləri arasında ilk intellektual yarış keçirilib. Yarışda şagirdlər çox fəal iştirak ediblər. Komandalara təqdim olunan suallar Azərbaycan kino-filmləri, şair və yazıçıları və dünyada baş verən müxtəlif hadisələri əhatə edib. Sonda yarışın qalibləri müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.
Təlimdə Nəsimi rayonunun 54 №-li, 14 №-li, 247 T №-li, 159 №-li və Texniki Humanitar Liseyin şagirdlərindən seçim turundan uğurla keçmiş 32 şagird iştirak edib.
Layihənin məqsədi şagirdlərin intellektual səviyyəsini və dünya görüşünü artırmaq, Azərbaycanımızın zəngin milli mədəniyyətini və tarixini təbliğ etməklə məktəblərarası əməkdaşlığı inkişaf etdirmək, intellektual yarışlara hazırlaşmaq üçün xüsusi təlimlər təşkil etməkdir.
Layihə çərçivəsində Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən məktəblərin 7 və 8-ci siniflərində oxuyan intellektual səviyyəsi yüksək olan şagirdlərin seçilməsi və onların gələcəkdə Respublikamızda keçirilən intellektual yarışlarda yüksək nəticə göstərmələri üçün həftədə 2 dəfə olmaqla təlimlərin keçirilməsi nəzərdə tutulub. Hər təlimdə şagirdlərə paylama materialları təqdim olunur və müəyyən olunmuş mövzularda geniş müzakirələr keçirilir. Layihə çərçivəsində ekskursiyaların təşkil edilməsi də nəzərdə tutulub. Təlimlərdə şagirdlərə həm də yarışlarda iştirak etmək qaydaları öyrədilir.
Nəsimi rayonu 247 nömrəli tam orta məktəbin informatika müəllimi Almaz Qurbanovanın fərdi kateqoriyada qalib olmuş layihəsinin icra müddəti 22 dekabrda başa çatacaq.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.