“Müasir müəllim” layihəsi çərçivəsində növbəti təlim başa çatıb

Tarix: 03.11.2017
Paylaş:

Qusarda “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş “Müasir müəllim” layihəsi çərçivəsində növbəti təlim başa çatıb.

3 noyabrda layihə çərçivəsində Qusar şəhəri 1 nömrəli tam orta məktəbdə keçirilən təlim başa çatıb. 19 müdavimin iştirak etdiyi 2-ci qrupun təlimi 30 oktyabrda başlamışdı. Təlimin məqsədi müdavimlərin Elektron Təhsil Resurslarının yaradılmasında bilik və bacarıqlarını artırmaq, dərslərində ETR-dən düzgün istifadə etmə yollarını göstərmək və onları təhsilə yararlı saytlarla tanış etmək olub.

Layihənin əsas məqsədi təhsildə informasiya – kommunikasiya texnologiyalarının (İKT) tətbiqi üzrə müəllimlərin bilik və bacarıq sistemini formalaşdırmaq və müəllimləri öz peşə fəaliyyətlərində İKT-dən istifadəyə hazırlamaqdan ibarətdir. Bu məqsədlərə çatmaq üçün layihə çərçivəsində Müasir dərsdə informasiya və komunikasiya texnologiyaların rolunu anlamaq, təhsildə müasir İKT vasitələrinin tətbiqi üzrə təhsil sistemində çalışan müəllimlərin peşə fəaliyyətində ETR-dan istifadə və tətbiq imkanları barədə məlumat vermək, bilik və bacarıqlarını təkmilləşdirmək, dərs və dərsdənkənar məşğələlərin təşkilində İKT vasitələrindən istifadənin müasir üsul və metodları ilə müəllimləri tanış etmək istiqamətində işlər görülməkdədir.

Layihə çərçivəsində növbəti təlimin 6-11 noyabr tarixlərində Qusar şəhəri 4 nömrəli tam orta məktəbdə keçirilməsi nəzərdə tutulub.

Fərdi kateqoriyada Kamran Əliyevin qalib olmuş “Müasir müəllim” layihəsinin icra müddəti 3 aydır.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.