“Ən yaxşı STEM layihəsi” müsabiqəsi keçiriləcək

Tarix: 05.11.2017
Paylaş:

“Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş “STEM Azərbaycanda” layihəsi çərçivəsində “Azərbaycanda STEM müəllimləri” müsabiqəsi keçiriləcək.

Layihə çərçivəsində 10 noyabr – 4 dekabr 2017-ci il tarixləri arasında layihənin 2-ci mərhələsi olan “Azərbaycanda STEM müəllimləri” onlayn Respublika müsabiqəsi keçiriləcək. “Ən yaxşı STEM layihəsi” nominasiyasında keçiriləcək olan müsabiqənin məqsədi Respublika müəllimlərini təbiət və texniki  fənlərinin tədrisi zamanı yeni təlim texnologiyası olan STEM-in tətbiqi üçün motivasiya etməkdir. Digər tərəfdən yaradıcı müəllimlərin yeni təlim texnologiyası olan STEM-in fəal istifadə etməyə həvəsləndirilməsi və fəaliyyətlərinin dəstəklənməsi, dərs prosesində istifadəsinin mənimsənilməsi də müsabiqənin məqsədlərinə aiddir. Müsabiqə nəticəsində ən yaxşı STEM-layihələrin hazırlanması və geniş istifadəçi auditoriyasına tanıdılması və e-metodiki bazanın toplanması gözlənilir.

Layihələrin ekspertlər tərəfindən  qiymətləndirməsinə  5 dekabr 2017-ci il tarixindən başlanılacaq. Təltifetmə tədbirinin isə 20 dekabrda reallaşdırılması nəzərdə tutulub. Müsabiqəyə Azərbaycan Respublikasının ümumtəhsil müəssisələrində çalışan kimya, fizika, biologiya, coğrafiya, həyat bilgisi, ekologiya, astronomiya, riyaziyyat, texnologiya və informatika  fənləri üzrə dərs keçən müəllimlər müraciət edə bilərlər.

“STEM Azərbaycanda” layihəsi bütün Respublika müəllimlərinin  və tələbələrin faydalana biləcəyi onlayn layihədir. Layihənin məqsədi ölkə müəllimlərinə ən son təhsil texnologiyalarından hesab olunan STEM texnologiyası prinsiplərinin kütləvi-açıq-onlayn-kurslar (MOOC) vasitəsilə mənimsədilməsi və mənimsənilmiş təlim texnologiyasının tətbiqinin stimullaşdırılması məqsədilə onlayn Respublika müsabiqəsinin təşkil olunmasıdır.

Hazırda layihənin 1-ci mərhələsi olan ”STEM müəllimləri” onlayn kursunun icrası aktiv şəkildə davam etdirilir. Kursun məqsədi innovativ təlim texnologiyalarından hesab olunan STEM metodu ilə Azırbaycan müəllimlərini tanış etməkdir. Hədəf qrupuna biologiya, kimya, coğrafiya, ekologiya, astronomiya, riyaziyyat, fizika, texnologiya və informatika fənn  müəllimləri daxildir.

Layihə tam olaraq  www.stemazerbaycanda.com veb səhifəsi vasitəsilə idarə olunur.

Sumqayıt şəhəri İ. Qayıbov adına 1 nömrəli tam orta məktəbin fizika müəllimi “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi, “Micrasoft İnnovativ Educator” Aliyə Əhmədovanın fərdi kateqoriya üzrə qalib olmuş layihəsi öz işini 22 dekabrda başa çatdıracaq.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla, ümumilikdə 120 layihə qalib elan edilib. 

“Azərbaycanda STEM müəllimləri” onlayn Respublika müsabiqəsi