Noyabrın 6-da Qaxda “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsinin qalibi olmuş “İstedad sorağında” layihəsinin təqdimat mərasimi olub.
Təqdimat mərasimini giriş sözü ilə açan RTŞ-nin müdiri M.Xasiyev Qax rayonunudan bir layihənin “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”ndə qalib olmasının rayon təhsili üçün ən əlamətdar hadisələrdən olduğunu bildirib.
Sonra layihə rəhbəri Qax rayonu İlisu kənd tam orta məktəbinin kimya müəllimi Günay Mahmudova çıxış edərək layihə haqqında məlumat verib. “İstedad sorağında” layihəsinin əsas məqsədi Qax rayonunun ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərin kimya və biologiya fənləri üzrə fənn olimpiadalarında və digər Respublika müsabiqələrində uğurlu iştirakçılarının say etibarilə çoxaldılmasına nail olmaq, istedadı olan uşaqların üzə çıxarılmasına və onlarda vacib kompetensiyaların inkişafına təkan verməkdən ibarətdir. Layihə çərçivəsində şagirdlərdə sadə təqdimat, xarici dil bacarıqları, mütaliə vərdişləri, ümumi dünyagörüş və məntiqi təfəkkürün inkişafına xidmət edən məşğələlər həyata keçiriləcək. Eyni zamanda valideynlərin maarifləndirilməsi, onlarda ailə, məktəb və övladlarının inkişafında məsuliyyət, düşüncə tərzinin müasirləşdirilməsi və s. məqsədilə də müxtəlif mövzularda kollokviumların keçirilməsi nəzərdə tutulub.
Qax rayonu İlisu kənd tam orta məktəbinin müəllimi Günay Mahmudovanın fərdi kateqoriyada qalib olmuş layihəsinin icra müddəti 25 sentyabr – 25 dekabr 2017-ci il tarixlərini əhatə edir.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.