Noyabrın 8-də “Təhsildə inkisaf və innovasiyalar uzrə 1-ci qrant musabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş “Məktəbli valideyn” layihəsi çərçivəsində Dövlət Bayrağı günü münasibəti ilə tədbir keçirilib.
İsmayıllı rayon Topçu kənd tam orta məktəbində və Topçu kənd klubunda baş tutan “Bayrağımız” adlı tədbirdə məktəbin 3a sinif şagirdlərinin valideynləri, məktəb kollektivi və kənd camaatı iştirak edib. 3a sinif şagirdlərinin digər 3-cü siniflərin fəal şagirdləri ilə birgə hazırladıqları çıxışlar iştirakçılar tərəfindən böyük maraqla izlənilib.
Bundan əvvəl isə layihə çərçivəsində 31 oktyabrda Topçu kənd tam orta məktəbinin kitabxanasında “Uşaq yazarları” adlı müzakirə keçirilib.
“Quşların qayğısına qalaq” adlı növbəti tədbirin 11 noyabrda Topçu kənd tam orta məktəbinin bağında keçirilməsi nəzərdə tutulub.
“Məktəbli valideyn” layihəsinin əsas məqsədi məktəbdə dərs saatlarından sonra dərnəklər təşkil etməklə ibtidai sinif şagirdlərinin şəxsiyyət kimi yetişməsinə, müsbət şəxsi və mənəvi keyfiyyətlərə sahib olmasına, onlarda vətənpərvərlik hislərinin güclənməsinə dəstək olmaq, zərərli vərdişlərdən uzaq olmalarına nail olmaqdan ibarətdir. Bundan başqa layihə dəsrdən sonra təşkil olunacaq dərnəklər hesabına valideynlərin məktəblə sıx əlaqə yaradaraq bir növ “məktəbli valideyn”ə çevrilməsinə hədəflənib.
Fərdi kateqoriyada Gülər Babayevanın rəhbərliyi ilə qalib olmuş layihənin icra müddəti 3 aydır.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.