Məktəblilər arasında “Bayrağımız-milli qürur mənbəyimiz” adlı rəsm müsabiqəsi keçirilib

Tarix: 08.11.2017
Paylaş:

Ağdaşda “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin ümumi təhsil müəssisələri kateqoriyası üzrə qalibi olmuş “Gələcəyə doğru” layihəsi çərçivəsində rəsm müsabiqəsi keçirilib.

Ağdaş rayonu N.Babayev adına Qəribli kənd tam orta məktəbinin V-XI sinif şagirdləri arasında Azərbaycan Respublikası Dövlət Bayrağı günü münasibəti ilə “Bayrağımız-milli qürur mənbəyimiz” adlı rəsm müsabiqəsi keçirilib. Şagirdlər rəsm işlərini tamamladıqdan sonra ekspert tərəfindən bütün rəsmlər qiymətləndirilib. Nəticələrə görə ilk üç yeri tutuan şagirdlərə fəxri fərmanlar və diplomlar təqdim olunub.

Layihə çərçivəsində 14-15 noyabr tarixlərində Milli Dirçəliş günü  münsasibətilə  V-XI siniflər arasında dama və şahmat yarışlarının keçirilməsi nəzərdə tutulub.

“Gələcəyə doğru” layihəsinin məqsədi şagirdlərin dünyagörüşünü stimullaşdırmaq, onlar arasında dostluq münasibətlərini inkişaf etdirmək, bacarıq və istedadlarını üzə çıxarmaq, Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı və digər dəyələri haqqında daha geniş məlumat verməkdir. Bu məqsədlə layihəninin gedişində intellektual oyunlar, təqdimatlar, müsabiqələr, səfərlər nəzərdə tutulur. Hər bir müsabiqə sonunda qaliblər mükafatlandırılacaqdır.

Layihənin əsasən Ağdaş rayonu N.Babayev adına Qəribli kənd tam orta məktəbinin V-XI sinif şagirdlərini əhatə etməsi nəzərdə tutulub. 

Ümumi təhsil müəssisələri kateqoriyasında Ağdaş rayonu N.Babayev adına tam orta məktəbin qalib olmuş “Gələcəyə doğru”  layihəsinin icra müddəti 3 aydır.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla, ümumilikdə 120 layihə qalib elan edilib.