“Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş “Təbiətimizi tanıyaq, sevək və qoruyaq” layihəsi çərçivəsində növbəti təlim keçirilib.
Layihə çərçivəsində məktəblilərin payız tətilində Şamaxı rayonuna Pirqulu dövlət qoruğuna və Pirqulu rəsədxanasına ekskursiyası həyata keçiriləcək. Bu məqsədlə 14 noyabrda Bərdə şəhər 8 saylı tam orta məktəbdə ekskursiyada iştirak edəcək şagirdlər üçün növbəti təlim keçirilib. Təlimdə ekskursiya zamanı öyrəniləcək mövzular müzakirə edilib.
“Təbiətimizi tanıyaq, sevək və qoruyaq” layihəsinin əsas məqsədi şagirdlərin coğrafiya fənnindən əldə etdikləri nəzərı bilikləri praktik biliklərə çevirmək, müxtəlif təbii obyektlərdən istifadə etməklə cəhəti təyin etmə bacarığına yiyələnmələrinə, ekstremal şəraitə düşdükdə çıxış yollarını tapa bilmələrinə nail olmaq, onlara Azərbaycanın rəngarəng təbiətini daha dərindən tanıtmaq, onu antropogen təsirlərdən qorumaqdır.
Layihə Bərdə şəhər 8 saylı tam orta məktəbin VII-XI sinif şagirdlərını əhatə edir.
Sevinc Məmmədovanın rəhbərliyi ilə fərdi kateqoriyada qalib olmuş layihənin icra müddəti 3 aydır.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdi. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.