“Təhsildə inkisaf və innovasiyalar uzrə 1-ci qrant musabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş “Öyrədənik, bir addım öndəyik” layihəsi çərçivəsində növbəti təlim keçirilib.
15 noyabrda İsmayıllı rayonu Lahıc qəsəbə tam orta məktəbdə məktəb müəllimləri üçün təlim keçirilib. Təlimi giriş sözü ilə açan layihə rəhbəri Surə Mehdiyeva layihə haqqında geniş məlumat verib. O, qeyd edib ki, layihənin əsas məqsədi İsmayıllı kənd məktəblərində çalışan müəlllimlərin İKT bacarıqlarının artırlmasını, yerli və beynəlxalaq layihələrlə işləmək bacarığının aşılanmasını təmin etməkdən ibarətdir.
Təlimdə Veb 2.0 alətlərinin dərs prosesində səmərəliliyindən danışılıb, “Etwinning” layihəsinin imkanları izah olunub. Təlimi İsmayıllı şəhər 1 saylı tam orta məktəbin ingilis dili müəllimi və layihənin təlimçisi Ruhiyə Mahmudova aparıb. Təlim müəllimlər tərəfindən böyük rəğbətlə qarşılanıb. Təlim zamanı müəllimlər öz təklif və istəklərini bildiriblər. Məktəbin direktoru Hikmət Haqverdiyev bir çox layihələrdə qazandığı uğurlardan danışıb və bu qrant layihəsinin təlimlərinin müəllimlər üçün çox əhəmiyyətli olduğunu vurğulayıb. Elə təlim zamanı bir çox yerli və beynəlxalq layihələr üçün gözəl fikirlərin təməli qoyulub.
Layihə planına uyğun olaraq növbəti təlim Sumağallı kənd məktəbinin müəllimləri üçün keçiriləcək.
Layihə çərçivəsində ümumilikdə 300 müəllimə təlim keçirilməsi nəzərdə tutulub.
İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbin musiqi müəllimi Surə Mehdiyevanın fərdi kateqoriyada qalib olmuş layihəsinin icra müddəti 22 dekabrda başa çatacaq.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.