Gəncədə “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş “İbtidai siniflərdə təhsil alan şagirdlərin valideynləri üçün müasir təhsil sistemi ilə bağlı seminarların təşkili” lahiyəsinin təqdimat mərasimi olub.
15 noyabrda Gəncə Şəhər Təhsil İdarəsində baş tutan təqdimat mərasimində bütün orta ümumtəhsil məktəblərin pedaqoji işçiləri, Təhsil İdarəsinin və İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər. Təhsil İdarəsi Metod Mərkəzin sədri Zöhrab Hacıyev, Gəncə şəhəri 41 saylı tam orta məktəbin direktoru Vüsalə Məhərrəmova və Gəncə şəhəri icra hakimiyyətinin humanitar məsələlər şöbəsinin məsləhətçisi Kənan Tahirov müsabiqənin və layihənin əhəmiyyəti barədə iştirakçılara məlumat veriblər.
Daha Sonra layihə rəhbəri Kərimov Arzu Eldar oğlu layihənin təqdimatını həyata keçirib. Layihə ictimaiyyət tərəfindən maraqla qarşılanıb.
Layihənin məqsədi ibtidai və məktəbəqədər siniflərdə təhsil alan şagirdlərin valideynləri üçün müasir təhsil sistemi, kurikulum, təhsildə yeniliklər barədə seminarlar təşkil etmək və valideyn assosasiyasını yaratmaqdır.
Gəncə şəhəri 41 saylı tam orta məktəbin coğrafiya müəllimi Arzu Kərimovun rəhbərliyi ilə fərdi kateqoriya üzrə qalib olmuş layihənin icra müddəti 3 aydır.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.