78 nömrəli məktəbdə seçim turunu keçmiş şagirdlər üçün dərslər davam edir

Tarix: 18.11.2017
Paylaş:

“Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin ümumi təhsil müəssisələri kateqoriyası üzrə qalibi olmuş “Ümümtəhsil məktəblərində coğrafiya fənninin tədrisində coğrafi informasiya sistemlərinin (CİS) tətbiqi” layihəsi çərçivəsində dərslər davam edir.

Bakı şəhəri 78 nömrəli tam orta məktəbdə baş tutmuş seçim turundan uğurla keçən şagirdər üçün layihə çərçivəsində nəzərdə tutulmuş dərslər davam etdirilir. Ekspert c.ü.e.d Zakir Eminov dərslərin gedişatını izləyir və növbəti dərslər üçün öz məsləhət və tövsiyələrini verir. İki magist tələbəsi təcrübəçi olaraq iştirak edirlər. 

Növbəti həftə şagirdlərlə AMEA H. Əliyev adına Coğrafiya İnstitutuna ekskursiya və gənc alimlərlə görüş nəzərdə tutulub.

Qeyd edək ki, oktyabrın 26-da Bakı şəhəri 78 nömrəli tam orta məktəbdə baş tutan seçim turunda ümumilikdə 110 şagird olmaqla VIII-IX sinif şagirdləri iştirak edib.

Layihənin əsas məqsədi coğrafiya fənninin tədrisində CİS-in tətbiqi ilə mövzuların praktiki cəhətdən mənimsənilməsi və CİS haqqında maarifləndirmədən, CİS proqram təminatlarının tədris prosesində istifadəsini təmin etməkdən ibarətdir.

Layihənin icra proqramına uyğun olaraq hər günün təlim materialı çap edilərək şagirdlərə verilir və sonda təkmilləşdirilərək şagirdlərə kitabça şəklində təqdim olunması nəzərdə tutulub. Bundan başqa video dərslər hazırlanaraq youtube kanalına yerləşdiriləcək. Hazırda həmin video materiallar üzərində montaj işləri gedir. 

78 nömrəli tam orta məktəbin direktoru Murad Zeynalovun rəhbərliyi ilə ümumi təhsil müəssisələri kateqoriyası üzrə qalib olmuş layihənin icra müddəti noyabr ayının sonunda başa çatacaq.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.