“Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş “Qonaq-şagird” layihəsi çərçivəsində “Dəyirmi masa” və tədbir keçirlib.
Bakı şəhəri 299 saylı məktəb-liseydə iki həftəlik təhsil müddətinin sonunda layihə iştirakçıları olan Bakı şəhəri 299 saylı məktəb-lisey, Beyləqan rayonu Namiq Abdullayev adına 1 saylı tam orta məktəb və Goranboy rayonu Qızılhacılı qəsəbə Mahir Dosiyev adına 2 saylı tam orta məktəbin pedaqoji kollektivlərinin nümayəndələri “Dəyirmi stol” arxasında bir araya gələrək problemləri müzakirə ediblər. Müzakirələrdən sonra hər üç məktəbin müəllim və şagirdlərinin iştirakı ilə tədbir keçirilib. Tədbirdə layihədə görülən işləri əks etdirən videoçarx da nümayiş etdirilib.
Qeyd edək ki, 299 saylı məktəb-lisey, Namiq Abdullayev adına 1 saylı tam orta məktəb və Mahir Dosiyev adına 2 saylı tam orta məktəbə yerləşdirilən “qonaq-şagird”lərin 2 noyabrda başlayan 2 həftəlik təhsilləri başa çatıb. Bu müddətdə layihə iştirakçıları olan şagirdlər və onların müəllimləri arasında aparılan rəy-sorğular eyni şagirdlərə fərqli müəllimlərin, eyni məktəblərə isə fərqli şagirdlərin gözü ilə baxmağa imkan yaradıb.
Layihənin əsas məqsədi bölgə və şəhər məktəbləri arasında əlaqələri genişləndirmək, təcrübə mübadiləsi aparmaqla qarşılıqlı əməkdaşlıq əsasında təhsilin keyfiyyətini daha da artırmaq, hansı məktəbdə təhsil almasından asılı olmayaraq, hər bir şagirdin bərabər təhsil mühiti ilə təmin olunmasına şərait yaratmaqdır. Bu məqsədlə layihə çərçivəsində bir neçə məktəb arasında iki həftə müddətində şagird mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulub.
Layihə Bakı şəhəri 299 saylı məktəb-liseyi, Beyləqan rayonu Namiq Abdullayev adına 1 saylı tam orta məktəbi və Goranboy rayonu Qızılhacılı qəsəbə Mahir Dosiyev adına 2 saylı tam orta məktəbi əhatə edir.
Layihə çərçivəsində görülən işlərin davamı kimi şagirdlərin təəssüratlarını əks etdirən dərginin nəşr edilməsi nəzərdə tutulub.
Nuriyyə Verdiyevanın rəhbərliyi ilə fərdi kateqoriyada qalib olmuş layihənin icra müddəti 3 aydır.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdi. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.