Riyaziyyat fənninin tədrisi keyfiyyətinin artırılması ilə bağlı layihəyə start verilib

Tarix: 20.11.2017
Paylaş:

Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant  müsabiqəsinin ümumi təhsil müəssisələri kateqoriyası üzrə qalibi olmuş Ağcabədi rayon Sarıcalı kənd tam orta məktəbinin “İbtidai siniflərdə riyaziyyatın tədrisi keyfiyyətinin artırılması” layihəsinin icrasına başlanılıb.

Layihə çərçivəsində 17-20 noyabr tarixlərində  Ağcabədi şəhər M. F. Axundov adına 3 saylı məktəb-liseydə keçirilən təlimlərdə I-IV siniflərdə riyaziyyat fənnini tədris edən 120 nəfərdən çox ibtidai sinif müəllimi iştirak edib.

Təlim zamanı müəllimlərlə ilkin qiymətləndirmə (pre-test) keçirilib, riyazi mətnlər üzərində iş aparılıb. I-IV sinif riyaziyyat fənn kurikulumu standartlarının təhlil edilməsi, aparılmış Milli qiymətləndirilmədə standartların reallaşma faizlərinin diqqətə çatdırılması maraqla qarşılanıb. Təlim iştirakçıları Hovard Qardnerin “Çoxtərəfli intellekt” nəzəriyyəsi ilə tanış olaraq müxtəlif intellekt növü dominantlıq təşkil edən şagirdlərlə hansı yanaşma ilə işləməli olduqlarını müzakirə ediblər. Hər bir şagirddə bütün intellekt növlərinin inkişaf etdirilməsinin mümkünlüyü xüsusi olaraq diqqətdə  saxlanılıb. Riyazi-məntiqi intellekti inkişaf etdirmək üçün əyani vasitələrin modelləşdirilmə üsulları müxtəlif qrup işləri ilə tədris edilib.

Təlimin gedişatında riyaziyyatın Azərbaycan dili fənni ilə inteqrativ tədrisini öyrədən fəaliyyətlər yerinə yetirilib. Şagirdlərin ən çox çətinlik çəkdiyi məqam  – məsələ həllində səhvə yol vermələrinin səbəbləri aydınlaşdırılıb. Mətn elementlərinin təhlilinin – riyazi mətnlərin oxunuşunun təşkili formaları nümayiş etdirilib.

Layihənin növbəti mərhələsində müəllimlərin təlim zamanı əldə etdikləri tərcübəni siniflərində tətbiq etmələri, həmçinin tətbiq zamanı ortaya çıxan problemlərin, yaranan çətinliklərin müzakirəsi nəzərdə tutulub.

Ağcabədi rayon Sarıcalı kənd tam orta məktəbinin ümumi təhsil müəssisələri kateqoriyası üzrə qalib olmuş layihəsinin icra müddəti 3 aydır.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.