İnteqrativ tədris üsullarından istifadə ilə bağlı layihə üzrə işlər davam edir

Tarix: 22.11.2017
Paylaş:

“Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant  müsabiqəsi”nin ümumi təhsil müəssisələri kateqoriyası üzrə qalibi olmuş Bakı şəhəri Xətai rayonunda yerləşən Humanitar fənlər təmayüllü məktəb-liseyin “İnteqrativ tədris üsullarından istifadə etməklə ümumi orta təhsil səviyyəsində şagirdlərin fənn bilikləri, riyaziyyat və oxu bacarıqlarının inkişaf etdirilməsi” layihəsi üzrə işlər davam edir.

Artıq Xəzər rayonu üzrə 26, 121, 149 və 218 saylı, Yasamal rayonu üzrə 18, 225 və 286 saylı, Xətai rayonu üzrə 257, 263 və 269 saylı, Sabunçu rayonu üzrə 112 saylı, Nərimanov rayonu üzrə 178 saylı, Suraxanı rayonu üzrə 114 saylı,  Qaradağ rayonu üzrə 106, 288 saylı, Səbail rayonu üzrə 49, 51 saylı, Binəqədi rayonu üzrə 100, 115, 244, 284 saylı və Nizami rayonu üzrə 12, 220 və 238 saylı məktəblərin 9-10-cu sinif şagirdləri məşğələlərdə iştirak edərək məzmunca müxtəlif  fənn və elm sahələrinə aid olan tam və natamam mətnlərlə işləmək bacarıqlarını təkmilləşdirmək imkanı əldə ediblər.

Məşğələlər zamanı natamam mətn tiplərinə  (sxem, cədvəl, qrafik, sxem-cədvəl, diaqram, xəritə, plan, şəkil)  aid sualları cavablandırmaq üçün mətn elementlərinin daşıdığı informasıyanın oxusuna və təhlilinə geniş yer verilir. Beləliklə, şagirdlər suallara cavab verərkən fənn bilikləri ilə yanaşı oxuyub-anlama, təhliletmə, müqayisəetmə, məlumatları birləşdirərək şərhetmə bacarıqlarından istifadə edir, yeni təcrübə əldə edirlər. Seçilmiş mətnlərin mövzuca əksər elm sahələrini əhatə etməsi tədris zamanı inteqrativ tədris metodikasını zəruri edir. Bu metodikanın tədrisi maraqlı və faydalı etməkdə böyük əhəmiyyətə malik olduğu beynəlxalq tədqiqatlarla təsdiq edilmişdir.

Layihənin icrası zamanı fənn müəllimləri də tədris prosesini müşahidə edərək həmkar təcrübəsindən yararlanırlar. Layihə icraçıları hesab edirlər ki, “İnteqrativ tədris üsullarından istifadə etməklə ümumi orta təhsil səviyyəsində şagirdlərin fənn bilikləri, riyaziyyat və oxu bacarıqlarının inkişaf etdirilməsi” layihəsinin icrası ilə  məktəblərə tədrisə yeni yanaşma gələcək.

Ümumilikdə layihəyə 3 000 şagirdin cəlb edilməsi nəzərdə tutulub.

Humanitar fənlər təmayüllü məktəb – liseyin direktoru Nəzakət Əsgərovanın rəhbərliyi ilə həyata keçirilən layihə Bakı şəhərində yerləşən təxminən 70 ümumtəhsil məktəbi əhatə edir. Layihənin icra müddəti 3 aydır.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.