23 noyabrda Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olan “Fransız dili danışıq klubu” layihəsi çərçivəsində növbəti təlim təşkil olunub.
Ümumi təhsilin yeni məzmununu ehtiva edən kurikulumlarla (təhsil proqramları) tədris prosesində müasir təlim texnologiyalarının tətbiqinə aid layihə üzrə keçirilən təlim Qazax rayonu, A. Əmilov adına Daş Salahlı kənd 1 saylı tam orta məktəbində baş tutub.
Təlimdə şagirdlər “Trouve quelqu`un qui …” oyunu əsasında fransız dilində 12 idiomatik ifadənin köməyi ilə lüğət ehtiyatını zənginləşdirmək istiqamətində dialoq qurublar. Sonda bu ifadələrdən istifadə edərək boş xanaları çevik tamamlayan şagirdlər rəğbətləndiriliblər.
Layihənin əsas məqsədi fransız dilində şifahi nitqin inkişaf etdirilməsi, şagirdlərlə fransız dil daşıyıcıları arasında virtual ünsiyyət qurmaq, şagirdlərə öz xalqının milli-mənəvi dəyərlərini, qazandığı nailiyyətləri başqalarına çatdırmaq, onlarla həmin dildə fikir və təcrübə mübadiləsi apararaq mədəniyyətlərarası dialoqun inkişafı imkanını yaratmaq, müasir standartlara əsaslanan şagirdlərin fransız dilində dinləyib-anlama, danışma, oxu və yazı bacarıqlarını inkişaf etdirmək, lüğət ehtiyatının zənginləşdirilməsi, mövzu üzərində diskussiya, debat yaratmaq və fransız dilində ünsiyyət bacarıqlarını canlandırmaqdan ibarətdir.
Qazax rayonu, A. Əmilov adına Daş Salahlı kənd 1 saylı tam orta məktəbinin direktoru Söylü Xəlilovanın rəhbərliyi ilə həyata keçirilən layihənin icra müddəti 3 aydır.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla, ümumilikdə 120 layihə qalib elan edilib.