“Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi”nin ümumi təhsil müəssisələri kateqoriyası üzrə qalibi olmuş Mingəçevir 10 nömrəli şəhər tam orta məktəbinin “İbtidai sinif şagirdlərində oxu bacarıqlarının inkişafı” layihəsi üzrə ibtidai siniflərdə Azərbaycan dili fənnini tədris edən ibtidai sinif müəllimləri üçün keçirilən təlimlər başa çatıb.
Təlimin əsas mövzu və fəaliyyətləri Azərbaycan dili fənninin oxu məzmun xətti üzrə standartların reallaşdırılması istiqamətində qurulmuşdur.
İcra edilən fəaliyyətlər təlim iştirakçılarının oxu strategiyaları (modelləri), oxunun təşkili mərhələləri, oxunun prinsipləri ilə bağlı həm nəzəri, həm də praktiki bilik və bacarıqlar əldə etməsinə yönəlik olaraq reallaşdırılıb.
Ən müxtəlif natamam mətn formalarını (sxem, cədvəl, sütunlu və dairəvi diaqram, sxem-cədvəl və s.) tam mətnə çevirməyə çalışarkən iştirakçılar hər bir informasiya üçün əlverişli mətn formasının olduğu nəticəsinə gəliblər.
Hər bir sinif üzrə (I-IV) Azərbaycan dili fənn kurikulumu standartlarının siniflər üzrə müqayisəli müzakirəsi və həmin standartların reallaşdırlmasına xidmət edən tapşırıqların icrası müəllimlərə bilik və fəaliyyətlərin inkişafını müvafiq siniflər izləməyə imkan yaradıb.
Layihənin növbəti mərhələsində iştirakçı müəllimlər təlim zamanı əldə etdikləri praktik təcrübəni siniflərində tətbiq edəcəklər. Artıq qabaqcıl müəllimlər tətbiq mərhələsinə başlayıblar. Layihə çərçivəsində müəllimlərin tətbiq imkanlarını izləmək məsədilə mentor xidməti də nzərdə tutulub.
Təlimdə Mingəçevir şəhərinin ümumi təhsil məktəblərində çalışan 300 nəfərədək ibtidai sinif müəllimi iştirak edib.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdi. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.