“Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş “Yeni fənn kurikulumları – yeni təhsil alətləri” layihəsi çərçivəsində görülən işlər davam edir.
Layihə çərçivəsində 2016-2017 və 2017-2018-ci dərs ilində İmişli rayon ümumi təhsil müəssisələrinə işə qəbul olunmuş və fənn kurikulumları üzrə təlimlərdən keçməyən riyaziyyat, Azərbaycan dili və ədəbiyyatı müəllimlərinə fənn kurikulumları üzrə ixtisasartırma təlimlərinin keçirilməsi nəzərdə tutulub. Bu məqsədlə təlimlərdə iştirak edəcək müəllimlərin statistikası müəyyən olunub və təlimlərin yüksək səviyyədə keçirilməsi və ixtisasartırma təlimlərinə cəlb olunacaq müəllimlərin müvafiq sertfikatlarla təmin olunması üçün Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu ilə müqavilə bağlanılıb.
Qeyd edək ki, layihə çərçivəsində nəzərdə tutulmuş təlimlərə artıq 22 noyabr tarixindən başlanılıb. Təlimlər İmişli şəhər 5 saylı məktəb-liseydə keçirilir. Təlimlər ümumilikdə 36 akademik saat müddətini əhatə edəcək. Təlimlərdən keçən müəllimlərin kurikulum üzrə yiyələndikləri bilik və bacarıqların qiymətləndirilməsi üçün imtahan keçirilməsi və imtahanın nəticələrinə uyğun sertfikatlar təqdim olunması nəzərdə tutulub.
Mərdan Əlizadənin rəhbərliyi ilə fərdi kateqoriya üzrə qalib olmuş layihənin icra müddəti 3 aydır.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdi. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.