IX sinif şagirdləri üçün sınaq imtahanları başa çatıb

Tarix: 26.11.2017
Paylaş:

“Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin ümumi təhsil müəssisələri kateqoriyası üzrə qalibi olmuş “Müasir qiymətləndirmə vasitələrinin təhsilə tətbiqi”  layihəsi çərçivəsində IX sınıflər üçün sınaq imtahanları başa çatıb.

26 noyabrda layihə çərçivəsində fəaliyyət planına uyğun olaraq 11 rayon (şəhər) üzrə IX siniflərin buraxılış imtahanlarının I mərhələsi üçün keçirilən sınaq imtahanları başa çatıb.

Layihənin əsas məqsədi müasir qiymətləndirmə vasitələrinin təhsilə tətbiqini müəllim və şagirdlərə aşılamaqla təhsilin keyfiyyətinin yüksəldilməsinə nail olmaqdır.

Bu məqsədlər çatmaq üçün layihə çərçivəsində 2017-2018-ci tədris ili ərzində 9-cu sinif şagirdləri üçün sınaq buraxılış imtahanlarının təşkil edilməsi, 9-cu sinif Azərbaycan dili və riyaziyyat müəllimlərinə müasir qiymətləndirmə vasitələri, yeni tip test sualları və açıq suallarla işləmək vərdişlərini aşılayacaq təlimlərin keçirilməsi və gələcəkdə lisey yaratmaq üçün baza məktəblərin müəyyənləşdirilməsi nəzərdə tutulub.

Layihə Astara, Daşkəsən, Göygöl, Hacıqabul, İmişli, Saatlı, Qazax, Xaçmaz, Tovuz, Şirvan və Gəncə şəhərini əhatə edir. 9-cu sinif şagirdləri üçün sınaq buraxılış imtahanının əsas imtahandan 6 ay tez keçirilməsi planlaşdırılıb və bunun şagirdlərdə yeni tip testlərlə işəmək vərdişi yaradacağı düşünülür. Nəticə olaraq layihənin əhatə etdiyi 11 regionun hər birindən 500 şagird olmaqla toplam 5500 nəfər 9-cu sinif şagirdi tədris ilinin sonunda verəcəkləri real buraxılış imtahanına daha hazırlıqlı olacaqlar. Bu da təbii ki öz növbəsində məktəblərin və regionun nəticələrinin yüksəlməsinə səbəb olacaq. Sınaq imtahanı şagirdləri həm nəzəri və praktik, həm də psixoloji olaraq real imtahana hazırlayacaq. Eyni zamanda bu 11 region üzrə mövcud boşluqları üzə çıxaracaq və onların vaxtında aradan qaldırılmasına səbəb olacaqdır.

Xaçmaz şəhər C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbin ümumi təhsil müəssisələri kateqoriyası üzrə qalib olmuş layihəsi 22 dekabrda başa çatacaq.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.