“Metodiki biliklərin mübadiləsi” layihəsi çərçivəsində işlər davam etdirilir

Tarix: 30.11.2017
Paylaş:

“Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş “Metodiki biliklərin mübadiləsi” layihəsi çərçivəsində işlər davam etdirilir.

Layihə çərçivəsində müəllimlərdən işlərin qəbulu yekunlaşmaq üzrədir və kitab üçün material hazırlanır. Layihə eksperti Sabit Əsədov tərəfindən göndərilən işlərin toplanması, işlərin korreksiyası, materialın nəşrə hazırlanması işləri aparılır. Materialın dekabr ayının ilk günlərində nəşriyyata təqdim edilməsi nəzərdə tutulub.

Layihənin əsas məqsədi işinə yaradıcı yanaşan, innovativ tədris metodlarından istifadı edən müəllimlərin tədris metodlarından, dərsi tədris etmə üsullarından faydalanmaq, tədris prosesində inkişafa nail olmaqdan ibarətdir. Bu məqsədlə layihə çərçivəsində maraqlı və orijinal dərs qurma istiqaməti ilə fərqlənən hazır dərs planlarını toplayaraq kitab çap etmək nəzərdə tutulub. Növbəti mərhələdə isə çap olunacaq kitabın təqdimatı və hətta mümkün olarsa, bu kitabların layihənin əhatə etdiyi bütün məktəblərə göndərilməsi də nəzərdə tutulub.

Layihə Hacıqabul və Sabirabad rayonlarının bütün məktəblərini, həmçinin Şirvan şəhər məktəblərini əhatə edir. Belə ki, bu məktəblərdə dərs deyən bütün müəllimlər heç bir mövzu məhdudiyyəti olmadan bu layihədə iştirak edə bilərlər.

Hacıqabul rayon Talış kənd tam orta məktəbin ibtidai sinif müəllimi Səbinə Habil qızı Əhmədovanın fərdi kateqoriyada qalib olmuş layihəsinin icra müddəti 3 aydır.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.