“Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş “İbtidai siniflərdə təhsil alan şagirdlərin valideynləri üçün müasir təhsil sistemi ilə bağlı seminarların təşkili” lahiyəsi çərçivəsində seminarlar davam edir.
28 noyabrda başlayan seminarın ilk günündə təhsil üzrə təlimçi-ekspert Rövşən Bağırov davam etdirərək valideynlərə müasir təhsil sistemi, onun ənənəvi təhsil sistemindən fərqli cəhətləri, ümumi orta fənn kurikulumları, məktəbdaxili qiymətləndirmə, təhsildə valideynlərin rolu, məktəb-şagird-valideyn əlaqələrinin inkişafı haqqında geniş məlumat verərək valideynlərlə fikir mübadiləsi aparıb və valideyn assosiasiyasının formalaşması üçün səsvermə keçirib.
Qeyd edək ki, seminarlar III, IV siniflər və məktəbəhazırlıq qruplarında təhsil alan şagirdlərin valideynləri üçün ümumilikdə 5 gün olmaqla dekabr ayının 1-nə qədər davam edəcək.
Layihənin məqsədi ibtidai və məktəbəqədər siniflərdə təhsil alan şagirdlərin valideynləri üçün müasir təhsil sistemi, kurikulum, təhsildə yeniliklər barədə seminarlar təşkil etmək və valideyn assosasiyasını yaratmaqdır.
Gəncə şəhəri 41 saylı tam orta məktəbin coğrafiya müəllimi Arzu Kərimovun rəhbərliyi ilə fərdi kateqoriya üzrə qalib olmuş layihənin icra müddəti 3 aydır.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.