“Şagird şəxsiyyətinin emosional inkişafına dəstək” layihəsi çərçivəsində tədbirlər davam edir

Tarix: 05.12.2017
Paylaş:

5 dekabrda “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş “Şagird şəxsiyyətinin emosional inkişafına dəstək” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.

Respublika İncəsənət Gimnaziyasında keçirilən tədbirdə gimnaziyanın bir qrup şagirdinin uğur hekayələri və Ted x tipli çıxışları təqdim olunub. Şagirdlər çıxışları zamanı uğuru əldə etməyin formulasını, öz həyat təcrübələrini yaşıdları ilə bölüşüblər.

“Şagird şəxsiyyətinin emosional inkişafına dəstək” layihəsinin əsas məqsədi şagirdlərin emosional sahələrinin inkişaf etdirilməsi yolu ilə onların öyrənmə bacarıqlarının təkmilləşdirilməsi, psixoloji cəhətdən sağlam şəxsiyyət olaraq formalaşmasına nail olmaqdan ibarətdir.

Layihə çərçivəsində sagirdlərin emosional sahələrinin inkişaf etdirilməsinə nail olmaq üçün onlarla film saatlarının, TEDx tipli çıxışların, uğur hekayələrinin danışılması, valideynlərlə birgə tədbirlərin təşkili, müəllim-şagird əməkdaşlığı çərçivəsində fərqli mövzularda araşdırma aparılması və təqdimatların təşkili nəzərdə tutulub.

Layihə Bakı şəhərində, Azərbaycan Respublikası Təhsil Nazirliyinə tabe 10 məktəbi əhatə edir.

Nigar Hüseynovanın rəhbərliyi ilə fərdi kateqoriyada qalib olmuş layihənin icra müddəti 22 dekabrda başa çatacaq.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.