“İntellektual klub” üzvlərinə növbəti təlim keçirilib.

Tarix: 08.12.2017
Paylaş:

Dekabrın 8-də “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş “İntellektual klub” layihəsi çərçivəsində növbəti təlim keçirilib.

Bakı şəhəri Nəsimi rayonu 247 nömrəli tam orta məktəbdə baş tutan təlimdə şagirdlərə Azərbaycan tarixi, mədədniyyəti və tarixi şəxsiyyətləri ilə bağlı 30-dan çox sual təqdim olunub.

Layihənin məqsədi şagirdlərin intellektual səviyyəsini və dünya görüşünü artırmaq, Azərbaycanımızın zəngin milli mədəniyyətini və tarixini təbliğ etməklə məktəblərarası əməkdaşlığı inkişaf etdirmək, intellektual yarışlara hazırlaşmaq üçün xüsusi təlimlər təşkil etməkdir.

Layihədə Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən məktəblərin 7 və 8-ci siniflərində oxuyan intellektual səviyyəsi yüksək olan şagirdləri iştirak edir. Seçim turunda şagirdlərə dünyagörüşü və digər fənlər üzrə suallar təqdim olunub və biliyi qiymətləndirilən 65 şagirddən 32 nəfər layihədə iştirak etmək hüququ qazanıb. Seçilmiş şagirdlərə həftədə iki dəfə təlimlər keçirilir. Hər təlimdə şagirdlərə paylama materialları təqdim olunur və müəyyən olunmuş mövzularda geniş müzakirələr keçirilir. Eyni zamanda layihə çərçivəsində ekskursiyalar da nəzərdə tutulub. Şagirdlər həm də yarışlarda iştirak etmək qaydaları öyrədilir.

25 dekarda layihənin bağlanış mərasiminin keçirilməsi nəzərdə tutulub.

Nəsimi rayonu 247 nömrəli tam orta məktəbin informatika müəllimi  Almaz Qurbanovanın fərdi kateqoriyada qalib olmuş layihəsinin icra müddəti 22 dekabrda başa çatacaq.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.